İyulun 23-də Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edən idmançıların qaldığı hoteldə günün yekunlarına həsr olunmuş görüş keçirilib.
Görüşdə Azərbaycan komandasının nümayəndə heyətinin rəhbəri Vaqif Əliyev çıxış edərək festival çərçivəsində medal qazanan idmançılarımızı təbrik edib. O, yarışlarda iştirak edən bütün idmançıların problemləri və gündəlik qayğıları ilə yaxından maraqlanıb.
Vaqif Əliyev çıxışında vurğulayıb ki, Azərbaycan gəncləri bu mühüm idman tədbirində uğurlu çıxışları ilə seçilir və növbəti yarış günlərində də eyni əzmkarlıqla mübarizə aparacaqlar. Missiya rəhbəri idmançılara tövsiyələrini verərək, onlara inandığını və hər bir idmançının ölkəmizi layiqincə təmsil edəcəyinə əminliyini ifadə edib.
Tədbir çərçivəsində bu günə qədər festivalda medal qazanan 6 Azərbaycan idmançısı Milli Olimpiya Komitəsi tərəfindən pul mükafatları ilə təltif olunub.
Qeyd edək ki, hazırda Azərbaycan komandasının aktivində 3 qızıl, 2 gümüş və 1 bürünc medal var. Təmsilçilərimizdən Gülşən Hüseynova (-44 kq), Rza Xəlilli (-50 kq) və Rəsul Əlizadə (-55 kq) qızıl medal qazanıb. Nuranə Hacızadə (-48 kq) və Zeyd Ələsgərov (-60 kq) gümüş, Aysun Məmmədova (-52 kq) isə bürünc medala medala sahib çıxıb.
Skopyedə Azərbaycan idmançıları ilə görüş keçirilib




