Könül Nurullayeva: “Əminəm ki, növbəti qış Olimpiya oyunlarında Azərbaycan daha çox idmançı ilə təmsil olunacaq”

Könül Nurullayeva: “Əminəm ki, növbəti qış Olimpiya oyunlarında Azərbaycan daha çox idmançı ilə təmsil olunacaq”

Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarında Azərbaycanı 4 idmançı təmsil edir. Fiqurlu konkisürmə üzrə rəqs cütlüklərinin yarışında mübarizə aparan idmançılarımız artıq öz çıxışlarını başa çatdırıblar.
Kişilər arasında dağ xizəyinin böyük slalom növündə yarışan idmançımız isə ikinci mərhələdəki çıxışlarını yekunlaşdırıb. Azərbaycan idmançılarının Soçi Olimpiadasında çıxışları ilə bağlı məlumat almaq üçün Olimpiya yığmamızın şef-demissionu Könül Nurullayeva ilə telefon əlaqəsi saxladıq. O, təəssuratlarını qəzetimizlə bölüşdü: "Bildiyiniz kimi, Soçidə fiqurlu konkisürmə üzrə rəqs cütlüklərinin qısa proqram üzrə yarışında ölkəmizi Yuliya Zlobina - Aleksey Sitnikov dueti təmsil etdi. Onlar 13-cü nömrə altında yarışdılar. 24 cütlüyün çıxış etdiyi bu yarışda təmsilçilərimiz 58,15 xalla 14-cü pillədə qərarlaşdılar. İdmançılarımız sərbəst proqramda daha yaxşı çıxış etdilər. Bu cütlük bu dəfə 8-ci nömrə altında mübarizə apardı. İdmançılarımızın ikinci çıxışı daha uğurlu alındı. Onlar 91,78 bal topladılar. Yekunda iki yarışın cəminə görə 148,63 bal toplayan Sitnikov - Zlobina cütlüyü Soçi Olimpiadasını 12-ci yerdə başa vurdu. Bu, normal hal kimi, qəbul olunur. Onu da deyim ki, cütlüyümüzün Soçidə əldə etdiyi nəticə Azərbaycan idmançılarının Qış Olimpiya Oyunlarında yeni rekordu sayılır. Xatırladım ki, indiyədək iştirak etdiyimiz "ağ olimpiada”larda ən yaxşı nəticəmiz 16-cı yer olmuşdu.
Kişilər arasında dağ xizək yürüşünün böyük slalom növündə Azərbaycanı Patrik Braxner təmsil etdi. Birinci mərhələdə məsafəni 1 dəqiqə 31,32 saniyəyə qət edən idmançımız 109 iştirakçı arasında 60-cı oldu. Təmsilçimiz ikinci mərhələdə 79 idmançı arasında
53-cü pillədə qərarlaşdı. Onu da deyim ki, Patrik Braxner birinci mərhələdə İslandiya, İran, Ukrayna, Tailand, Turkiyə, Çin, Çernoqoriya, Litva və digər ölkələrin idmançılarını geridə qoydu. Bu idmançımız fevralın 22-də növbəti yarışa çıxacaq. Bilirsiniz ki, Olimpiya oyunlarında dünyanın ən güclüləri mübarizə aparırlar. Bu baxımdan idmançılarımızın çıxışlarını qənaətbəxş saymaq olar. Biz Soçidə bir sıra ölkələrin nümayəndələri ilə söhbətlər aparır, fikir mübadiləsi edirik. Görüşdüyümüz insanlar Azərbaycan idmançılarının Soçidə əldə etdikləri nəticələrə normal yanaşırlar. Əminəm ki, növbəti qış Olimpiya oyunlarında Azərbaycan daha çox idmançı ilə təmsil olunacaq”.