İranın Rəşt şəhərində keçirilən XII ənənəvi "Xəzər Open” beynəlxalq şahmat festivalında dördüncü turun görüşləri başa çatıb.
60-a qədər şahmatçımızın mübarizə apardığı beynəlxalq yarışda dördüncü turda sonra "A” qrupunda mübarizə aparan təmsilçimiz Azər Mirzəyev Gürcüstan şahmatçısı İveri Ciqladze üzərində qələbə qazanaraq liderliyi ələ alıb. Urfan Sevdimalıyev isə dördüncü turda məğlubiyyətlə üzləşib . Bu nəticə ilə o, 3 xalla 12-ci pilləyə düşüb.
"B” qrupunda mübarizə aparan təmsilçilərimizdən Rəşad Zeynallı və Rüstəm Bünyadov 4 oyundan sonra 4 xal toplayaraq liderlər qrupunda yer alıblar.
Murad İbrahimli də bu turda qələbə qazanaraq 3,5 xalla 9-cu pilləyə yüksəlib. Bu qrupda mübarizə aparan digər şahmatçılarımız Nasir Nuriyev, Sadiq Məmmədov, Elmar Həşimov, Pərviz Həşimov, Kənan Qarayev, Cavanşir Bağırov, İlkin Rəhimli, Vəli Zeynalzadə və Oğuz Abışlı 3 xal əldə ediblər.
"C” qrupunda mübarizə aparan xanım şahmatçılarımızdan Səhər Hüseynova dörd oyundan 3,5 xalla ikinci yerdədir. Gövhər Beydullayeva, Lalə Firudinli və Türkan Abdullayeva aktivlərinə üç xal yazaraq ilk onluqda yer alıblar.
Yarışda 14 yaşınadək uşaqların turnirində isə həmyerlilərimiz arasında ən yaxşı nəticəni Süsən Məmmədova göstərib. O, 3,5 xalla beşinci pillədə qərarlaşıb. Rahim Əliyev isə eyni xal toplasa da, əlavə göstəricilərə görə 16-cı yerlə kifayətlənib.
İsveçrə sistemi ilə keçirilən festival 9 turdan ibarət olub.