“Həyat” və “Azəri” “Gənc Olimpiyaçılar” kubokunun sahibidirlər

“Həyat” və “Azəri” “Gənc Olimpiyaçılar” kubokunun sahibidirlər

Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında 2000-2001-ci illər təvəllüdlü yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə "Gənc Olimpiyaçılar” kuboku yarışları başa çatıb.
Yarış Azərbaycan Güləş Federasiyasının (AGF) 1 nömrəli nümayəndəliyinin tərkibində fəaliyyət göstərən klublarda sərbəst və yunan-Roma güləşi üzrə perspektivli idmançıların aşkarlanması, məşqçilərin işlərinin qiymətləndirilməsi məqsədi daşıyıb.

Yarışın sonuncu günündə yunan-Roma güləşi üzrə yarışlar keçirilib. Yarışda 6 komanda iki yarımqrupda mübarizə aparıb.
Yekunda yunan-Roma güləşi üzrə "Gənc Olimpiyaçılar” kuboku yarışlarının qalibi "Həyat” güləş klubu olub. "Cəngi” ikinci, "Xosrov Cəfərov” komandası isə üçüncü yeri tutub.
Qeyd edək ki, sərbəst güləş üzrə yarışlarda 6 komanda iki yarımqrupda mübarizə aparıb. Yarımqrupda birinci yeri tutan komandalar finalda qarşılaşıblar. İkinci yeri tutmuş komandalar 3-4-cü yerlər, yarımqrupun üçüncüləri isə 5-6-cı yerlər uğrunda mübarizə aparıblar.
Sərbəst güləş yarışlarında yarımqruplarda keçirilən görüşlərin nəticələrinə əsasən, 5-6-cı yer uğrunda "Həyat” GK və "Nardaran” GK, 3-4-cü yer uğrunda "Xosrov Cəfərov” GK və "Xəzri” GK, finalda isə "Müşviqabad” GK və "Azəri” GK qarşılaşıb. Yekunda sərbəst güləş üzrə "Gənc Olimpiyaçılar” Kuboku yarışlarının qalibi "Azəri” Güləş Klubu olub. "Müşviqabad” GK ikinci, "Xəzri” GK isə üçüncü yeri tutub.
Yarışda ilk üç yeri tutmuş komandalar AGF tərəfindən diplom, kubok və hədiyyələrlə mükafatlandırılıblar.