Futbolun dünyasının məşhur simalarından olan Luka Modriç və Lukas Vaskes "Real Madrid” forması ilə son dəfə meydana çıxıb.
Olimpnews.az xəbər verir ki, uzun illər azarkeşlərin sevinci, rəqiblərin qorxusu olan bu iki ulduz futbolçu ABŞ-da keçirilən klublararası dünya çempionatının yarımfinal oyunundan sonra azarkeşlərlə vidalaşıb. Luka Modriç matçın 64-cü dəqiqəsində Cud Bellingemin, Lukas Vaskes isə 83-cü dəqiqədə Arda Gülərin əvəzinə meydana daxil olub. Lakin Nyu-Cersidəki “Metlayf” stadionunda keçirilən finala vəsiqə uğrunda qarşılaşma Modriç və Vaskes üçün uğurlu olmayıb. Fransanın PSJ klubu ilə qarşılaşmada 4:0 hesabı ilə rəqibinə məğlub olan madridlilər turnirdə mübarizəni dayandırıblar.
Qeyd edək ki, 39 yaşlı Luka Modriçin İtaliya A Seriyasının nəhəng klublarından olan “Milan”a keçəcəyi gözlənilir. Adı bir müddət “Fənərbağça” ilə çəkilən 34 yaşlı Lukas Vaskesin isə hələ ki, hansı kluba keçəcəyi dəqiqləşməyib.
Luka Modriç və Lukas Vaskes “Real”ı məğlubiyyətlə tərk etdilər
