İyunun 26-da Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən yeniyetmə cüdoçular arasında Avropa birinciliyinə start verilib.
Olimpnews.az xəbər verir ki, 41 ölkədən 421 (217 oğlan, 204 qız) cüdoçunun mübarizə apardığı yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayırlar. Yığmamız yarışda yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə ilə Kotaro Sasaki, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov, məşqçi Əmrah Əhmədov rəhbərliyi altında
19 (10 oğlan, 9 qız) cüdoçu ilə təmsil olunur.
Birinciliyin ilk yarış günün komandamız üçün uğurlu olub. Belə ki, mübarizəyə başlayan 9 cüdoçumuzdan 6-sı çıxışını medalla tamamlayıb. Cüdoçularımızdan Anar Quliyev (-50 kq), Rəsul Əlizadə (-55 kq) və Zeyd Ələsgərov (-60 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüblər. Cüdoçularımızın şərəfinə Skopyedə Azərbaycan himni səsləndirilib. Yalnız finalda məğlub olan Nərmin Ağamirzəzadə (-48 kq) isə gümüş medala sahib çıxıb. Gülşən Hüseynova (-44 kq) və Leyla Ələkbərova (-48 kq) isə qitə birinciliyinin bürünc medallarına layiq görülüb. Beləliklə, ilk yarış günündə 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan Azərbaycan komandası ümumi medal sıralamasında liderliyə yüksəlib.
Qeyd edək ki, yeniyetmə cüdoçuların fərdi yarışlarına iyunun 28-də yekun vurulacaq. Növbəti gün isə cüdoçular qarışıq komanda yarışlarında güclərini sınayacaqlar.
Yeniyetmə cüdoçularımızdan uğurlu başlanğıc - FOTO




