Azərbaycan məşqçiləri beynəlxalq kateqoriyalı hakim adını qazanıblar

Azərbaycan məşqçiləri beynəlxalq kateqoriyalı hakim adını qazanıblar

Azərbaycanın üç və İranın iki mütəxəssisi qadın idman gimnastikası üzrə beynəlxalq dərəcəli hakim olub. Həmin qərar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qadın idman gimnastikası üzrə Texniki Komitəsinin prezidenti Nelli Kimin iştirakı ilə yanvar ayının sonunda Bakıda keçirilən hakimlər üçün seminarın yekunlarına əsasən qəbul edilib.
Qadın idman gimnastikasına dair kurslarda uğurla iştirak edən milli məşqçilərimiz Səbinə Bəşirova ("Sərhədçi”), Lalə Abdullayeva ("Neftçi”), habelə Rza Əliyev (Bakı İdman Məktəbi) iki imtahan verərək 4-cü hakimlik dərəcəsi alıblar. Lalə Abdullayeva və Rza Əliyev həm də akrobatika və kişi idman gimnastikası üzrə, müvafiq olaraq, 4-cü və
2-ci dərəcəli hakimlik dərəcəsinə layiq görülüblər.
Kursların rəhbəri bildirib ki, Rza Əliyev qadın gimnastikasında yalnız qadınların hakimlik edə biləcəyi barədə stereotipləri aradan qaldırıb. FİG Texniki Komitəsinin başçısı bu barədə deyib: "Üstəlik, bir Olimpiya tsiklində eyni adamın həm kişilərin, həm də qadınların yarışına hakimlik etməsini xatırlamıram”.
Yeni hakimlər artıq mart və aprel aylarında Almaniya və Qətər, Sloveniya və Xorvatiyada keçiriləcək Dünya kubokunun "B” kateqoriyalı mərhələ yarışlarında iştirak edə biləcəklər. Mayın ortalarında isə Sofiya şəhərində Avropa çempionatı keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ötən ildən başlayaraq qadın idman gimnastikasını fəal inkişaf etdirir.