Əhməddin Rəcəbli: "Ən böyük mükafatım yetirmələrimin uğurları və onlardan eşitdiyim xoş sözlərdir” - MÜSAHİBƏ
BOK
05.08.2025, 19:45
Azərbaycan cüdo idmanının inkişafında əvəzsiz xidmətləri olan, ölkəmizin idman tarixinə adını qızıl hərflərlə yazdıran Əhməddin Rəcəbli bu günlərdə 80 illik yubileyini qeyd etməyə hazırlaşır. Ömrünü bütövlükdə idmana, xüsusən də cüdonun Azərbaycanda formalaşmasına və inkişafına həsr edən yubilyar daha çox məşqçi kimi qazandığı nailiyyətlərlə tanınır. 1945-ci il avqustun 10-da Qusar rayonunun Əcəxur kəndində anadan olan Əhməddin Rəcəbli uşaq yaşlarından idmana böyük maraq göstərib. Bu illər ərzində böyük təcrübə toplayan mütəxəssis 500-ə yaxın peşəkar cüdoçunun yetişməsində böyük rol oynayıb. Yubiley ərəfəsində Azərbaycan cüdosunun canlı əfsanəsi Əhməddin Rəcəbli ilə onun keçdiyi zəngin idman yoluna birgə nəzər saldıq. Həmin müsahibəni oxuculara təqdim edirik.
- Əhməddin müəllim, kimyaçı ixtisasından idman məşqçiliyinə keçidiniz necə baş verdi? Mümkünsə, bu sahəyə gəlişinizin maraqlı tarixçəsini oxucularımızla bölüşərdiniz. - 1959-cu ildə Sumqayıt şəhərindəki Kimya Texnologiyası Texnikumuna qəbul oldum və oranı bitirdikdən sonra 1963-cü ildə təyinatla Sumqayıt Superfosfat Zavodunda əmək fəaliyyətinə başladım. Hərbi xidmətdən qayıdıb, bir müddət öz ixtisasım üzrə çalışdım. Buna baxmayaraq, idman həmişə həyatımın bir parçası olub. 1972-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna (indiki Azərbaycan İdman Akademiyası) qəbul olunduqdan sonra mənə dedilər ki, artıq idman sahəsində işləməyin vaxtıdır. O vaxt saat hesabı məşqçilik edirdim. 1973-1976-cı illərdə Sumqayıt Şəhər Bədən Tərbiyəsi və İdman Komitəsində təlimatçı kimi fəaliyyət göstərdim. 1976-1981-ci illərdə Azərbaycan Neft-Kimya İnstitutunun Sumqayıt filialında (indiki Sumqayıt Dövlət Universiteti) baş müəllim işlədim. Hətta mənə kafedra müdiri vəzifəsini təklif etdilər. Kafedra müdirliyindən imtina edərək, baş məşqçi vəzifəsini qəbul etdim. 1981-1989-cu illərdə Azərbaycan yığma komandasının əsas heyətinə rəhbərlik etdim. 2002-2012-ci illərdə isə paracüdo üzrə yığma komandada baş məşqçi kimi fəaliyyət göstərdim. Həmin illərdə İlham Zəkiyev iki dəfə - Afina-2004 və Pekin-2008 Yay Paralimpiya Oyunlarında qızıl, London-2012-də isə bürünc medal qazandı.
- Qazandığınız titullardan sizin üçün ən unudulmazı hansılardır? - İdman həyatımda mühüm mərhələlər çox olub. 1972-ci ildə sambo üzrə respublika çempionu oldum və “İdman ustası” adını aldım. 1981-ci ildə isə Azərbaycanda cüdo idman növündə ilk “Əməkdar məşqçi” fəxri adına layiq görülmək mənim üçün böyük qürur idi. Cüdo məşqçiləri arasında daha bir ilk də 1984-cü ildə yaşandı. Belə ki, Ali Sovetin Fərmanı ilə “Bədən tərbiyəsi və idman xadimi” fəxri adını alan ilk cüdo məşqçisi oldum. Sonrakı illərdə də zəhmətim yüksək səviyyədə qiymətləndirildi. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2007-ci ildə “Tərəqqi” medalı, 2012-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, həmin ildə Prezidentin fərdi təqaüdü, 2022-ci ildə isə “Şöhrət” ordeni ilə təltif edildim. Fəaliyyətim təkcə ölkə daxilində deyil, cüdonun vətəni sayılan Yaponiyada da diqqətdən kənarda qalmadı. 2021-ci ildə bu ölkənin “Gümüş Şüalı Gündoğar” Ordeninə layiq görüldüm. Bu mükafatlar mənim üçün sadəcə titul deyil, həm də illərlə davam edən zəhmətin, əzmkarlığın və idmana sevginin təsdiqidir.
- Rəcəblilər ailəsinin Azərbaycan idmanına verdiyi töhfələr çoxsaylıdır. Bu qədər titullu idmançının bir ailədən çıxması təsadüfdür, yoxsa bu uğurların arxasında illərlə formalaşmış bir ənənənə, bir sistem dayanır? - Biz bu ailəni, bu idmançılar nəslini birlikdə, əl-ələ verərək qurmuşuq. Mən bu yolun başlanğıcında qabaqcıl olmuşam. Qardaşım Fərhad Rəcəbli bu gün də öz qələbələri ilə idman ictimaiyyətində tanınır, titullu idmançıdır. Ondan əvvəl isə rəhmətlik qardaşım Məmməd Rəcəbli sambo və cüdoda dəfələrlə respublika çempionu olub, ümumittifaq yarışlarda və universiadada ikinci yerə sahib çıxıb. Azərbaycanın “Əməkdar məşqçi”sidir, həmçinin hər iki idman növü üzrə idman ustasıdır. Fərhaddan sonra kiçik qardaşımız Əhəd Rəcəbli usta cüdoçular arasında dünya çempionu və gümüş medalçı olub. Həm sambo, həm də cüdo üzrə idman ustası olan Əhəd, eyni zamanda, Azərbaycanın “Əməkdar məşqçi”si adına layiq görülüb. Bizim ailədə mənimlə yanaşı, qardaşlarım Məmməd, Əhəd, oğlum Zaur və Elxan da bu fəxri adı daşıyırlar. Doğrudur, Fərhad Rəcəbli “Əməkdar məşqçi” adına layiq görülməsə də, qeyd etdiyim kimi, o, aramızda ən titullu idmançıdır. Bu yol yalnız bizimlə bitmir. Nəvələrim və qardaşlarımın övladları da bu yolu uğurla davam etdirirlər. Fərhadın oğlu Murad Rəcəbli respublika çempionudur, idman ustasıdır və usta cüdoçular arasında ikinci yerə sahib çıxıb. Məmmədin oğlanları Samir və Mahir də cüdo ilə məşğul olublar. Zaurun övladları Cəsur və Şamil yığma komandanın üzvü kimi Asiya ölkələri arasında keçirilən yarışlarda mükafat qazanıblar. Digər nəvəm İbrahim Nəcəfov Rusiyanın idman ustası adını alıb. Elxanın oğlu Ömər Rəcəbli də idman ustasıdır, iki dəfə Avropa birinciliyinin qalibi olub. O, Bakıda keçirilən Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə “Böyük Dəbilqə” turnirində ikinci yeri tutub və hazırda hərbi xidmətdədir. Bəli, bu uğurlar nə təsadüf, nə də təkcə istedaddan doğur. Bu, ailə içində formalaşan bir məktəb, bir sistemdir. Ən əsası da, bu bizim ailənin yaşam tərzidir.
- Məşqçi kimi yetişdirdiyiniz tələbələrdən hansıların uğurları sizi daha çox qürurlandırır? - İlk növbədə qardaşım Fərhad Rəcəblini qeyd edərdim. O, Avropa çempionatında üçüncü yeri tutub, daha sonra isə SSRİ çempionu olub. SSRİ-də cüdoda iki dəfə yer tutan yeganə idmançıdır. Ustalar arasında 12 qat dünya, 11 qat Avropa çempionu olan Fərhad bu gün də qazandığı nəticələrlə gənclərə sübut edir ki, idmanla məşğul olmaq üçün heç vaxt gec deyil. Həmçinin yetirmələrim arasında Faiq Ağayev də xüsusi yer tutur. O, 1982-ci ildə İrəvanda keçirilən finalda erməni idmançını məğlub edərək SSRİ birinciliyinin qalibi, ardınca isə Parisdə ilk dünya çempionu adını qazanıb. SSRİ Xalqları Spartakiadasının mükafatçısı Qüdrət Pəncəliyev, Yusif Kazımov, İntiqam Məmmədov, ikiqat paralimpiya çempionu İlham Zəkiyev və digər adlı-sanlı idmançılar da mənim tələbələrim olub. Böyük oğlum Zaur Rəcəbli Əməkdar məşqçidir. Kiçik oğlum Elxan Rəcəbli isə cüdo üzrə dünya mükafatçısıdır.
- Əhməddin müəllim, 80 illik yubileyinizi qeyd etməyə hazırlaşırsınız. Bu mötəbər yaşa çatmaq necə bir hissdir? - Ömrün bu çağı insan üçün çox dəyərli bir mərhələdir. Ən böyük mükafatım yetirmələrimin uğurları və onlardan eşitdiyim xoş sözlərdir. Bu yaşda geriyə boylananda görürəm ki, ömrümün çox hissəsini cüdoya həsr etmişəm. Bu gün gənclərə baxanda özümü onların yaşıdları kimi hiss edirəm. Çünki mən idmanla yaşayıram, idman mənim qanımdadır.
- Bu illər ərzində həyatınızın hansı dövrlərini ən unudulmaz hesab edirsiniz? - İdmana gəldiyim ilk illəri həyatımın ən unudulmaz dövrü hesab edirəm. Mərhum məşqçim, Azərbaycanda sambo güləşini təbliğ edən “Əməkdar məşqçi” İsmayıl Əhmədovun idman yolumda rolu çox böyükdür. Məhz onun sayəsində samboya başladım və bu, həyatımın dönüş nöqtəsinə çevrildi. 1961-ci ildə sambo üzrə Respublika çempionu oldum, növbəti il isə Xankəndidə keçirilən Respublika çempionatında qalib adını qazandım. Ardınca “Spartak” cəmiyyətinin qalibi kimi SSRİ birinciliyində iştirak edərək bürünc medala sahib çıxdım.
- İdman ictimaiyyəti Sizi peşəkar məşqçi kimi tanıyır. Bəs ailənizin və yaxın dostlarınızın gözündə Əhməddin Rəcəbli necə bir insandır? - Dostlarım və ailəm məni səmimi, mehriban insan kimi tanıyır. Hətta bəzən məclislərdə tamadalıq da etmişəm. Olimpiya çempionumuz Nazim Hüseynovun, Ağayar Axundzadənin övladının kiçik toyunda və bir çox idmançıların şənliklərində bu məsuliyyəti öz üzərimə götürmüşəm. Çünki onlar məni həm də ağsaqqal kimi dəyərləndiriblər.
- Əhməddin müəllim, redaksiyamız adından Sizi 80 illik yubileyiniz münasibətilə təbrik edir və möhkəm cansağlığı arzulayırıq. - Çox sağ olun. Mən də öz növbəmdə yubiley münasibətilə məni yada salıb, dəyərləndirdiyiniz üçün redaksiyanızın rəhbərliyinə və yaradıcı kollektivinə təşəkkür edirəm. Eyni zamanda, Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə, Azərbaycan Cüdo Federasiyasına və Ağsaqqallar Şurasına da bu gün mənə göstərdiyi diqqətə görə minnətdarlığımı bildirirəm.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK
-
2042-ci il Qış Olimpiya Oyunları üçün ABŞ-dan yeni təşəbbüs
23.06.2026, 15:54 Olimpizm xəbərləri
-
Voleybol məşqçiləri üçün “Təhlükəsiz idman - hamı üçün” mövzusunda seminar keçiriləcək
23.06.2026, 15:34 Olimpizm xəbərləri
-
UFC döyüşçüləri Bakıda azarkeşlərlə görüşəcəklər
23.06.2026, 15:17 Gündəm
-
Beynəlxalq Olimpiya Günü münasibəti ilə “Xatirələrdə yaşayanlar” adlı tədbir keçirilib
23.06.2026, 14:19 MOK
-
23 iyun - Beynəlxalq Olimpiya Günüdür
23.06.2026, 10:47 Olimpizm xəbərləri
-
Azərbaycanlı idman mütəxəssisi Türkiyədə vəzifəyə təyin edildi
23.06.2026, 10:00 Olimpiya dünyası
-
Usta ağırlıqqaldıranlarımız Avropa çempionatında iştirak edirlər
23.06.2026, 03:51 Ağırlıqqaldırma
-
Taekvondoçularımız beynəlxalq yarışda 3 medal qazanıblar
23.06.2026, 00:10 Taekvondo
-
Qadınlardan ibarət Azərbaycan millisi Fərid Qayıbovla görüşüb
22.06.2026, 18:15 Futbol
-
Çimərlik futbolu üzrə Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
22.06.2026, 17:52 Futbol
-
Azərbaycan kamandan oxatanları Dünya Kubokunda mübarizə aparacaqlar
22.06.2026, 17:41 Olimpiya dünyası
-
AMADA Gəncədə təmiz idman dəyərlərinin təşviqinə dair maarifləndirmə proqramı təşkil edib
22.06.2026, 16:45 AMADA
-
Parabadmintonçusmuz Fransada bürünc medal qazanıb
22.06.2026, 14:57 Olimpiya dünyası
-
Taekvondoçularımız beynəlxalq turnirdə 6 medal qazanıblar
22.06.2026, 14:35 Taekvondo
-
Azərbaycan alpinistləri İtaliyadakı Monte Paterno zirvəsinə qalxıblar
22.06.2026, 14:14 Olimpiya dünyası
-
Avarçəkənlərimiz beynəlxalq reqatada iştirak edəcəklər
22.06.2026, 12:17 Su idman növləri
-
Badmintonçumuz Serbiyada bürünc medala sahib oldu
22.06.2026, 11:49 Olimpiya dünyası
-
Bu gün DÇ-2026-da daha 4 oyun keçiriləcək
20.06.2026, 19:22 Futbol
-
"Zirə" heyətini yeni futbolçu ilə gücləndirir
20.06.2026, 19:20 Futbol
-
"Neftçi" Dünya Seriyasının Sumqayıt mərhələsinin 1/4 finalında
20.06.2026, 18:52 Basketbol
-
Dünya Kuboku: İki boksçumuz bürünc medal qazandı, bir idmançımız isə finalda
20.06.2026, 17:52 Boks
-
"Ağ-qaralar"dan növbəti transfer
20.06.2026, 17:30 Futbol
-
Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib
20.06.2026, 16:40 Gündəm
-
"Sheki Open 2026" Beynəlxalq Şahmat Festivalının təntənəli açılış mərasimi keçirilib
19.06.2026, 20:18 Son xəbər
-
UFC-də beşinci azərbaycanlı döyüşçü
19.06.2026, 20:02 Gündəm
-
Gələn il Bakıda Avropa Gimnastikasının XXXII Konqresi keçiriləcək
19.06.2026, 19:36 Gündəm
-
Cüdoçularımız "Böyük Dəbilqə" turnirinə iki medalla başladılar
19.06.2026, 14:37 Cüdo