Fevralın 21-22-də Bolqarıstanın Sofiya şəhərində güləş üzrə 52-ci "Dan Kolov - Nikola Petrov” beynəlxalq turniri keçirilib. Turnirdə iştirak edən sərbəst güləş üzrə yığma komandamızın üzvləri turniri 5 qızıl və 2 bürünc medalla başa vurublar.
Turnirin ilk günündə mübarizəyə qoşulan Hacı Əliyev (61 kq) bütün rəqiblərindən üstün olub və qızıl medal qazanıb. O, Əlcəzair, Ermənistan, Bolqarıstan və Türkiyə güləşçilərini mübarizədən kənarlaşdırıb.
74 kq-da mübarizə aparan Cəbrayıl Həsənov isə bürünc medala yiyələnib. Turnirin ikinci günündə 3 pəhləvanımız mübarizəyə qoşulub.
86 kq-da Həmzət Osmanov və 125 kq-da Cəmaləddin Məhəmmədov bütün rəqiblərindən üstün olmaqla, yığmamıza qızıl medal qazandırıblar. Həmzət Osmanov ardıcıl olaraq Əlcəzair, Polşalı rəqiblərinin və finalda isə Türkiyə güləşçisi üzərində qələbə qazanıb. Cəmaləddin Məhəmmədov isə, Bolqarıstanın iki, ardınca Ermənistan, finalda isə Ukrayna təmsilçisini tatamidən uzaqlaşdırıb.
57 kq-da mübarizə aparan Ruslan Surxayev bürünc medala sahib olub. Həlledici görüşdə güləşçimiz yaponiyalı rəqibindən üstün olub. Turnirin son günündə 65, 70 və 97 kq çəki dərəcələrində yarışan pəhləvanlar qüvvəsini sınayıb. Ruslan Dibirhacıyev (70 kq) və Olimpiya çempionumuz Şərif Şərifov (97 kq) turnirin son günündə xalça üzərinə çıxıblar. Hər iki güləşçimiz inamla güləşərək finala vəsiqə qazanıb. Final görüşlərini də qələbə ilə tamamlayan Ruslan və Şərif turnirin qızıl medalını qazanıb. Olimpiya və dünya çempionu Şərif Şərifov sərbəst güləş yarışlarında turnirin ən texnikalı güləşçisi nominasiyasında kubokla mükafatlandırılıb.
Xatırladaq ki, yığma komandanın baş məşqçisi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında turnirdə 8 güləşçimiz mübarizə aparıb. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edib.