Cəsarətli addımları ilə tarixə düşən belçikalı

Cəsarətli addımları ilə tarixə düşən belçikalı


Jak Roqq 1942-ci il mayın 2-də Belçikanın Gent şəhərində anadan olub. Gent Universitetini bitirib və ortopedik cərrah ixtisasına yiyələnib. Peşəkar şəkildə yelkən idmanı ilə məşğul olan Jak Roqq Mexiko-1968, Münhen-1972 və Monreal-1976 oimpiadasında idmançı kimi çıxış edib. Bu idman növündə dəfələrlə ölkə və dünya çempionu olub. 1989-1992-ci illərdə Belçika Milli Olimpiya Komitəsinin (MOK) prezidenti işləyib. Reqbiyə böyük maraq göstərən qraf Belçika yığmasının heyətində oynayıb. 2001-ci il iyulun 16-dan 2013-cü il sentyabrın 10-n kimi Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 8-ci prezidenti olub.


2013-cü il sentyabrın 10-da Jak Roqqun Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezilenti vəzifəsində səlahiyyət müddəti başa çatıb Belçikalı qraf öz vəzifəsini xələfi, almaniyalı Tomaş Baxa təhvil verib Xatırladaq ki, Roqq vaxtıilə bu vəzifəni sələfi ispaniyalı markiz, Beynəlxalq Olimpiya Hərəkatında müstəsna xidmətləri olan BOK-un fəxri prezidenti Xuan Antonio Samarançdan təhvil almışdı.
Bəs Jak Roqq beynəlxalq idman qurumunun prezidenti və ictimai xadim kimi Beynəlxalq Olimpiya Hərəkatına yeni nə verib ə bu hərəkatda yadda qalacaq hansı işləri görüb? İllər keçdikdən sonra idman nəşrləri və jurnalları BOK-un 8-ci prezidenti haqda nələri yazacaqlar, onun idman karyerası haqqında hansı məramlara toxunacaqlar?


"Düşünürəm ki, insanlar məni öz işi ilə məşğul olmuş bir prezident kimi qiymətləndirəcəklər”
71 yaşlı belçikalı baron Yeniyetmələrin Olimpiya Festivallarından başlamış, 2012-ci ildə keçirilən London Olimpiya Oyunlarına qədər gördüyü işlərlə yadda qaldı. O, qadınların Olimpiya Hərəkatında fəal iştirakını təmin etdi, dopinqə və danışılmış oyunlara qarşı mübarizədə özündən sonra zəngin miras qoydu. Jak Roqq vəzifəsindən getdikdən sonra insanların onun haqqında nə düşünə biləcəkləri barədə belə deyib: "Düşünürəm ki, insanlar məni öz işi ilə məşğul olmuş bir prezident kimi qiymətləndirəcəklər. Məqsədim məndən sonra gələn xələfimə möhkəm və sağlam Beynəlxalq Olimpiya Komitəsini təhvil verməkdir.”
İdman karyerasına yelkən növünün təmsilçisi kimi başlayan Jak Roqq həmişə idmana böyük diqqət və qayğı göstərib. Belçikalı mütəxəssis bu sahədə həm də fədakar və cəsarətli hərəkətləri ilə yadda qalıb. Təqaüdə çıxan keçmiş BOK prezidenti qalan ömrünü idmana böyük maraq göstərən və ola bilsin ki, gələcəkdə onun fəxr edə biləcəyi iki kiçik nəvəsinə sərf etməyi planlaşdırır.


İştirak etdiyi olimpiadalar
Roma Olimpiya Oyunlarının keçirildiyi vaxt (1960) Jak Roqqun 18 yaşı var idi. O, bu oyunların yarışlarını televiziya vasitəsilə izləyirdi. Roqq idman kumirləri olan Avstraliya idmançısı, Olimpiya çempionu Herb Eliota və yelkən idmanı yarışlarının dördqat qalibi danimarkalı Pol Elvstroma azarkeşlik edirdi.
O, ilk dəfə idmançı kimi özünü 1968-ci ildə keçirilən Mexiko Yay Olimpiya Oyunlarında sınayıb. Yelkən yarışlarında 25-ci yeri tutmasına baxmayaraq, Mexiko Olimpiadası Jak Roqqun həyatında silinməz izlər buraxıb. Daha doğrusu, Mexiko-1968 Olimpiadası onun bütün həyatını dəyişib.
Belçikalı idmançı bundan 4 il sonra Münhen-1972 Olimpiya Oyunlarında 14-cü, Monreal-1976 Oyunlarında isə 22-ci yeri tutub. Bu, onun idmançı kimi çıxış etdiyi sonuncu olimpiadası idi. Roqq olimpiadalar keçirilən dövrdə formada qalmaq üçün reqbi idman növü ilə məşğul olmağa başlayıb. Reqbidə də öz istedad və bacarığını nümayiş etdirən Jak tezliklə milli komandanın tərkibinə daxil edilib və dəfələrlə beynəlxalq yarışlarda uğur qazanıb.
Jak Roqq ən çox sevdiyi idman növlərindən olan reqbiyə marağını belə izah edir: "Fikrimcə, reqbi möhtəşəm komanda idman oyunlarından biridir. Bu idman növü oyunçudan həm ünsiyyət, həm də nəzarət tələb edir və hər bir oyunun arxasında müəyyən strategiya durur”.


Idmançı və diplomat
Jak Roqq Belçikanın idman sahəsində rəhbər vəzifələrdə işləyib. O, bununla bağlı deyib: "Münhen-1972 Olimpiya Oyunlarından sonra Belçika Olimpiya Komitəsinin prezidenti Raul Molle mənə baş çəkməyə gəldi və aramızda səmimi söhbət oldu. O mənə:”Bizim sizin kimi gənclərə ehtiyacımız var”, -dedi. Söhbətimizin nətisəıi o oldu ki, mən Mollenin təklifini qəbul etdim.”
Belçika Olimpiya Komitəsindəki yeni vəzifəsi gənc Roqqu öz ağuşuna aldı. Qısa müddət ərzində prinsipiallığı, məsuliyyəti, işgüzarlığı ilə kollektivin dərin hörmətini qazandı və tezliklə Belçika Olimpiya komandasının şef-de missionu təyin edildi. Jak bu vəzifədə ölkə komandasına bir neçə olimpiadalarda - Monreal-1976, Kalqari-1988, Moskva-1980, Los-Anceles-1984 və Seul-1988 başçılıq etdi.
Jak Roqqun idman xadimi və diplomat kimi fədakarlığı və iradəliliyi özünü 1980-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən XXII Yay Olimpiya Oyunlarında büruzə verdi. Həmin dövr soyuq müharibə illərinə təsadüf edirdi və ABŞ digər iştirakçı ölkələri Moskva-1980 Olimpiadasını boykot etməyə çağırırdı. Belçika hökuməti ölkə idmançılarını Moskvaya göndərməkdə tərəddüd edirdi. Roqq fədakarlıq nümayiş etdirərək ölkənin Baş naziri Vilfred Martensi və hökuməti bu tərəddüdlərdən xilas etdi. O, hökumət rəhbərlərinə idmanın siyasətdən uzaq olduğunu anlatdı və ölkə idmançılarının Rusiyada keçiriləcək yarışlarda iştirakını təmin etdi. Belçika hökuməti boykota qoşulmasa da, Olimpiya komandasını maliyyələşdirməkdən imtina etdi. Jak Roqq bütün xərcləri öz üzərinə götürdü. O, bununla bağlı xatirələrində belə yazır: "Bu hadisə həyatımda bir dönüş oldu. Məncə, Olimpiya oyunlarında iştirak etmək bizim borcumuzdur. Mən hələ də indiyə qədər oyunlarda iştirak etməyən idmançılar üçün heyfisilənirəm. Bu hadisə mənə dünyada idmanın və Olimpiya Hərəkatının inkişafı üçün dövlətlərlə nə qədər yaxından işləməyin vacibliyini və məsuliyyətini dərindən hiss etməyə imkan verdi”.
1987-ci ildə Roqq Belçika Olimpiya Komitəsinin vitse-prezidenti, iki il sonra isə komitənin prezidenti vəzifəsinə seçildi. Eyni vaxtda, o, Avropa Olimpiya Komitəsinin də prezidenti vəzifəsinə layiq göruldü. "Hər şey gözlənilmədən baş verdi. Molle təqaüdə çıxdıqdan sonra məni onun vəzifəsini yerinə yetirməyimi xahiş etdilər. Sonra isə Avropa Olimpiya Komitəsindən təklif gəldi. Məni bu təşkilata rəhbərlik etməyə çağırırdılar”, - deyə Roqq xatirələrində yazır.
Avropa Yeniyetmələrinin Olimpiya Festivalı müasir dövrdə əhəmiyyətli idman tədbirlərindən biri sayılır. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq hələ AOK-un prezidenti olarkən dünyada Olimpiya Hərəkatını daha da genişləndirmək, yeniyetmələri idmana kütləvi surətdə cəlb etmək məqsədilə Avropa Yeniyetmələrinin Olimpiya Günlərini keçirmək təşəbbüsü ilə çıxış etdi. Yeniyetmələrin ilk Olimpiya Günləri 1991-cü ildə iyulun 18-dən 20-dək Brüsseldə keçirildi. 1993-cü ildən başlayaraq, yay və qış idman növləri üzrə iki ildən bir keçirilən bu oyunların adı 2001-ci ildə dəyişdirilərək Avropa Yeniyetmələrinin Olimpiya Festivalı adlandırıldı. Qeyd edək ki, sonuncu Olimpiya Festivalı 2013-cü ildə Hollandiyanın Utrext şəhərində keçirilib.


Jak Roqqun BOK-da fəaliyyəti

Cənab Roqqun Belçika Olimpiya Komitəsində fəaliyyəti yüksək qiymətləndirilib və onu bu sessiyasında BOK-ün üzvlüyünə qəbul ediblər. Roqq 1992-ci ildə Belçika Olimpiya Komitəsinin prezidenti vəzifəsindən istefa verib və idman karyerasında fəaliyyətini AOK-un prezidenti kimi davam etdirməyə başlayıb. 1998-ci ildə BOK-un İcrayyə Komitəsinin üzvlüyünə qəbul edildi. 1993-cü ildə Avstraliyanın Sidney şəhəri XXVII Yay Olimpiya Oyunlarının paytaxtı seçiləndə Jak Roqqu BOK-un Əlaqələndirmə Komissiyasının sədri təyin etdilər.
Keçmiş BOK prezidentinin Sidney-2000 Olimpiadası ilə bağlı fikirləri diqqət çəkir: "Burada çox gözəl atmosfer var idi. Avstraliyalılar idmanı çox xoşlayırlar. Onlar bütün idmançıları dəstəkləyir, milliyyətindən asılı olmayaraq, onların mükafatlandırma mərasimlərində iştirak edirdilər. Ümumiyyətlə, şəhərdə atmosfer inanılmaz idi. Burada nə nəqliyyat, nə texniki problemllər mövcud idi. Yerli komanda isə çox gözəl çıxış etdi”.
Sidney-2000 uğrundan sonra Roqq Samarançdan sonra BOK-un prezidentıliyinə ən münasib namizəd sayılırdı.


Belçikalı qraf Olimpiya Hərəkatında hansı işləri görüb?

Beynəlxalq Olimpiya Hərəkatında Jak Roqq dövrü BOK-un 2001-ci ilin iyununda Moskvada keçirilən 112-ci sessiyasından sonra başladı. 21 il BOK-a rəhbərlik edən Xuan Antonio Samaranç öz vəzifəsini xələfi Jak Roqqa məhz Moskvada təhvil verdi.
Beynəlxalq idman mütəxəssisləri əsası fransız baron Pyer de Kuberten tərəfindən qoyulmuş müasir Olimpiya Hərəkatında X.A.Samarançın böyük xidmətləri olduğunu deyirlər. Qeyd etmək lazımdır ki, ispaniyalı mütəxəssis beynəlxalq idman təşkilatına rəhbərlik etdiyi 21 il ərzində çox işlər gördü, köklü və mühüm islahatlar həyata keçirdi. Məhz bu islahatların nəticəsində BOK Olimpiya Hərəkatında uzun sürən böhrandan azad oldu və dünya idmanında aparıcı mövqe tutdu. İspaniyalı markiz, BOK-un 7-ci prezidenti haqqında saysız -hesabsız məqalələr, kitablar, elmi traktatlar yazılıb və bunların hamısında Xuan Antonio Samaranç Olimpiya Xartiyasında inqilab edən ictimai xadim kimi təqdim olunub.
Onun xələfi Jak Roqq Beynəlxalq Olimpiya Hərəkatında və Olimpiya Xartiyasında yeniliklərə əvvəlcə Olimpiya proqramında etdiyi yaradıcı dəyişikliklərlə başladı. Sonra Olimpiya oyunlarının paytaxtının seçilməsi prosesində yeni yanaşma tərzi özünü büruzə verdi. Yeniyetmələrin Olimpiya oyunları ilə bağlı qərarın qəbul edilməsi, yarışların birbaşa yayımı ilə bağlı gəlirin artması və nəticədə BOK-un ehtiyat fondunun yaradılması - bütün bunlar belçikalı qrafın xidmətləridir. İdmanda dopinq və digər neqativ hallara, o cümlədən qanunsuz pul qoyuluşlarına qarşı mübarizənin önündə məhz BOK-un 8-ci prezidenti dayanır.
Bəs Jak Roqqun Olimpiya proqramında modernləşmə planı nədən ibarət idi? Qeyd edək ki, bu sahədə yeganə konkret nəticə beysbol və softbol idman növlərinin reqbi və qolfla əvəzlənməsi oldu. Amma BOK-un keçmiş prezidenti buna hələ 2005-ci ildə cəhd etsə də, beysbol və softbolun Olimpiya proqramından çıxarılması 2012-ci ildə Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında baş tutdu. Maraqlıdır ki, bu qərarın həyata keçməsində oyunlara London şəhərinin ev sahibliyi etməsi də böyük rol oynadı. Belə ki, Böyük Britaniya hökuməti idman obyektlərinin tikintisinə artıq xərc çəkmək istəmirdi. Beləliklə, BOK Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarının proqramını reqbi və qolfla zənginləşdirdi. Bu qərarın xeyir və ya ziyan gətircəyi isə yalnız 2 ildən sonra, Rio-de-Janeyro keçiriləcək XXXI Yay Olimpiya Oyunlarından sonra bəlli olacaq.
Jak Roqqun Olimpiya proqramında modernləşmə planlarından biri də BOK İcraiyyə Komitəsinin güləşin Olimpiya proqramından çıxarılması təklifi ilə çıxış etməsi oldu. Doğrudur, bu təklif idman ictimaiyyətində birmənalı qarşılanmadı və ciddi rezonansa səbəb oldu. Qədim ənənələrə malik güləş idman növünün Olimpiya proqramından çıxarılması təklifinə qarşı aparılan etiraz aksiyaları və təbliğat kampaniyası öz işini gördü. Nəticədə, BOK rəhbərliyi səhv addım atdığını anlayaraq taktikanı dəyişdi. Gözlənildiyi kimi, güləş BOK-un Buenos-Ayresdə keçirilən sessiyasında beysbol, softbol, skvoşla mübarizədə qalib gəldi və yenidən Olimpiya proqramında öz yerini qoruyub saxladı.
Beləliklə, Jak Roqqun Olimpiya proqramında modernləşmə planının nəticəsində Olimpiada 2020-nin proqramında London-2012 ilə müqayisədə heç bir dəyişiklik baş vermədi, əlbəttə, BOK-un yeni, 9-cu prezidenti radikal qərarlar qəbul etməsə. Yeri gəlmişkən, yeni prezident Tomaş Bax seçkiqabağı kampaniyasından əvvəl Olimpiya proqramına yenidən baxacağını vurğulamışdı. Bunu etmək ona müyyəsər olacaq, yoxsa yox, bunu zaman göstərəcək.

Səadət