Karyerası ərzində əldə etdiyi 8 qızıl medaldan savayı, 7 olimpiadada (1992, 1996, 2000, 2008, 2016, 2020, 2024) fəxri kürsünün birinci
pilləsini əlçatmaz edən almaniyalı İzabel Vert bu nailiyyətlə hələ də rəqibsizdir. “Olimpiya dünyası” ötən sayından etibarən Olimpiya
Oyunlarında dəfələrlə qızıl medala yiyələnən qadın idmançıların həyatından bəhs edən yazıları çoxsaylı oxucularına təqdim edir.
“Dəfələrlə Olimpiya çempionu olan zərif idmançılar” rubrikası altında “Atçılıq idmanının şahzadəsi” hesab olunan İzabel Vertin
xatirələrindən bəhs edən yazının davamını təqdim edirik. Bir daha xatırladaq ki, həmin yazı məhz almaniyalı xanımın öz sözləri ilə ərsəyə
gəlib.
Hər dəfə çətin vəziyyətə düşəndə sanki daha da güclənirdim
Həyatda yaşa dolduqca təcrübələr səni müdrikləşdirir. Gözlənilməz hadisələr də səni səssiz izləyir. Dinclik pozulur, uğursuzluqlar üzə
çıxır. Mən bilirdim ki, həyat təkcə uğurdan ibarət deyil. Bunu ardıcıl keçirdiyim iki sarsıntıdan sonra başa düşdüm. Sevimli atım
“Giqaqol”adan sonra bütün sevgimi “Amarreto”ya yönəltmişdim. Qəflətən onun vəziyyəti ağırlaşdı. Düz bir ay ağrı ilə çırpınan Amarettonu
ölümün pəncəsində ala bilmədik. Bu iztirabla uzun müddət özümə gələ bilmədim. Zaman hər şeyi unutudurur, - deyib qismən
sakitləşmişdim ki, daha bir problem məni ağuşuna aldı. Vsipadendə keçirilən turnir zaman “Wisper”adlı atımın qanında qadağan olunmuş
maddə - fulfenazin aşkarlandı. Doğrusu bunun necə baş verdiyini anlaya bilmirdim. Sübut edə bilmədiyim üçün məni və “Wisper”i 6 ay
müddətinə yarışlardan kənarlaşdırdılar. Bu qərardan sonra tövlədə atlarımla dərdləşirdim. Onlar da məni yaxış anlayırdılar. Çəkdiyim
sığallar onları, xüsusilə “Wisper”i sakitləşdirirdi. Amma mən qətiyyən sakitləşə bilmirdim. Atları bir-bir sığallayanda “Amaretto” gözlərim
önünə gəlirdi. Onun yeri boş qalmamışdı. Amma məni sığal çəkən əllərim Amaretto üçün havada idi. Mənə elə gəlirdi ki, atları bir daha
mənə çətin anlar yaşatmayacaq. 2012-ci ildə “El Santo” adlı atımın narahat göründüyünü sezdim. Həkim tərəfindən ilkin müayindən
sonra onun mədəsində xora olduğu aşkarlandı. Bu nədir belə? Müalicə prosesi uzun müddət davam etdi. Müalicədə simetidin adlı
dərmandan istifadə edirdim. Düşünürdüm ki, bununla vəziyyət düzələcək. Lakin götürülən testlərdən sonra “El Santo” məni 2 min avro
cərimə ödəməyə məcbur etdi. Pul çox şeydi, amma hər şey deyil. Cərimə üçün qazandığım pul başqa yerdən mənə qayıtdı, üstəlik “El
Santo” da sağaldı. Amma bunun sıxıntıları məni irəli getməyə qoymurdu. Atlarımın xətrinə dəymək mənlik deyil. Onlar dilsiz olsa da,
şüurlu və tərbiyəlidirlər. Hər dəfə çətin vəziyyətə düşəndə sanki daha da güclənirdim. İdman karyeramda və qazandığım uğurlarda
atlarımın rolunu xüsusi qeyd etməliyəm. “Hannes” barədə bir qədər danışım. O, nəhəng olmasına baxmayaraq, qorxaq idi. Qorxaq?
Bəlkə də utancaq. Nədənsə ona özümdən çox inanırdım. Əla hazırlıq prosesi keçmişdik. 2006-cı ildə onu Aahendə o mənim ümidlərimi
doğrultmalı idi. Yarışa bir neçə gün qalmış “Hannes” zədələndi. Çıxış yolunun “Satçmo”da tapdım. Onun dəlisovluğundan zövq alırdım.
Mənə təvazökarlıq öyrədən at istənilən vaxt üsyankar ola bilirdi. Yeri gəlmişkən “Üsyankar” mənə Aahendə qalibiyyət qazandırmışdı.
Əsas bacarıq və ya altıncı hiss
Düşünürəm ki, perspektivli gənc atları aşkar etmək xüsusi bacarıq tələb edir. Mənə görə bu altıncı hiss sayıla bilər. Bu yerdə kim yada
düşür?! Əlbəttə ilk müəllimim Doktor Uve Şulten-Baumer.
Məndən soruşurdular ki, dörddə bir əsrdir zirvədəsiniz. Bu atları necə seçirsiniz? Qeyri-ixtiyari olaraq deyirdim ki, əsas odur ki, gözüaçıq
olmalısan. Axtarmalısan. Məsələn “Belantis” adlı atı verilişdə görmüşdüm. Onu çox bəyəndim. Sonra elə oldu ki, “Belantis”in özü təlim
üçün mənim yanıma gətirildi. Sizcə mənim bəyəndiyim at, mənim yanımdan uzaqlaşa bilər? Komandam məni yaxşı başa düşür,
istəklərimi bir baxışdan tuturdu. Buna görə “Bella Rouz”, “Belantis”, “Don Conson”, “Veyqold”, “Emilio” və sairə mənim tövləmin sakini
oldular. Mən bir seçimi və istəyi hədsiz olan bir insanam. İstədiyini çox və əhatəli istəmələsən. Onda qazancın sənə zövq verəcək və
ürəyincə olacaq. Bir atın arxasınca getsəydim, bilin ki, tövləm boş qalardı. Zaman keçdikcə xəyallarımın üfüqü görünmürdü. Mən
qadınam. Qadın incəlik, kübarlıq və gözəllik nümunəsidir. Bu idman növündə yenilik etmək istəyirdim. Arzu edirdim ki, atın tərkində
çıxışa başlayanda tamaşaçı məni ilk baxışdan tanısın. Bilirsiniz neynədim?
Atçılıq idmanında inqilab edən cazibə
Son bir neçə ildə İzabel Vert daha böyük nüfuz sahibinə çevrilib. Onun atçılıq yarışlarında istifadə etdiyi geyimlər diqqət çəkib. Sanki
təmsil etdiyi idman növündə hamı onunla hesablaşmağa başlayıb. Xanım Vertin bu məqamlarla bağlı fikirlərini onun dili ilə təqdim edək.
2011-ci ildə bütün diqqətlər mənə yönəlmişdi. At üzərində hamı məni süzürdü. At üzərində zərif üst papaq əvəzinə qızıl rəngli dəbilqə
göründüm. Bu bir risk və inqilab idi. Mənə qədər o FEI (Beynəlxalq Atçılıq Idmanı Federasiyası) qaydalarına görə yalnız gənc
idmançıların bu tərzdə görünməsinə icazə verilirdi.
Qeyd: FEI-nin yeni qaydalarına əsasən, 2018-ci ildən etibarən yaşı 26-dan aşağı olan idmançılardan yalnız qoruyucu dəbilqədə
yarışmaq tələb olunur.
Bilirdim ki, buna görə hesabat verəcəyəm. Olsun, mən bu idman növünə şərəf və nüfuz gətirən bir xanımam. Hətta çoxları düşünürdülər
ki, mən qəsdən bu addımı atıb, tanınmaq istəyirəm. Məgər mən buna qədər tanınmırdım? Bu tərzdə yarışa əlavə rəng qatdım. Ali
qurumun rəsmiləri də normal qarşılamışdılar.
Yeri gəlmişkən, məni qınayanlardan öyrəndim ki, onlar qəsdən yarış dəbilqələri istehsalçısı olan “Uvex” brendini tanıtmaqda məni ittiham
edirlər. Onların dedikləri elə özlərinə qaldı. Zamanla hər şey öz yerini tapdı. Mənim sayəmdə atçılıq yarışları zamanı təhlükəsizliyin təbliği
üçün istifadə etdiyim geyim tərzi sərhədləri aşmağa başladı. Birdə ki, bu idman növünə mənə qədər çoxları yenilik gətirmişdi.
Mən özümlə bərabər atlarımı da nəzərə almışam. Onları Britaniyanın BATES və Avstraliyanın WINTEC brendlərindən olan yəhərlərlə
təmin etmişəm. Bu brendlər mənim də məsləhətlərimdən yararlanmışdılar. Hətta yəhərlərin əksər modelləri mənim adımı daşıyır.
Pərdə arxasından boylanan xoşbəxtlik
Atçılıq idmanın şahzadəsinin uğurları o qədər çox olur ki, o, şəxsi həyatını qalın pərdənin arxasında gizlədə bilir. Amma insanlar hər
zaman şəxsi həyatı öyrənməkdən zövq alır. Əksəriyyət Vertin ailəsi ilə bağlı məlumat axtarır, onun şəxsi həyatına nüfuz etməyə cəhd
edirdilər. Vert bu barədə daha dolğun danışacaq.
Mətbuat və azarkeşlər mənim şəxsi həyatım barədə bir kəlməni də özləri üçün uğur hesab edirdilər. Suallardan qaçmaq çətin idi.
Nəhayət, qərara aldım ki, hamıya şad xəbər verim. Dedim ki, yaşımın 40 olmasına baxmayaraq, yaxın müddətdə ana olacağam.
Manşetlərə və müzakirələrə gözəl mövzu vermişdim. Hətta daha xırdalıqlara getməyə başladılar. Amma şəxsi həyat ümumidən
fərqlənməlidir.
2009-cu ilin oktyabrında oğlum Frederik dünyaya gəldi. Atası Volfqanq Urbanla çox sevinirdik. Mən ana olmaq arzusunda idim və bu
arzuma da çatdım. Bilirdim ki, sağlam uşaq dünyaya gətirməyin təbii həddi var və mən hiss etdim ki, bu, doğru zamandır. Frederik indi
böyük oğlandır. Ona qulluq etmək necədə xoşdur. Oğlumu məktəbə göndərdikdən sonra, saat 9-da atlara baş çəkirəm.
Mən 50-60 yaşım olanda yüksək səviyyədə çıxış edə biləcəyimə inanmıram. İndi ailəm haqqında düşünürəm.
Bu həyat hekayəsinin sirri nədən ibarətdir?
İzabel Vertin həyat hekayəsi imkanlı ailədən olan olması və atlardan deyil. Bu hekayə onun Olimpiya qızılı ilə parıldayan istedadından və
əzmkarlığında bəhs edir. O işini sevir, atlara xüsusi yanaşır. Bu gün İzabel Vert dünya idmanında izaholunmaz bir fenomenə çevrilib.
Olimpiya Oyunlarının, dünya və Avropa kuboklarının və çempionatların 30 qızılı onun şəxsi muzeyindədir. O, Almaniyanın fəxri hesab
olunur. Atçılıq idman növünün şahzadəsi dünya reytinqinin ilk 10-luğundadır. İnanılmaz dərəcədə cazibədar bir təbəssümə sahib olan bu
xanım həyatın çətin anlarında belə bu üz cizgisini qoruya bilib. O, yaşayan əfsanə, milyonların sevimlisi və ən əsası xoşbəxt anadır.
Anar Əhmədov