Gənc məşqçinin yetirmələri etimadı doğruldur

Gənc məşqçinin yetirmələri etimadı doğruldur


İdman nailiyyətlərimiz müxtəlif növlər üzrə əldə olunub. Bu növlərdən biri də güləşdir. Qazanılan uğurlar, göstərilən qayğı uşaq və yeniyetmələrin bu idman növünə olan marağını artırır. Hazırda ölkəmizdə minlərlə uşaq və gənc güləşlə məşğul olur. Onlara yaradılan şərait, istifadəyə verilən müasir səviyyəli idman bazaları güləşçilərimizin beynəlxalq arenalarda uğurlu çıxışlarına zəmin yaradıb.
Ölkəmizdə güləşin daha da inkişaf etməsi, populyarlaşması və kütləviləşməsi istiqamətində Azərbaycan Güləş Federasiyası tərəfindən mühüm işlər görülür. Federasiyasının qəbul etdiyi "Hər ailədə bir güləşçi” devizi bu növün uşaq və gənclər arasında sürətlə yayılması məqsədini daşıyır. Görülən bütün işlər qədim ənənəsi olan güləşimizin inkişafına yönəldilib. Təsadüfi deyil ki, ölkəmizdə bu gün uşaq və gənclərin ən çox müraciət etdiyi növlərdən biri məhz güləşdir. Pəhləvanlarımızın beynəlxalq miqyaslı turnirlərdə, Olimpiya oyunlarında qazandıqları yüksək nəticələr, güləşin inkişafına yönələn diqqət uşaq və gənclərin bu növə olan marağını daha da artırıb, gənc nəslin güləş zallarına axını çoxalıb.
"Gənclik şəhəri” Sumqayıtda da uşaq, yeniyetmə və gənclər güləşə böyük həvəs göstərirlər. Onların uğur qazanmasında burada fəaliyyət göstərən idman ocaqlarının, o cümlədən təcrübəli məşqçilərin xüsusi rolu var. Belə məşqçilərdən biri də Azərbaycan Güləş Federasiyasının (AGF) 2 saylı nümayəndəliyinin sərbəst güləş üzrə məşqçisi Xəyal Əliyevdir. Gənc məşqçi bu növün sirlərini yetirmələrinə həvəslə öyrədir. 2009-cu ildən məşqçi kimi fəaliyyət göstərən lik edən Xəyal idmançı kimi də bir sıra nailiyyətlər qazanıb. O, 2002-ci ildə respublika çempionu adına layiq görülüb. Elə həmin il tələbələr arasında keçirilən Azərbaycan çempionatının da qalibi olub. 2003-cü ildə isə gənclər arasında respublika çempionu titulunu qazanıb. O, 2004-2005-ci illərdə böyüklər arasında keçirilən ölkə çempionatının bürünc mükafatını əldə edib. Hazırda isə bu məşqçi güləşdə uğur qazanmağın sirlərini yetirmələrinə öyrədir. O həm oğlanlara, həm də zərif cinsin nümayəndələrinə bu növün sirlərini aşılayır. Xəyal Əliyevin rəhbərlik etdiyi sərbəst güləş bölməsində 15 qız, 50 oğlan məşq edir. Məşqçinin illər ərzində qazandığı təcrübə onun yetirmələrinin həm ölkədaxili, həm də beynəlxalq yarışlarda uğurlar qazanması ilə nəticələnib. Belə ki, gənc məşqçinin yetirməsi Türkan Nəsirova (46 kq) 2012-ci ildə Bakıda yeniyetmələr arasında keçirilən dünya birinciliyinin gümüş mükafatını qazanıb. 2013-cü ildə isə o, Çernoqoriyada təşkil olunan yeniyetmələr arasında Avropa birinciliyinin bürünc mükafatına layiq görülüb. Bu ilin əvvəlində Ukraynada təşkil olunan beynəlxalq turnirdə Türkan Nəsirova ikinci olub. Bacarıqlı məşqçinin yetirməsi Sabina Həmzəlzadənin (49 kq) də uğurları kifayət qədərdir. Sabina ötən il Ukraynada təşkil olunan beynəlxalq turnirdə üçüncü yerə sahib çıxıb. İstedadlı güləşçi dəfələrlə qızlar arasında respublika çempionu tituluna yiyələnib. Ötən il qızlar arasında təşkil olunan Azərbaycan çempionatında Xəyal Əliyevin 7 yetirməsi mübarizə aparıb. 60 kq çəki dərəcəsində yarışan Firuzə İbrahimova çempionatı qızıl medalla başa vurub. Onun komanda yoldaşı Ləman Kərimova (52 kq) və Yasəmən Məcidli (43 kq) gümüş medala layiq görülüb. Türkan Osmanova (43 kq), Arzu Cəfərova (56 kq), Şəbnəm Xudayarlı (70 kq) və Cəmalə Sərkərova (40 kq) ölkə çempionatının bürünc mükafatlarını qazanıblar. Oğlanlar arasında keçirilən yarışlarda da məşqçinin yetirmələri yüksək nailiyyətlər əldə ediblər. 42 kq çəki dərəcəsində çıxış edən Nicat Mərdanov Azərbaycan çempionatının gümüş mükafatçısı adını alıb. O, Avropa birinciliyində 5-ci yeri tutub. Telman Musayev (56 kq) azyaşlı yeniyetmələr arasında Azərbaycan çempionatının qızıl medalına layiq görülüb. Ülvi Yaqubov (74 kq), Amil Vəliyev (46 kq), Rusif Tahirov (50 kq) və digərləri dəfələrlə Sumqayıt çempionatının, həmçinin şəhərlərarası turnirlərin qalibi olublar.

Bizimlə söhbətində gənc məşqçi yetirmələrinin uğurlarını ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğının sayəsində mümkün olduğunu dedi: "Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev fiziki və mənəvi cəhətdən sağlam gənclərin yetişdirilməsini dövlətimizin ən vacib məsələsindən biri hesab edir və bu məsələnin həyata keçirilməsi üçün dövlətimiz tərəfindən lazımi işlər görülür. Göstərilən dövlət qayğısı bütün idman növlərinə, o cümlədən güləşin həm texniki-təlim, həm də elmi-metodiki bazasının daha da gücləndirilməsinə geniş imkan yaradıb.
Azərbaycan Güləş Federasiyası tərəfindən bölgələrdə güləşin kütləviliyinin təmin edilməsi, maddi-texniki bazanın yaradılması üçün həyata keçirilən tədbirlərin nəticəsidir ki, bölgə təmsilçiləri də beynəlxalq arenalarda keçirilən yarışlarda inamla mübarizə apararaq böyük nailiyyətlər əldə edirlər. Bölgələrdə fəaliyyət göstərən zallar üçün güləş döşəkləri, avadanlıqlar paylanılır, məşqçilərə, güləşçilərə mükafatlar verilir, təqaüdlər təyin edilir. Bölgələrdə müxtəlif yaş qruplarında məşğul olan güləşçilər üçün ayrı-ayrı məşq proqramları tərtib olunub. Məhz buna görədir ki, ötən illər ərzində beynəlxalq arenalarda və ölkədaxili turnirlərdə nailiyyət əldə edən bölgə idmançılarının sayı əvvəlkilərə nisbətən xeyli çoxalıb”.
Bacarıqlı məşqçi qeyd etdi ki, güləş üzrə milli komandanın əsas ehtiyat qüvvəsi də regionlarda hazırlanır. "Güləş Federasiyası bölgələrdə güləş növlərinin təbliği, inkişafı və təlim-məşq toplanışlarını təkmilləşdirmək məqsədilə mütəmadi olaraq turnirlər təşkil edir. Bir sözlə, Azərbaycan Güləş Federasiyası güləşin inkişaf etdirilməsi üçün böyük işlər görür. Bütün bunlar yerlərdə uşaqların güləşlə məşğul olması, asudə vaxtlarının səmərəli keçməsi, fiziki cəhətdən sağlam olmalarına zəmin yaradır. Biz məşqçilərin əsas vəzifəsi isə göstərilən etimadı doğrultmaq, idmançılarımızın ölkəmizi ləyaqətlə təmsil etməsinə nail olmaqdır. Hər bir məşqçi öz məsuliyyətini bilməlidir. Mən də bir məşqçi kimi çalışıram ki, yetirmələrim yarışlarda uğurlu çıxışları ilə fərqlənsinlər. Yetirmələrimin uğurları məni bir məşqçi kimi ruhlandırır. Ümid edirəm ki, onlar bundan sonra da etimadı doğruldacaqlar”, - deyə o əlavə etdi.
Qeyd edək ki, gənc məşqçi Xəyal Əliyev "Olimpə doğru” jurnalının 2013-cü ilin yekunları ilə bağlı keçirdiyi rəy sorğusunda "İlin ən gənc idman mütəxəssisi” nominasiyasının qalibi olub.
Hürrü Abdullayev