Portuqaliyanın "Benfika" klubuna səfərdə 3:2 hesabı ilə qalib gələn "Qarabağ" komandası bu gün səhər saatlarında Vətənə qayıdıb. Olimpnews.az xəbər verir ki, futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin birinci turunda tarixi qələbə qazanan komandamızı Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndləri, jurnalistlər və azarkeşlər qarşılayıblar. Oyun haqqında jurnalistlərlə təəssüratlarını bölüşən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov belə qələbələrin ölkəmizdə futbolu sevdirmək üçün təkan verdiyini qeyd edib. "Futbolçularımız belə bir vacib oyunda əsl mübarizə göstərdilər. Oyunun ilk dəqiqələri bir qədər gərgin oldu. Lakin növbəti dəqiqələrdə futbolçularımız oyunu ələ ala bildilər. Bu, bizim Azərbaycan futbol tarixində Çempionlar Liqasının əsas mərhələsində ilk qalibiyyətimiz idi. Bu qələbə futbolçulara əlavə inam verdi, klub olaraq biraz da böyüdük. 2:0 hesablı məğlubiyyətdən sonra geridönüş etdik və belə bir qələbə qazandıq. Futbolçularımla qürur duyuram", - deyə Qurban Qurbanov bildirib.