Soçidə XXII Qış Olimpiya Oyunlarının təntənəli bağlanış mərasimi keçirilmişdir

Soçidə XXII Qış Olimpiya Oyunlarının təntənəli bağlanış mərasimi keçirilmişdir

Fevralın 23-də Soçidə XXII Qış Olimpiya Oyunlarının təntənli bağlanış mərasimi keçirilmişdir.
"Fişt” Olimpiya stadionunda təşkil olunmuş mərasimdə əvvəlcə "Bu gözəl həyat” filminin musiqisinin sədaları altında hazırlanmış qayıq stadiona daxil olmuşdur. Soçi Qış Olimpiya Oyunlarının kiçik qəhrəmanı Lyubov əlində yarışın talismanı olan ağ ayı və digər iki yeniyetmə rusiyalı ilə iştirakçıları salamlamışdır.
Sonra Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax iştirakçıları salamlamışlar.

Olimpiya Oyunlarında qızıl medal qazanmış rusiyalı idmançılar dövlət bayrağını gətirmiş və himnin sədası altında bayraq qaldırılmışdır. Rusiyanın dövlət himni Valeri Qerqiyevin rəhbərliyi altında uşaq xoru və 1000 gəncdən ibarət orkestrin ifasında səsləndirilmişdir.
Daha sonra Rusiya Hərbi Məktəbinin barabançıları gözəl şou nümayiş etdirmişlər.
Mərasimdə iştirakçı ölkələrin bayraqları meydana gətirilmiş və dünya ölkələri olimpiyaçılarının yürüşü olmuşdur. Müxtəlif ölkələrin idmançılarının birgə yürüş ənənəsinin təməli 1956-cı ildə qoyulmuşdur. Bu yürüş idmanın birləşdirici qüvvəsinin rəmzidir.
Qadınlar arasında 30, kişilər arasında isə 50 kilometr məsafəyə xizək yürüşü yarışlarının mükafatçılarına "Fişt” Olimpiya stadionunda medallar təqdim olunmuşdur.
Sonra Rusiya mədəniyyətinə həsr olunmuş bədii hissə başlamışdır. Bədii hissədə məşhur pianoçu Denis Maçuev Raxmaninovun "İkinci fortopiano konserti” əsərini 62 fortapionun müşayiəti ilə ifa etmiş, Nikolay Karsakovun "Şəhrizad” simfonik süitasının sədaları altında Rusiyanın Böyük və Marinski teatrlarının aktyorları tamaşaçılara xoş anlar yaşatmışlar. "Maskarad” filminin musiqisinin sədaları altında Rusiyanın 23 məşhur yazıçısının yaradıcılığına həsr olunmuş hissə nümayiş olunmuşdur. "Sirk möcüzələri” adlı hissədə 120 personaj tamaşaçılara təqdim olunmuşdur.
XXII Qış Olimpiya Oyunlarının bağlanış mərasimində Olimpiya bayrağı BOK-un prezidenti T.Baxa təqdim olunmuşdur. Ali Olimpiya qurumunun prezidenti bayrağı 2018-ci il Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək Koreya Respublikasının nümayəndəsinə vermişdir. Sonra Olimpiya Oyunlarının vətəni Yunanıstanın və Koreya Respublikasının bayraqları qaldırılmış və dövlət himnləri ilə yanaşı, Olimpiya himni də səsləndirilmişdir.
Mərasimdə XXIII Pxençxan Qış Olimpiya Oyunlarının təqdimatı olmuş və Koreya Respublikasının mədəniyyətindən bəhs edən hissə nümayiş etdirilmişdir.
Şou başa çatdıqdan sonra Soçi-2014 Olimpiya Oyunlarının Təşkilat Komitəsinin sədri Dmitri Çernışenko çıxış edərək qonaqları və idmançıları salamlamış, bu oyunların Rusiyada keçirilməsindən qürur duyduqlarını bildirmiş, mükafatçılar sırasında yer almış idmançıları təbrik etmişdir.
BOK-un prezidenti T.Bax Soçidə keçirilən bu idman bayramının Olimpiya tarixində yeni səhifə açdığını vurğulayaraq yüksək təşkilatçılığa görə, Rusiya hökumətinə öz təşəkkürünü bildirmişdir.
Sonda Soçi Qış Olimpiya Oyunlarının rəsmi talismanı ağ ayı, dovşan və bəbirin iştirakı ilə Olimpiya məşəli söndürülmüş və atəşfəşanlıq olmuşdur. Soçi Rusiyanın yay kurort şəhəri olsa da, Qış Olimpiya Oyunlarına yüksək səviyyədə ev sahibliyi etmişdir.
Soçidə XI Qış Paralimpiya Oyunları isə martın 7-dən 16-dək keçiriləcək.