III MDB Oyunları: Bu gün dörd idman növü üzrə yarışlar keçiriləcək

III MDB Oyunları: Bu gün dörd idman növü üzrə yarışlar keçiriləcək

Bu gün Azərbaycanda keçirilən III MDB Oyunlarında üçüncü yarış gününə start veriləcək. 

Olimpnews.az xəbər verir ki, idmançılar dörd idman növü üzrə yarışlarda qüvvələrini sınayacaqlar. Qəbələ Olimpiya Kompleksində stolüstü tennis üzrə fərdi yarışların final mərhələsi keçiriləcək. Oyunlar saat 10:00-da başlayacaq. Azərbaycan təmsilçilərindən oğlanlar arasında Onur Quluzadə və Adil Əhmədzadə, qızlardan isə Mərziyə Nurmətova birincilik uğrunda mübarizə aparacaqlar.

Bu gün, həmçinin 3 növ üzrə yarışlara start veriləcək. Qəbələ atıcılıq klubunda stend atıcılığı, Gəncə İdman Sarayında üzgüçülük, Şəki şəhər stadionunda çövkən yarışları da təşkil olunacaq. Stend atıcılığında qarışıq komanda, qadın və kişilərin fərdi yarışları, üzgüçülükdə sərbəst, arxası üstə, brass, kəpənək və qarışıq proqramlar üzrə yarışlar təşkil olunacaq.

Azərbaycan çövkən millisi isə A qrupunda Qırğızıstanı sınağa çəkəcək. B qrupundakı matçda Özbəkistan Qazaxıstanla üz-üzə gələcək.