Azərbaycan cüdoçusu EYOF-2025-də bürünc medal qazandı

Azərbaycan cüdoçusu EYOF-2025-də bürünc medal qazandı

Azərbaycan komandası XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında növbəti medalını qazanıb.

Olimpnews.az xəbər verir verir ki, cüdo yarışlarının üçüncü günündə tatami üzərinə çıxan Məhəmməd Ağakişiyev (-73 kq) bürünc medala layiq görülüb.

Mübarizəyə 1/8 finaldan başlayan cüdoçumuz ilk mərhələdə erməni idmançısı Tiqran Saruxanyanı ipponla məğlub edib. Növbəti görüşdə israilli Şahaf Levini də üstələyən idmançımız yarımfinalda gürcüstanlı Valisi Qamezardaşviliyə məğlub olub.

Mübarizəni bürünc medal uğrunda görüşdə davam etdirən Məhəmməd Ağakişiyev həlledici görüşdə Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında çıxış edən Aleksandr Aleinikova qalib gələrək üçüncü yerə sahib çıxıb.

Bununla da Azərbaycan komandasının Skopye-2025-də qazandığı medalların sayı 7-yə (3 qızıl, 2 gümüş, 2 bürünc) çatıb.

Qeyd edək ki, bu gün mübarizə aparan digər cüdoçularımız - Amin Mehdiyev (-81 kq), Səmayə Yusifli (-57 kq) və Ayan Əliyeva (-63 kq) erkən mərhələlərdə məğlub olaraq mübarizəni dayandırıblar.