Dördqat Formula 1 çempionu Sebastyan Fettel 2026-cı il mövsümündən etibarən qüvvəyə minəcək seriyanın yeni texniki reqlamentlərini şərh edib. O bildirib ki, elektrikləşdirməyə və sintetik yanacağın istifadəsinə keçidi dəstəkləyir. Lakin təklif olunan dəyişikliklərlə bağlı bir sıra problemlər də qaçılmazdır. "Enerji paylanması baxımından dəyişikliklər ümidvericidir. Amma enerjinin yalnız arxa oxa ötürülməsi, ön tərəfə əhəmiyyət verməməsi mənə çox qəribə görünür. Maşınlar hələ də çox ağırdır. Onları ən azı 200 kq yüngülləşdirmək lazımdır. Çünki bu, həm yanacağa qənaət edəcək, həm də yarışların səviyyəsini yaxşılaşdıracaq", - GPBlog Fetteldən sitat gətirib.
Xatırladaq ki, gələn ildən etibarən Formula 1 avtomobillərdə elektrik enerjisinin payını artırmağı, sintetik yanacaqdan istifadə etməyi və avtomobillərin minimum çəkisini 30 kq azaltmağı planlaşdırır.
"Maşınları 200 kq yüngülləşdirmək lazımdır" - Fettel
