Komandamız yarımfinalda

Komandamız yarımfinalda


Qadın voleybolçular arasında CEV kubokunun "Çelenc raund”unda cavab görüşləri başlayıb. Birinci oyun günündə "Azəryol” klubu ilə Polşanın "Bank Fakro” komandası qarşılaşıb. Birinci matçda 3:2 hesabı ilə məğlub olan Ancelo Vercesinin yetirmələri doğma meydanda onlara bəslənilən ümidləri doğrulda biliblər. Belə ki, qonaqlar yalnız ilk setin ikinci texniki fasiləsinə kimi müqavimət göstərə biliblər - 16:15. Lakin bundan sonra çətin vəziyyətə düşən "Bank Fakro” görüşün sonuna qədər öz oyununu tapa bilməyib. Birinci hissəni 4 top irəlidə bitirən "Azəryol” ikinci setdə daha inamlı təsir bağışlayıb. Bunun nəticəsi olaraq 25:10 hesabı ilə qalib gələn Bakı təmsilçisi üçüncü hissəni də öz xeyrinə başa vurub. Onlar məğlubiyyətlə barışmaq istəməyən və heç olmasa oyunu "qızıl set”ə daşımaq istəyən rəqibin arzusunu puç ediblər - 25:20.
Beləliklə, "Bank Fakro”nu 3:0 hesabı ilə məğlub edən komandamız 1/2 finala yüksəlib. Qarşılaşmadan sonra oyunda fərqlənən voleybolçuların adları məlum olub. Təmsilçimizin qalib gəldiyi görüşdə Cessika Consla Marqareta Kozux bütün rəqiblərini qabaqlayıblar. Belə ki, onlar hərəyə 15 dəfə xal qazanıblar. Vercesinin digər yetirmələrinə gəlincə, Odina Əliyeva 12, Anneris Varqas 8, Oksana Parxomenko ilə Çyara di Yulio hərəyə 5 və Polina Rəhimova 4 xal yığıb. "Bank Fakro”nun heyətində isə İvana Plçotova fərqlənib. O, komandasının aktivinə 9 xal əlavə edib.
CEV kuboku
Çelenc raund, cavab oyunu

"Azəryol” (Azərbaycan) - "Bank Fakro” (Polşa) - 3:0 (25:21; 25:10, 25:19)
Hakimlər: Sergey Qulka (Ukrayna), Aleksandr Tubilov (Rusiya)
Bakı, Voleybol Mərkəzi
İlk oyun: "Bank Fakro” (Polşa) - "Azəryol” (Azərbaycan) - 3:2 (25:20, 22:25, 22:25, 28:26, 15:13)