Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib. Sayca 42-ci dəfə keçirilən turnirdə böyüklərdən ibarət sərbəst güləş üzrə yığma komandamızın üzvləri 1 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olublar.
Bu nəticə ilə yığmamız komanda hesabında üçüncü olub. Türkiyə komandası birinci, ABŞ komandası ikinci sırada qərarlaşıb. Keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran Olimpiya mükafatçımız Xetaq Qazyumov (97 kq) turnirin qalibi olub. O, Türkiyə yığmasının 5 güləşçisini ardıcıl mübarizədən kənarlaşdırıb.
65 kq çəkidə mübarizə aparan Məhəmməd Müslümov da rəqiblərindən üstün olub və finala yüksəlib. Finalda İtaliya güləşçisi ilə görüşdə uduzan təmsilçimiz gümüş medalla kifayətlənib.
Finala qədər maneəsiz irəliləyən digər bir güləşçimiz turnirin ikinci günündə mübarizəyə qoşulan Emin Əzizov (70 kq) olub. Ardıcıl Makedoniya, Türkiyə və Tacikistan güləşçilərini üstələyən Emin finalda digər Türkiyə təmsilçisinə uduzaraq gümüş medal qazanıb.
61 kq-da mübarizə aparan Əhmədnəbi Qvarzatilov finalın bir addımlığında məğlub olub. Yaponiya və Türkiyə güləşçilərini üstələyən Əhmədnəbi yarımfinalda monqolustanlı idmançıya uduzub. Ancaq medal yolunda həlledici görüşdə Türkmənistan pəhləvanından üstün olan təmsilçimiz bürünc medala sahib olub.
97 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Roman Bəkirov da bürünc medal əldə edib.
65 kq çəkidə yarışan Ağahüseyn Mustafayev ardıcıl iki türkiyəli rəqibini üstələsə də, yarımfinalda İtaliya güləşçisinə uduzub. Bürünc medal uğrunda həlledici görüşü də məğlub başa vuran Ağahüseyn turniri 5-ci sırada yekunlaşdırıb.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vüqar Şükürov ölkəmizi təmsil edib. Olimpiya dərəcəli hakimimiz Hicran Şərifov isə Yaşar Doğunun xatirəsinə həsr olunmuş 42-ci beynəlxalq turnirin FİLA tərəfindən nümayəndəsi olub.