ADBTİA-da Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi

ADBTİA-da Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi


Fevralın 25-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) akt zalında Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə ADBTİA-nın rektoru, professor Ağacan Abiyev, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Vəli Əliyev, akademiyanın müəllim-tələbə heyəti iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan ADBTİA-nın rektoru, professor Ağacan Abiyev 22 il bundan əvvəl Ermənistanın silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə törədilən Xocalı soyqırımı barəsində məlumat verdi. Rektor çıxışında qeyd etdi ki, xalqımızın başına gətirilən ən böyük faciələrdən biri olan Xocalı soyqırımı insanlığa qarşı törədilən cinayətlərdəndir. Bu faciə hər il beynəlxalq mustəvidə yad edilir, Ermənilərin törətdiyi soyqırımı qurbanlarının xatirəsi hər zaman əziz tutulur.

Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Vəli Əliyev Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biri olan Xocalı faciəsi zamanı xalqımızın yüzlərlə şəhid verdiyini diqqətə çatdırdı. Qeyd olundu ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı toplardan və ağır artilleriyadan şiddətli atəşə tutulub. Azğınlaşmış mənfur düşmən uşaq, qoca və qadına rəhm etmədən, yüzlərlə dinc sakini amansızcasına qətlə yetirib. Vəli Əliyev çıxında bildir ki, dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunları Xocalı faciəsi kimi soyqırımları pisləyir. Xocalı soyqırımı həqiqətlərindən dünya dövlətlərinin xəbərdar olması üçün dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlər nətiəcəsində artıq bir sıra ölkələr Xocalı soyqırımını tanıyıb.
ADBTİA-nın prorektoru, professor Dilqəm Quliyev çıxışında qeyd etdi ki, dünya tarixində 26 fevral ən qanlı cinayətin baş verdiyi gün kimi təqvimə düşüb. Xocalı faciəsinin yaddaşlarda əbədi yaşayacağını bildirən D.Quliyev ölkəmizin qabaqcıl ali məktəblərindən olan ADBTİA-nın gənclərinin də vətənpərvərlik hissləri ilə yaşadıqlarını vurğuladı və indiyə qədər Qarabağ münaqişəsi zamanı ali təhsil ocağının 30-dan çox şəhid verdiyini vurğuladı. Çıxışlara başa çatdıqdan sonra Xocalı dəhşətlərini əks etdirən videofilm nümayiş etdirildi.