Skopye-2025: Atletlərimiz ilk yarış gününü başa vurdular

Skopye-2025: Atletlərimiz ilk yarış gününü başa vurdular

XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində keçirilən atletika yarışları davam edir. 
Olimpnews.az xəbər verir ki, bu gün axşam sessiyasında daha dörd idmançımız mübarizəyə başlayıb. Skopyedəki Todor Proeski milli stadionunda keçirilən yarışda təmsilçilərimizdən Əmir İsmayılov I mərhələnin II təsnifat yarışında 110 m sədlərlə qaçışda 14.44 nəticə göstərib. Bu, idmançımızın növbəti mərhələyə yüksəlməsi üçün kifayət etməyib. 
Digər idmançımız Mədinə Hüseynzadə isə 400 m məsafəyə qaçış yarışında mübarizə aparıb. Təmsilçimiz I mərhələnin III təsnifat yarışında 1:02.23 nəticə göstərib. Bununla da idmançımız növbəti mərhələ şanslarını itirib. 
Nihat Tağıyev isə I mərhələnin II təsnifat yarışında 400 m məsafəyə qaçışda 51.11 saniyə nəticə göstərərək növbəti mərhələyə yüksələ bilməyib. 
Komandamızın sonuncu iştirakçısı Fərhad Quliyev isə nüvəitələmə yarışında mübarizə aparıb. O, 14.76 m nəticə ilə bu kateqoriyada mübarizəni dayandırıb.