Milli Paralimpiya Komitəsi: arxada qalan 18 il

Milli Paralimpiya Komitəsi: arxada qalan 18 il


Respublikamızda idman uğurla inkişaf edir, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, idmançılarımızın qələbələri xalqımızı ürəkdən sevindirir. Eyni zamanda , son illər ərzində ölkəmizdə müxtəlif beynəlxalq idman yarışları keçirilir, vətənimiz dünya və Avropa çempionatlarına ev sahibliyi edir. İdman sahəsində qazandığımız ən böyük nailiyyətlərimizdən biri də ölkəmizin Olimpiya və Paralimpiya oyunlarında iştirakı və uğurlar əldə etməsidir.
Azərbaycanda Paralimpiya Hərəkatı ümümmilli lider Heydər Əliyevin yenidən ölkəmizə rəhbərlik etdiyi dövrdə yaranıb. 1996-cı il fevralın 9-u idman tariximizə Milli Paralimpiya Komitəsinin (MPK) yarandığı gün kimi yazılıb. Həmin gün MPK-nın təsis konqresi keçirilib və konqresdə İlqar Rəhimov Milli Paralimpiya Komitəsinin prezidenti vəzifəsinə seçilib.
Komitənin inkişafıda, sağlamlıq imkanları məhdud insanların idmana cəlb olunmasında komitənin prezidenti İlqar Rəhimovun böyük əməyi var. MPK prezidentinin səmimi münasibəti, yarışları izləməsi və göstərdiyi diqqət idmançılarda böyük həvəs yaradır. Bu qayğının nəticəsidir ki, ölkəmizdə Paralimpiya Hərəkatı günü-gündən inkişaf edir, idmançıların qazandıqları nailiyyətlər çoxalır. İlqar Rəhimov öz çıxışlarında dövlətimizin idmana göstərdiyi qayığının əvəzsiz olduğunu dəfələrlə vurğulayıb : "Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, idman sahəsində gördüyü işlər xalqımızı çox sevindirir. Ulu öndər idman sahəsinin inkişafına böyük diqqət və qayğı göstərib. O, hər zaman deyirdi: "İdman hər bir ölkənin inkişafı üçün çox vacib olan sahədir. Bu, elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Azərbaycanın himni çalınır, bayrağı qaldırılır və Vətənimiz dünyanın müxtəlif ölkələrində tanınır ". Ulu öndərin idmanın inkişafı ilə bağlı kəyata keçirdiyi işlər bu gün öz bəhrəsini verir”.

Atlantadan başlayan yol
Qeyd edək ki, paralimpiyaçılarımız ilk dəfə 1996-cı ildə Atlantada keçirilən X Yay Paralimpiya Oyunlarında iştirak ediblər. İdmançılara daim qayğı ilə yanaşan ulu öndər Heydər Əliyev Atlantaya yola düşən atletlərlə görüşüb, onlara böyük ümid bəslədiyini deyib.
Umummilli lider 2000-ci ildə Sidneydə keçirilən yay paralimpiya oyunlarında iştirak edən idmançılardan da diqqətini əsirgəməyib. Heydər Əliyev paralimpiyaçıların təlim-məşq bazasına baş çəkib, yaradılan şəraitlə tanış olub. Ümummilli liderin uğurlu siyasətini davam edən Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmançılarımıza göstərdiyi qayğı idmançıları ruhlandırır, onları yeni qələbələrə səsləyir. Qeyd edək ki, paralimpiyaçılarımız 2000-ci ildə Siqneydə keçirilən paralimpiya oyunlarında 1 (gümüş), 2004-cü ildə Afinada 4 (2 qızıl, 1 gümüş, 1 bürünc), 2008-ci ildə Pekində 10 (2 qızıl, 3 gümüş, 5 bürünc), 2012-ci ildə London Paralimpiya Oyunlarında 12 medal ( 4 qızıl, 5 gümüş, 3 bürünc) əldə ediblər.
Paralimpiyaçıların yetişməsində müasir standartlara cavab verən idman komplekslərinin, qurğuların da rolu olduqca böyükdür. Müasir komplekslər idmançılara yüksək səviyyədə xidmət göstərməklə bərabər, gənc nəslin idmanla məşğul olmasına, sağlam həyat tərzində yaşamasına imkan yaradır. Belə komplekslərdən biri Sumqayıt Paralimpiya Kompleksidir. Xatırladaq ki, kompleks 2008-ci il avqustun 28-də istifadəyə verilib. 2,25 hektar sahəni əhatə edən kompleks müasir avadanlıqla təchiz olunub. Buraya 130 nəfərlik akt zalı, böyük və kiçik atıcılıq zalları , trenajor, əl oyunları, futbol və voleybol meydançaları, üzgüçülük hovuzu daxildir. Kompleksdə uzunluğu 25, eni 10 metr olan qapalı hovuzda avtomatik təmizləmə, dezinfeksiyaedici və qızdırıcı qurğular var. 32 metr uzunluğu, 24 metr eni olan salonda 200-dən çox tamaşaçı yarışları izləyə bilər. Kompleksdə geniş atıcılıq tirləri var, onların hər birində eyni vaxtda 8 atıcının məşq etməsi mümkündür. Bundan başqa , kompleksdə trenajor və fitnes zalı da fəaliyyət göstərir. Qeyd edək ki, Milli Paralimpiya Komitəsinin təşkil etdiyi bir çox toplantılar məhz Sumqayıt Paralimpiya Kompleksində keçirilir.


Ötən illər ərzində paralimpiyaçılar yerli və beynəlxalq yarışlarda iştirak ediblər
Paralimpiyaçılarımız beynəlxalq arenalarda ölkəmizin bayrağını ucaldır, himnimizi səsləndirir, vətənimizə medallarla qayıdırlar. Ölkəmizdə keçirilən festival və yarışlarda paralimpiyaçılarımızda ruh yüksəkliyi yaradır, onları qələbəyə səsləyir. Bu baxımdan 2013-cü il mayın 1-də Naxçıvanda ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş I Paralimpiya Festivalı olduqca maraqlı idman tədbirlərindən biri kimi yaddaşlara yazıldı. Bu festival Paralimpiya Hərəkatının bu bölgədə tanınmasına şərait yaratdı. Milli Paralimpiya Komitəsi, İdman və Gənclər Nazirliyi və Naxçıxan Muxtar Respublikası rəhbərliyinin birğə təşkilatçılığı ilə keçirilən idman bayramı Naxçıvanda əhalinin idmana olan marağını daha da artırdı, Paralimpiya Hərəkatının bu bölgədə tanınmasına şərait yaratdı.
Ötən il Bakıda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan "Əlil arabasında idman rəqsi” üzrə beynəlxalq festival da olduqca maraqla qarşılandı. Milli Paralimpiya Komitəsi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən festivalda ölkəmizlə yanaşı, dünyanın müxtəlif ölkələrinin təmsilçiləri də iştirak edirdilər. Dənizkənarı Milli Parkda keçirilən həmin festivalda Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Polşa, İsrail, Belarus və Qazaxıstandan 28 idmançı gücünü sınadı. Festivaldakı çıxışlar paytaxt sakinlərinə və qonaqlara xoş anlar yaşatdı.
2013-cü il fevralın 8-də Milli Paralimpiya Komitəsinin IV hesabat-seçki konqresi keçirildi. Konqresdə İlqar Rəhimov növbəti dəfə komitəyə prezident seçildi. MPK-nın növbəti 4 ildə (2013-2016-cı illər) "Strateji fəaliyyət planı” təsdiq edildi. Planda 2016 - cı ildə Rio-de-Janeyroda keçiriləcək XV Yay Paralimpiya Oyunlarına hazırlıq məqsədi ilə təşkilatı işlərin təkmilləşdirilməsi, maddi texniki bazanın gücləndirilməsi, təbliğat - təşviqat işlərinin və beynəlxalq idman qurumları ilə əlaqələrin genişləndirilməsi öz əksini tapıb.


Uşaq Paralimpiya Komitəsinin yaradılması
Paralimpiya Hərəkatının inkişafına xidmət edəcək

Ötən il sentyabrın 27-də ilk dəfə MPK-nın nəzdində Uşaq Paralimpiya Komitəsinin yaradılması isə olduqca sevindirici haldır. Komitənin yaradılmasında əsas məqsəd hərəkət məhdudiyyəti olan uşaqların idmana cəlb olunması, onların müalicə və bərpa yolu ilə cəmiyyətə inteqrasiyasını təmin etməkdir. MPK İcraiyyə Komitəsinin qərarı ilə Uşaq Paralimpiya Komitəsinin 13 nəfərdən ibarət idarə heyəti təsdiq edilib. Komitənin birinci vitse-prezidenti Natiq Qasımov idarə heyətinin sədri, Kamal Məmmədov isə idarə heyətinin sədr müavini və icraçı direktoru vəzifəsinə seçilib.
Qeyd edək ki, Milli Paralimpiya Komitəsinin əsas məqsədlərindən biri də beynəlxalq əlaqələrin genişlənməsi və Paralimpiya Hərəkatının inkişafına nail olmaqdır. Bu baxımdan, komitə bir sıra beynəlxalq idman təşkilatları və əcnəbi ölkələrin paralimpiya komitələri ilə əməkdaşlıq edir, Beynəlxalq Paralimpiya Komitəsi ilə əlaqələri daha da inkişaf etdirir. MPK UNICEF-in Azərbaycan nümayəndəliyi , "BP”-nin Azərbaycan, Gürcüstan və Türkiyədəki şirkətləri ilə əməkdaşlıq haqqında saziş imzalayıb.
Beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edən paralimpiyaçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə orden və medallarla təltif olunublar. Ölkə rəhbərliyinin göstərdiyi diqqət sayəsində paralimpiyaçılarımızın həyat şəraiti yaxşılaşdırılır, onlar mənzillər və avtomobilləri ilə təmin olunurlar.
2016-cı ildə paralimpiyaçılarımızı daha bir sınaq, möhtəşəm paralimpiya oyunları gözləyir. Onlar Rio-de Janeyroda keçiriləcək XV Yay Paralimpiya Oyunlarında daha çox nailiyyət əldə etməyə çalışacaqlar. Onu da deyək ki, Milli Paralimpiya Komitəsinin planları və görəcəyi işlər olduqca çoxşaxəlidir. Respublikamızın bütün regionlarında Paralimpiya Hərəkatının genişləndirilməsi komitənin əsas məqsədlərindən biridir. Paralimpiyanın inkişafı, təbliğat-təşviqat işlərinin görülməsi və beynəlxalq idman qurumları ilə əlaqələrin genişləndirilməsi, keçirilən çoxsaylı tədbirlər Paralimpiya Hərəkarının bundan sonra daha da inkişaf edəcəyindən xəbər verir.