“İgid”lərin güləş klubu

“İgid”lərin güləş klubu

Güləş həm qədim, həm də ölkəmizdə gənclərin ən çox müraciət etdikləri idman növüdür. Danılmaz həqiqətdir ki, ölkəmizi müxtəlif mötəbər yarışlarda təmsil edən güləşçilərimiz çox sayda medallar qazanır, Azərbaycanın beynəlxalq nüfuzunu artırırlar. Təkcə bir faktı qeyd edək ki, 2012-ci ildə Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında ölkə idmançılarımızın əldə etdikləri 10 medaldan 7-si güləşçilərimizin payına düşüb.
Güləşin inkişafı, kütləviliyi idman klubları, müxtəlif idman cəmiyyətləri tərəfindən təmin olunur. Bu növün uşaqlar arasında geniş yayılmasına öz töhfəsini verən idman klublarından biri də "İgid” güləş klubudur.

Xüsusi səliqə-sahmana, nizam - intizama malik olan klubda onlarla uşaq və yeniyetmə güləşin sirlərinə yiyələnirlər. Burada idmançıların intellektual səviyyəsini artırmaq, onların vətənpərvər ruhda böyümələrini təmin etmək üçün əlavə dərslər keçirilir. Klubun zalında asılan şüarlar , fotoşəkillər burada güləşin sirlərinə yiyələnən gənc pəhləvanların vətənə sədaqət ruhunda tərbiyə olunmasının bariz nümunəsidir. Yaradılan şərait güləşçilərin burada özlərini olduqca rahat və sərbəst hiss etməsinə imkan verir. Onlar idman ocağında həm yaxşı pəhləvan olmağın sirlərini, həm də əsl vətəndaş kimi yetişməyin qaydalarını öyrənirlər.

Bu günlərdə redaksiyamızın qonağı olan "İgid " güləş klubunun rəhbəri Kazım Əliyevlə söhbət etdik. Qeyd edək ki, Kazım müəllim 10 yaşından güləşlə məşğul olub. O, hazırda bu növün sirlərini ölkəmizin balaca pəhləvanlarına öyrədir. Kazım Əliyev həm də torpağa bağlı bir insandır. O düşünür ki, torpağa bağlı insanlar onun qiymətini daha yaxşı bilir. Bu isə vətənpərvərlik, millət sevgisi ilə vəhdət təşkil edir. "Torpağı nə qədər sevsək, ona nə qədər əyilsək, o, bizi ucaldar. İdman da belədir. Zəhmət çəksən, əziyyətlərə qatlaşsan zirvələrə ucalarsan. Klubumuzda məşq edən uşaq və yeniyetmələrə məhz bu fikirləri təlqin etməyə çalışırıq. Əgər idmançının qəlbində torpaq, vətən sevgisi varsa, o, doğma yurdunu ləyaqətlə təmsil etməyi özünün ən müqəddəs vəzifəsi sayacaq. Dediklərimə nail olmaq üçün gənc və yeniyetmə idmançılar arasında söhbətlər aparılmalıdır. "İgid” idman klubunda belə məqamlara üstünlük verilir”, - deyə Kazım müəllim bildirdi.
Qeyd edək ki, Qarabağ savaşında şəhidlik zirvəsinə ucalanlardan bir neçəsi "İgid” idman klubunun yetirməsidir. Bu, idman ocağında vətənpərvərlik ruhunda təbliğatın aparıldığına sübutdur. Kazım müəllim hesab edir ki, yaxşı idmançı həm də vətənpərvər insandır. "Yarışlarda qalib gələn idmançılar mənəvi cəhətdən güclü insanlardır. İdman insanların fiziki və mənəvi cəhətdən inkişafına xidmət göstərir. Bu isə sağlam gəncliyin formalaşmasına gətirib çıxarır. Rəhbərlik etdiyim "İgid” güləş klubunun üzvləri vətənpərvər gənclərdirlər. Mən məşq prosesindən əvvəl idmançılara himnimizi oxudur, vətənpərvərliklə bağlı aforizmlər, şeirlər öyrədirəm. Bütün bunlar onların psixologiyasına müsbət təsir göstərir. İstəyirəm ki, klubumuzun üzvləri intellektual səviyyəyə malik olsunlar. Bəzən idmançılar bütün vaxtlarını bu sahəyə sərf edirlər və bilik əldə etməyə vaxtları qalmır. Lakin bu, belə olmamalıdır. Təkcə mən yox, bütün klub rəhbərləri, məşqçilər idmançıların hərtərəfli inkişaf etməsinə çalışmalıdırlar. Məşqçilər idmana yeni başlayan yeniyetmələrlə xoş rəftar etməli, onları ruhdan salmamalı, yetirmələrini həvəsləndirməlidirlər. Ümumiyyətlə, insan istənilən işi həvəslə etdikdə, bu, onun üçün əziyyətə yox, zövqə çevrilir. Mən zala girəndə özümü çox xoşbəxt hiss edirəm. Klubun üzvlərini öz övladım kimi çox istəyirəm. Məncə, bütün məşqçilər tələbələri ilə həm də yaxın dost olmağı bacarmalıdırlar. Lakin məşq zamanı ciddi rejimə riayət etmək lazımdır. Əgər belə olmasa nailiyyətlər qazanmaq da mümkün deyil”, - deyə klub rəhbəri əlavə etdi.
Məlumat üçün bildirək ki, Kazım Əliyev idmançılar və məşqçilər üçün nəzərdə tutulan "İdmançının qələbə psixologiyası” kitabının müəllifidir. Bu kitabda idmançılarla davranış qaydaları, psixoloji məqamlar və məşqçilər üçün müəyyən tövsiyələr yer alıb.
Jalə Rzabəyli