“Judo Club 2012”nin yetirməsi Zeyd Ələsgərov Avropa çempionu oldu

“Judo Club 2012”nin yetirməsi Zeyd Ələsgərov Avropa çempionu oldu

“Judo Club 2012” klubunun perspektivli cüdoçusu Zeyd Ələsgərov növbəti böyük uğuruna imza atıb. Klubdan verilən məlumata görə o, Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında -60 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Mübarizəyə 1/8 final mərhələsindən başlayan Zeyd ilk görüşdə Böyük Britaniya təmsilçisini, ardınca isə Macarıstan cüdoçusunu məğlub edib. Yarımfinalda daha bir macar idmançını üstələyən cüdoçumuz finalda Gürcüstan təmsilçisinə də şans verməyərək Avropa çempionu tituluna layiq görülüb.

Mövsüm ərzində həm yerli, həm də beynəlxalq yarışlarda uğurla çıxış edən yeniyetmə cüdoçumuz bu qələbə ilə daha bir əlamətdar nailiyyət əldə edib.

Bu möhtəşəm nəticə “Judo Club 2012”nin idmançı hazırlığına verdiyi önəmin və sistemli məşq prosesinin parlaq göstəricisidir. Zeyid Ələsgərovun şəxsi məşqçisi, klubun baş məşqçisi, dəfələrlə dünya və Avropa çempionatlarının mükafatçısı olmuş İlqar Müşkiyevin uzunmüddətli zəhməti yeniyetmə idmançımızın uğurunda əsas rol oynayıb. İlqar Müşkiyevin həm idmançı, həm də məşqçi kimi zəngin təcrübəsi bu gün klubun uğurlarının təməlində dayanır. Onun rəhbərliyi altında məşqlərinə davam edən istedadlı cüdoçular beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edir və cüdo idman növünün inkişafına mühüm töhfələr verirlər.

Qeyd edək ki, çempionatın ilk günündə Azərbaycan millisinin digər üzvləri də yüksək nəticələr göstəriblər. Anar Quliyev (-50 kq) və Rəsul Əlizadə (-55 kq) qızıl, Nərmin Ağamirzəzadə (-48 kq) gümüş, Gülşən Hüseynova (-44 kq) və Leyla Ələkbərova (-48 kq) isə bürünc medal qazanıblar. Bu nəticələr sayəsində Azərbaycan komandası ümumi medal sıralamasında liderliyə yüksəlib.

Xatırladaq ki, iyunun 29-dək davam edəcək Avropa çempionatında 41 ölkədən 421 cüdoçu (217 oğlan, 204 qız) iştirak edir. Yarışda Azərbaycan milli komandası 19 (10 oğlan, 9 qız) idmançı ilə təmsil olunur.

“Judo Club 2012”nin yetirməsi Zeyd Ələsgərov Avropa çempionu oldu