Ötən gecə 2026-cı ildə təşkil olunacaq futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları keçirilib.
Olimpnews.az xəbər verir ki, B, C, I və L qruplarında ümumilikdə 7 qarşılaşma təşkil olunub.
B qrupunda Kosovo komandası İsveçə 2:0 hesabı ilə qalib gəlib. Qrupun digər oyununda isə İsveçrə millisi Sloveniyanı üç cavabsız qolla üstələyib. Bu oyunlardan sonra İsveçrə 6 xalla qrupa başçılıq edir. Aktivində üç xalı olan Kosovo ikincidir. Hərəyə bir xal toplayan İsveç və Sloveniya milliləri isə müvafiq olaraq üçüncü, dördüncü yerləri bölüşürlər.
C qrupunda isə Şotlandiya millisi səfərdə Belarusa qalib gəlib -0:2. Yunanıstan millisi isə doğma meydanda Danimarkaya 0:3 hesabı ilə məğlub olub. Aktivində 4 xalı olan Danimarka və Şotlandiya ilk iki pilləni bölüşdürür. Yunanıstan üç xalla üçüncüdür. Sonuncu pillədə qərarlaşan Belarusun isə aktivində xal yoxdur.
Gecənin ən maraqlı və məhsuldar oyunu I qrupunda yer alan İsrail və İtaliya komandalarının qarşılaşması olub. Oyun İtaliya millisinin əzmkar qələbəsi ilə yekunlaşıb -4:5. Qrupa aktivində 12 xalı olan Norveç millisi başçılıq edir. Qələbə sayəsində xallarının sayını 9-a yüksəldən İtaliya seçməsi ikinci, eyni xala malik olan İsrail yıması isə üçüncüdür. Dördüncü pillədə qərarlaşan Estoniyanın aktivində 3 xalı var. Keçirdiyi bütün oyunlarda məğlub olan Moldova millisi isə sonuncu – beşincidir.
L qrupunda isə Cəbəllütariq komandası doğma meydanda Farer adalarına 0:1 hesabı ilə məğlub olub. Qruöun digər təmsilçisi Xorvatiya isə Monteneqroya böyükhesabla qalib gəlib - 4:0. Qrupda aktivində 12 xalı olan Çexiya və Xorvatiya milliləri şərikli liderlik edirlər. Monteneqro və Farer Adaları 6 xalla müvafiq olaraq, üçüncü, dördüncü yerləri bölüşürlər. Aktivində xalı olayan Cəbəllütariq isə sonuncu – beşincidir.
DC-2026: İtaliya millisindən əzmkar qələbə
