İzabel Vert - atçılıq idmanının şahzadəsi

İzabel Vert - atçılıq idmanının şahzadəsi

Məlumdur ki, Olimpiya çempionu yay və qış Olimpiya Oyunlarında qızıl medal əldə edən idmançıya verilən tituldur. Bu titula yiyələnən idmançının nəticəsi illər keçsə də, dəyişmir, o heç vaxt “keçmiş Olimpiya çempionu” kimi təqdim olunmur. Olimpiya Oyunlarının qızıl medalına yiyələnən atletlər həm fərdi, həm də komanda növlərində eyni statusa malik olurlar. Sözsuz ki, hər bir idmançının Olimpiya çempionu olmaq arzusu var. İndiyə qədər bu statusa yüzlərlə idmançı layiq görülüb. Onların sırasında elələri də var ki, bu zirvəni bir neçə dəfə fəth ediblər. Dəfələrlə Olimpiya çempionu olan idmançıların statistikasına nəzər salsaq görərik ki, Oyunların qızıl medalına yiyələnlər arasında təxminən 665 atlet ən azı üç dəfə bu uğuru təkrarlayıblar. Müxtəlif ölkələri təmsil edən idmançılar arasında ən çox qızıl medal əldə edən idmançıların nəticəsini araşdıranda görürük ki, bu say 9-u keçir. Siyahının zirvəsində isə 23 qızıl medalla amerikalı üzgüçü Maykl Felps yer alıb. Paavo Nurmi, Karl Lyuis (hər ikisi atletika) Larisa Latinina (idman gimnastikası), Keti Ledeki, Mark Spitz (hər ikisi üzgüçülük) isə doqquzqat Olimpiya çempionu sayılırlar. 

60 ildən artıqdır ki, qadınlar arasında ən yaxşı nəticə (1956, 1960 və 1964-cü illər) sovet gimnastı Larisa Latınina məxsus olub. Yalnız 2024-cü ildə amerikalı üzgüçü Keti Ledeki qazandığı çempionluqlara görə Latıninaya çatıb.
Əldə etdiyi 8 qızıl medaldan savayı, 7 olimpiadada (1992, 1996, 2000, 2008, 2016, 2020, 2024) fəxri kürsünün birinci pilləsini əlçatmaz edən idmançı isə atçılıq üzrə Almaniya təmsilçisi İzabel Vert sayılır. O, bu nailiyyətlə hələ də rəqibsizdir. Olimpnews.az Olimpiya Oyunlarında dəfələrlə qızıl medala yiyələnən qadın idmançıların həyatından bəhs edən yazıları çoxsaylı oxucularına təqdim edir. “Dəfələrlə Olimpiya çempionu olan zərif idmançılar” rubrikası altında “Atçılıq idmanının şahzadəsi” hesab olunan İzabel Vertin xatirələrindən bəhs edən yazı inanırıq ki, böyük marağa səbəb olacaq. Həmin yazı məhz almaniyalı xanımın öz sözləri ilə ərsəyə gəlib.


 “Nə yaxşı ki, onu tanımışam”

Əvvəlcədən deyirəm ki, özüm barədə danışarkən hərdən çox uzağa gedib, yenidən geri qayıtmalı olacağam. Lakin həyatımda baş verənlərin xronoloji ardıcıllığı pozulmayacaq. 
Mən həyatda özümü uğurlu insanlardan biri hesab edirəm. Uşaq vaxtı hər birimizin bir əyləncəsi və bir maraq dairəsi olub. Mən də at sürməyi çox xoşlayırdım. Nədənsə bu canlılara qarşı özümdə bir sevgi və bağlılıq hesab hiss edirdim. Biz Reynberqdə (Almaniya, Düsseldorf ) yaşayırdıq. Atama (Henrix Vert) məxsus fermada gözəl bir abu-hava var idi. Heç vaxt təsəvvür edə bilməzdim ki, nə vaxtsa bu atlara olan marağım məni daha yüksək zirvələrə qaldıracaq, bütün dünya mənim haqqımda saysız hesabsız xəbərləri izləyəcək.
     1989-cü ildə məktəbi bitirib, gimnaziyaya daxil oldum. Gimnaziya mənə iki fərqli sahədə formalaşmaq imkanı verirdi. Ya insanların sağlamlığı ilə bağlı məsul bir işi öz üzərimə götürüb, həkim olmalı idim, ya da ki, hüquq mühafizəçisi olub, qanun keşiyində durmalı idim. Onda yəqin ki, məni heç kim  bu qədər tanımazdı. Yalnız öz sahəm üzrə çoxlarını hörmət və ehtiramını qazanmış olacaqdım. Şübhəsiz ki, hər birimizin həyatında uğura gedən yolda bir bələdçi olur. Mən də gənc yaşlarımdan həyatımda belə bir insana rast gəldim. Atamın yaxın və köhnə bir dostu var var idi - Uve Şulten-Baumer. Yaxşı xatırlayıram, hamı onu “Rentgen”, - deyə çağırırdı. Sonrada bildim ki, bu adı ona elə belə verməyiblər. Atlar barədə yaxşı bilirdi. “Rentgen” adını ona dostları vermişdi. Tibbi təhsili, elmi dərəcəsi olmasa da, sonradan ona hamı - Doktor Uve Şulten-Baumer - kimi müraciət edirdi. Atam doktora mənim barəmdə ağızdolusu danışmışdı. O isə məni atımla birlikdə görüşə dəvət etdi. Bu 17 yaşlı bir qız üçün böyük uğurun başlanğıcı idi, - desəm yanılmaram. Elə bilirdim ki, bu görüş sadəcə tanışlıq xarakteri daşıyacaq. Həmin vaxta qədər onun böyük uşaqları Alexa və Ove atalarının yanında məşqlərdə iştirak edirdilər. Mənim gəlişim onların bu işdən uzaqlaşdığı vaxta təsadüf etdi. Bunun mənimlə qətiyyən heç bir əlaqəsi yox idi. Onlar özləri üçün başqa bir sahə seçmişdilər. Doktor isə bütün diqqətini mənə ayırmağa başlamışdı. Hərdən mənə elə gəlir ki, o, atların dilini bilir, atlar isə onunla söhbət edirdi. Bax həmin vaxtdan etibarən bu dahi insanın yanında məşqlərə başladım. Məşqlərdə o həssas və aqressiv olurdu. Çətin tapşırıqların öhdəsindən gəlməyənə qədər məndən əl çəkmirdi. Nə yaxşı ki, onu tanımışam. Bu sözləri gün ərzində neçə dəfə istəsəniz təkrar edə bilərəm.            

 

Hiss edirdim ki, qısqanclıq onu daxildən sıxır

Doktor bir müddətdən sonra gözəl bir at seçdi. O, mənim gələcək uğurlarımın açarı oldu. “Nobilis Gigolo FRH” adlı gözəl bir at məni qəbul etdi. Hətta düşüncələrimi oxumağa başladı. Heç vaxt sözümdən çıxmırdı. Bilmirdim ki, “Gigolo” məni Olimpin zirvəsinə doğru aparacaq. Mənim üçün o, dünyanın ən uğurlu və ağıllı atı idi. Artıq vəziyyət o həddə çatmışdı ki, mən doktorsuz da məşqlərdə sərbəst iştirak edə bilirdim. Etiraf edim ki, onun “rentgen”liyi mənə sirayət etmişdi. Fərdi hazırlıq prosesində yaxın dostum Madeleine Vinter-Şults mənə yardım əlini uzatdı. O, bir növ mənim sponsorum kimi çıxış etməyə başladı. 2001-ci ildən etibarən bu xanımla iş birliyinə başladım. Onun həm yaxşı imkanı, həm də gözəl atları var idi. O atları ilə birlikdə müxtəlif yarışlarda böyük uğurlar qazanmışdı. Xanım Madeleine mənə seçim imkanı vermişdi. Yeri gəlmişkən o, dördqat Olimpiya çempionu, həmyerlim Lüdger Beerbauma da sponsorluq edirdi. Yəqin ki, mənim doktordan uzaq düşməyimi təkcə təcrübə qazanmağımla əlaqələndirməyənlər də var. Əslində onlar bu xırda məqamda haqlıdırlar. Bəli, onsuzda təcrübə qazanıb, doktorla yollarımı davam etmək də olardı. Amma bu bir nəfərə elə də xoş gəlmirdi. Bu bir nəfər həyat yoldaşım Volfqanq Urban idi. Ailə qurduqdan sonra Volfqanq məşqlərə gəlir, hər bir nüansa xüsusi diqqət yetirirdi. Doktor uğurlu çıxışlarım zamanı böyük səmimiyyət göstərirdi. Həyat yoldaşım isə bunu xoş qarşılamırdı. Hiss edirdim ki, qısqanclıq onu daxildən sıxır. Evə gələndə saatlarla üzündəki xoş çöhrəni tapa bilmirdim. Əslində özüm də bilirdim ki, bu belə getməyəcək. Mənim üçün ailə hər şeydən əsasdır. Volfqanqı incik görmək mənə rahatlıq vermirdi. Düşünürdüm ki, yəqin zamanla hər şey öz yolunu tapacaq. Lakin əksinə, vəziyyət daha da şiddətlənirdi. Belə olduğu təqdirdə məşqlərdə də həmin effekti görə bilmirdim. Doktorla qərarımız qarşılıqlı oldu. O vəziyyəti yaxşı başa düşürdü. Beləcə mən fərdi məşqlərə başladım. Doktor isə hər zaman mənim uğurlarımı izləməkdə davam edirdi. Xanım Madeleine birlikdə isə mənə Volfqanqdan əks reaksiya gəlmirdi. Söhbət zamanı bildirmişdim ki, bu böyük ürəkli qadın mənə seçim imkanı vermişdi. Bilirsiniz seçim nə idi? Əgər haradasa gözəl bir at görüb, onu tərifləsəydim, xanım Madeleine - “İzabel biz onu mütləq almalıyıq”, - deyə israr edirdi. O, mənim doktordan hopmuş “rentgen”liyimə tamamilə əmin idi. Beləliklə iki il ərzində hər şey çox düşərli və yadda qalan oldu. Arzuladıqlarım demək olar ki, tədricən həyata keçməyə başladı. Əvvəlcə Möllendorfdakı (Hannover) bazaya köçdük. 
Xanımın Reynberqdəki məşq tövləsində 22 baş at var idi. Bir vaxt ayıldım ki, özümü tamamilə atçılığa həsr etmişəm. Elə bilirsiniz bütün günümü tövlədə keçirirdim? Bu bir xanım üçün sizə görə mümkün idi? Əsla. Həmin vaxta qədər ikinci dövlət imtahanını uğurla verib, hüquq dərəcəsinə də yiyələndim. Paralel olaraq iki il hüquq sahəsində özümü sınadım.

(ardı var)

Anar Əhmədov

İzabel Vert - atçılıq idmanının şahzadəsi İzabel Vert - atçılıq idmanının şahzadəsi İzabel Vert - atçılıq idmanının şahzadəsi