“Cəsurlar” hərbi-idman və turizm oyunu

“Cəsurlar” hərbi-idman və turizm oyunu


Astara rayonunun ümumtəhsil məktəblərində "Cəsurlar” hərbi-idman və turizm oyunu üzrə rayon birinciliyinin zona yarışları keçirilib.
Yarışlar rayon icra hakimiyyəti, gənclər və idman idarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon, eləcə də təhsil, habelə mədəniyyət və turizm şöbələrinin birgə təşkilatçılığı ilə keçirilib. Üç gün davam edən birincilikdə rayonun ümumtəhsil məktəblərinin komandaları mübarizə aparıblar.

Pensər kənd 2 saylı tam orta məktəbində keçirilən birinci zona yarışında 12 komanda yarışıb. Kakalos kənd 1 və 2 saylı tam orta məktəblərinin komandaları yarışların final mərhələsində iştirak etmək hüququ qazanıblar.
Kijəbə qəsəbə tam orta məktəbində keçirilən ikinci zona yarışlarında on bir komanda iştirak edib. Komandalar arasından Kijəbə və Ərçivan qəsəbə 1 saylı tam orta məktəblərinin təmsilçiləri zona yarışlarının qalibi olublar.
Astara şəhər 3 saylı tam orta məktəbində keçirilən üçüncü zona yarışlarında isə on bir komanda arasında Astara şəhər 1 və 3 saylı tam orta məktəblərinin şagirdləri final mərhələsinə vəsiqə qazanıblar.
"Cəsurlar” hərbi-idman və turizm oyunları üzrə rayon birinciliyinin final oyunları fevralın 17-də Astara şəhər 4 saylı tam orta məktəbində keçiriləcəkdir.

* * *

Balakən rayonunun Sarıbulaq kənd tam orta məktəbin idman meydançasında "Cəsurlar” hərbi-idman və turizm oyununun rayon turu keçirilib. Gənclər və idman, təhsil, müdafiə nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən bu yarışlar yeniyetmə və gənclərin hərbi vətənpərvərlik işini daha da gücləndirmək, məktəb şagirdlərini ordu sıralarına hərbi xidmətə hazırlamaq məqsədi daşıyır. Yarışların ilkin mərhələsində rayonun bütün ümumtəhsil məktəblərinin komandaları iştirak ediblər. İlkin mərhələdə fərqlənən ən yaxşı 8 komanda rayon turunun final mərhələsində yarışıb. 7-8-ci sinif şagirdlərindən təşkil olunan komandalar sıra hazırlığı, maneələri dəfetmə, hədəfə qumbara atma, yaralının "döyüş meydanı”ndan çıxarılması, turist çadırının qurulması və digər yarışlarda qüvvələrini sınayıblar. Rayon birinciliyinin qalibi olmuş Poşbinə kənd məktəbinin komandası martın əvvəllərində keçiriləcək zona yarışlarına vəsiqə qazanıb. Sonrakı yerləri Gərəkli və Sarıbulaq kənd məktəblərinin komandaları tutublar.
Qalib komandalar rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.