III MDB Oyunları: Üzgüçülərimizdən daha dörd medal 

III MDB Oyunları: Üzgüçülərimizdən daha dörd medal 


III MDB Oyunlarının ikinci yarış günündə Azərbaycan üzgüçüləri uğurlu çıxışları ilə yadda qalıblar. 
Olimpnews.az xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən yarışlarda millimizin üzvləri daha 4 medal - 3 gümüş və 1 bürünc mükafat qazanıblar.
Fəxri kürsüyə yüksələn idmançılarımız arasında Oqtay Hüseynov “butterfly” üsulu üzrə 200 metr məsafədə, Süleyman İsmayılzadə sərbəst üsulla 200 metr məsafədə, Mehri Əbdürəhmanlı isə “butterfly” üsulu üzrə 200 metr məsafədə gümüş medal əldə ediblər. Anastasiya Qnusina isə “butterfly” üsulu üzrə 200 metr məsafədə bürünc medala sahib olub.
Üzgüçülərimiz yalnız medal qazanmaqla kifayətlənməyib, şəxsi rekordlarını da təzələyiblər. Belə ki, Oqtay Hüseynov 200 metr “butterfly” üsulu üzrə yarışlarda məsafəsini 02:09.55-də qət edərək əvvəlki nəticəsini  (02:09.73) yaxşılaşdırıb. Süleyman İsmayılzadə 200 metr sərbəst üsulda 01:51.54 nəticə ilə yeni rekord müəyyənləşdirib. Mehri Əbdürəhmanlı 200 metr “butterfly”də 02:30.74, Anastasiya Qnusina isə 400 metr sərbəst məsafədə 04:42.65 nəticə ilə şəxsi göstəricilərini yeniləyiblər.
Xatırladaq ki, üzgüçülərimiz yarışların ilk günündə də 3 medal qazanmışdılar. Süleyman İsmayılzadə sərbəst üsul üzrə 1500 metr məsafədə gümüş, Yeqor Maynitski qarışıq üsulla 200 metr məsafədə bürünc, Mehri Əbdürəhmanlı isə “butterfly” üsulu üzrə 100 metr məsafədə bürünc medal qazanmışdı.
Qeyd edək ki, Azərbaycan üzgüçüləri MDB Oyunlarında ilk dəfədir medal sevinci yaşayırlar. 
III MDB Oyunlarının üzgüçülük yarışlarına oktyabrın 2-də yekun vurulacaq.