“Əminəm ki, nailiyyətlərimiz bu il daha çox olacaq”

“Əminəm ki, nailiyyətlərimiz bu il daha çox olacaq”

Respublikamızda fəaliyyət göstərən idman klubları, cəmiyyətləri uşaq və gənclərin fiizki sağıalmlığının təminatçısıdır. Belə idman ocaqları idmanın kütləviliyində xüsusi rol oynayırlar. "Təhsil” Respublika İdman Mərkəzinin ("Təhsil” RİM) Sumqayıt filialı da "Gənclik şəhəri”nin gənclərinin fiziki sağlamlığına öz töhfələrini verən nüfuzlu idman ocaqlarından biridir.
Sumqayıt filialına 2010-cu ildən Bilal Məmmədov rəhbərlik edir. O, bu məktəbdə idmanın inkişafı, kütləviliyin əldə olunması üçün öz bacarığını əsirgəmir. Məktəbin direktoru 2013-cü ili yeniyetmələri üçin uğurlu illərdən biri hesab edir. "Ötən il məktəbimizin idmançıları bir sıra yarışlarda mübarizə apardılar. İstər ölkədaxili, istərsə də beynəlxalq turnirlər təmsilçilərimiz üçün uğurlu nəticələrlə yadda qaldı. Təsadüfi deyil ki, yetirmələrimiz ötən il çıxış etdikləri ayrı-ayrı yarışlarda ümimilikdə 590 medal qazanıblar. Əldə olunan medallardan 205-i qızıl, 142-si gümüş, 243-ü isə bürüncdür. Bu nəticə onu göstərir ki, məktəbimiz idmanın inkişafına öz tohfələrini verməkdədir. 2014-cü ildə yetirmələrimizi bir sıra yarışlar gözləyir. Əminəm ki, nailiyyətlərimiz bu il daha çox olacaq”, - deyə Bilal Məmmədov bildirdi.
Filialda 13 idman bölməsi fəaliyyət göstərir. Burada olan 194 idman qrupunda 2292 nəfər (104 qız) müxtəlif növlərin sirlərinə yiyələnir. Məşqlər Sumqayıtın 20-ə yaxın idman zalında keçirilir. Bu siyahıya "Həmid” İdman Kompleksi, "TERM” İdman Kompleksi, "Alüminumçu” İdman zalı, "Rüstəm” idman bazası, 1 və 2 saylı UGİM-lər, həmçinin bir sıra orta məktəblərin idman zalları daxildir. Onu da deyək ki, qeyd olunan bu qurğularda məşqlərin yüksək səviyyədə keçirilməsi üçün normal şərait mövcuddur.
Filialın 99 nəfər məşqçi-müəllimi var. Onlardan 4 nəfəri qadındır. Məşqçi-müəllimlərdən 9-u Əməkdar məçqçi, 1 nəfəri ali dərəcəli , 13 nəfəri I dərəcəli, 1-i isə II dərəcəlidir. Buranın idmançıları 2013-cü ildə 150-yə yaxın müxtəlif səviyyəli yarışlarda iştirak ediblər.




Cüdo bölməsi
Ötən ilin fevral ayında 1999-2000-ci illər təvəllüdlü oğlan və qızlar arasında Azərbaycan birinciliyi keçirilib. Bu yarışda filialın 6 idmançısı III yeri tutub. Mart ayında gənclər (oğlanlar və qızlar) arasında təşkil olunan ölkə birinciliyində filialın təmsilçiləri 1 qızıl, bir bürünc medal qazanıblar. İyun ayında Bakıda keçirilən Azərbaycan birinciliyində (23 yaşına qədər oğlanlar və qızlar arasında) filialın cüdoçusu Gülşən Nəzərova I yerə layiq görülüb. Noyabr ayında təşkil olunan ölkə çempionatında isə Vüqar Şirinli fəxri kürsünün I pilləsində yer alıb. Onun komanda yoldaşı Gülşən Nəzərova 2-ci olub. Ötən ilin dekabr ayında 1997-1999-cu illər təvəlüddlü yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi keçirilib. Bu yarışlarda filialın cüdoçuları bir gümüş, 3 bürünc medala layiq görülüblər. Filialın çüdoçuları ötən il beynəlxalq yarışlarda da mübarizə aparıblar. Fevral ayında Bakıda Həzi Aslanovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Nurlan Fərzəliyev qızıl medal qazanıb. Sabutay Şamiyev və Rüfət Tağızadə isə bürünc medal əldə ediblər. Mart ayında Bakıda Xocalı soyqırımına həsr edilmiş ənənəvi beynəlxalq turnirdə filialın 3 yeniyetmə cüdoçusu bürünc medal əldə edib. Ötən il aprel ayında İran İslam Respublikasının Ərdəbil şəhərində yeniyetmələrin iştirakı ilə keçirilən beynəlxalq turnirdə filialın yetirməsi Kənan Bağırov qızıl medal qazanıb. Rəvan Kamilli və Əvəz Hüseynov bürünc medal əldə ediblər. Sentyabr ayında Anapa (Rusiya) şəhərində keçirilən 21-ci ənənəvi beynəlxalq turnirdə 2 bürünc medal filialın cüdoçularının payına düşüb.
"Təhsil” RİM-in Sumayıt filialının cüdoçuları Avropa, dünya çempionatları, birincilikləri və kubok yarışlarında da uğurla mübarizə aparıblar. Ötən ilin mart ayında Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmələrin Avropa kubokunda filialın yetirməsi Rüfət Tağızadə qızıl medala layiq görülüb. Aprel ayında Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən yeniyetmələrin Avropa kubokunda isə o, bürünc medal qazanıb. Filialın təmsilçisi Mehman Sadıqov Yunanıstaının Saloniki şəhərində təşkil olunan gənclərin Avropa kubokunda I yerə layiq görülüb. Bu idmançı Kiyev şəhərində gənclər arasında keçirilən (18-19 may) analoji yarışda isə 3-cü yeri tutub. İyun ayında Estoniyanın paytaxtı Tallin şəhərində yeniyetmələrin Avropa kubokunda Rüfət Tağızadə bürünc medala sahib çıxıb. Filialın cüdoçuları respublika turnirlərində də yüksək nəticələrə nail olublar. Respublikamızın müxtəlif bölgələrində təşkil olunan turnirlərdə filialın 17 cüdoçusu mübarizə aparıb. Onlar ümumilikdə 27 qızıl, 12 gümüş, 25 bürünc medal qazanıblar (cəmi 64 medal). "Təhsil” RİM-in təşkilatçılığı ilə keçirilən çempionat və birinciliklərdə isə filialın cüdoçuları 2 dəfə birinci pillədə, 5 dəfə II pillədə, 1 dəfə isə III pillədə yer alıblar. Sumqayıt şəhəri üzrə keçirilən çempionatlarda və birinciliklərdə fəal olan filial idmançıları medal kolleksiyalarını xeyli artırıblar. Qeyd olunan yarışlarda "Təhsil” RİM Sumqayıt filialının 85 cüdoçusu (oğlanlar və qızlar) iştirak edib. Onlar 28 qızıl, 25 gümüş, 32 bürünc medal qazanıblar.



Boks bölməsi
Filialın boksçuları da 2013-cü ildə yüksək səviyyədə çıxış ediblər. Azərbaycan çempionatında (5-10 fevral) bu idman ocağının yeniyetmə boksçuları 1 qızıl, 1 gümüş, 5 bürünc medala sahib çıxıbılar. Ölkə birinciliyində isə (24-28 iyun) onlar 2 bürünc medal qazanıblar. Mart ayında Biləsuvar rayonunda idman məktəblərinin VI Respublika Oyunlarının zona yarışları keçirilib. Bu yarışda filialın 2 yetirməsi fəxri kürsünün I pilləsində yer alıb. 3 boksçu isə üçüncü olub. VI Respublika Oyunlarının final mərhələsində "Təhsil” RİM Sumqayıt filialının boksçularından ikisi fərqlənib (1 gümüş, 1 bürünc medal). Filialın dəri əlcək ustaları "Təhsil” RİM-in daxili çempionat və birinciliklərində də nailiyyətlər qazanıblar. Qeyd olunan yarışlarda filialın boksçularının payına 22 medal düşüb (6 qızıl, 6 gümüş, 10 bürünc). Boks üzrə Sumqayıt şəhər çempionat və birinciliklərində filialın yetirmələri daha yaxşı yarışıblar. Nəticədə, onlar 9 dəfə fəxri kürsünün I pilləsində yer alıblar. 8 nəfər ikinci, 13 nəfər isə üçüncü olub.
Ağırlıqqaldırma bölməsi
Filialın ağırlıqqaldırma bölməsinin üzvləri 2013-cü ili uğurlu nəticələrlə yola salıblar.Ötən il 30 yanvar-2 fevral tarixlərində Bakıda keçirilən yeniyetmələrin respublika birinciliyində filialın ağırlıqqaldıranları 2 medal əldə ediblər. Sumqayıtda təşkil olunan Azərbaycan birinciliyində isə 3 medal qazanılıb. İsmayıllı rayonunda keçirilən idman məktəblərinin VI Respublika Oyunlarında idman ocağının yetirmələri bir gümüş medala sahib çıxıblar. Eyni nəticə Samux rayonunda təşkil edilən analoji yarışda da təkrarlanıb. Qeyd edək ki, filialın ağırlıqqaldıranları ötən il çıxış etdikləri müxtəlif yarışlarda ümumilikdə 36 qızıl, 22 gümüş, 31 bürünc medal qazanıblar.

Sərbəst güləş bölməsi
"Təhsil” RİM-in Sumqayıt filialında sərbəst güləş növünün inkişafına da diqqət yetirlir. Təcrübəli məşqçilərdən dərs alan sərbəst güləşçilər ötən il müxtəlif yarışlarda uğurla çıxış ediblər. Onlar respublika turnirlərində, o cümlədən idman məktəblərinin IV Respublika Oyunlarında 2 qızıl, 2 gümüş, 2 bürünc medala sahib çıxıblar. "Təhsil” RİM-in çempionat və birinciliklərində, Sumqayıt şəhər yarışlarında isə ümumilikdə 57 medal (24 qızıl, 11 gümüş, 2 bürünc) qazanılıb.

Yunan-Roma güləşi bölməsi
İdman ocağının yunan-Roma güləşçiləri 2013-cü ildə bir sıra yarışlara qatılıblar. Onlar mart və may aylarında keçirilən Azərbaycan birinciliklərində bürünc medal qazanıblar. Respublika turnirləri yunan-Roma güləşçiləri üçün daha uğurlu olub. Belə ki, fevral ayında Göyçay rayonunda təşkil edilən respublika turnirində filialın gənc pəhləvanları 6 qızıl, 2 bürünc medala sahib çıxıblar. Paytaxtda və Mingəçevir şəhərində təşkil olunan respublika turnirlərində isə 4 bürünc medal əldə edilib. May ayında Gəncə şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş respublika turnirində filialın yunan-Roma güləşçiləri 2 medal qazanıblar.

Basketbol bölməsi
Filialın idmançıları komanda növlərində də qənaətbəxş çıxış ediblər. İdman ocağının basketbolçuları ötən il Gəncədə keçirilən respublika turnirində (oğlanlar) 3-cü olublar. İdman məktəblərinin VI Respublika Oyunları (16-21 may, Cəlilabad) filialın basketbolçuları üçün bürünc medalla yadda qalıb.




Voleybol bölməsi
İdman ocağının voleybolçu qızları ötən ilin aprel ayında Kürdəmir rayonunda keçirilən idman məktəblərinin VI Respublika Oyunlarının zona yarışlarında 2-ci yerə layiq görülüblər. Bu turnirin final mərhələsində isə bu komanda yalnız həlledici oyunda uduzaraq ikinci olub. Filialın voleybolçu qızları Sumqayıt şəhər birinciliyində bütün rəqiblərini üstələyiblər.

Stolüstü tennis bölməsi
Filialın stolüstü tennisçiləri İran İslam Respublikasının paytaxtı Tehran şəhərində təşkil olunan beynəlxalq turnirdə mübarizə aparıblar. İdman ocağının təmsilçiləri Məryəm İmanova və Dinarə Məmmədova turnirdə bürünc medal əldə ediblər. Stolüstü tennisçilər Azərbaycan çempionatı, ölkə kuboku və birinciliklərində, respublika turnirlərində də uğurla yarışıblar.

Futbol bölməsi
"Təhsil” RİM-in Sumqayıt filialında futbolun inkişafına da diqqət göstərilir. Təcrübəli məşqçilərin rəhbərlik etdiyi komandalar bir sıra yarışlarda fəxri yerlərdə qərarlaşıblar. Belə ki, ötən il AFFA-nın keçirdiyi Azərbaycan birinciliyinin (11 yaşlılar) zona yarışlarında filialın komandası III olub. Buranın 13 və 14 yaşlı futbolçulardan ibarət komandaları isə analoji yarışda ikinci yerə layiq görülüblər.

Taekvondo bölməsi
Mart ayında Bakıda keçirilən Azərbaycan çempionatında filialın taekvondoçuları 3 qızıl, 4 gümüş, 1 bürünc medala layiq görülüblər. Buranın taekvondoçuları avqustun 22-də Rumıniyanın Buxarest şəhərində keçirilən Avropa birinciliyində mübarizəyə qoşulublar. Filialın yetirməsi Nərgiz Mirzəyeva bu yarışda üçüncü olub. Portuqaliyanın Portu şəhərində gənclər arasında təşkil olunan Avropa birinciliyində isə filialın təmsilçisi Yusif Hüseynli bürünc medal qazanıb. Ölkəmizdə keçirilən müxtəlif səviyyəli yarışlarda da sumqayıtlı taekvondoçular yüksək yerlərə sahib çıxıblar.
Əldə olunan nəticələr göstərir ki, "Təhsil” RİM-in Sumqayıt filialında idmanın inkişafına, uşaq, yeniyetmə və gənclərin kütləvi şəkildə bu sahəyə cəlb olunmasına xüsusi diqqət göstərilir.


Hürrü Abdullayev