Ağacan Abıyev AOA-nın xüsusi mükafatı ilə təltif edilib

Ağacan Abıyev AOA-nın xüsusi mükafatı ilə təltif edilib

Oktyabrın 6-dan 10-na kimi Çex Respublikasının paytaxtı Praqa şəhərində Avropa Olimpiya Akademiyasının (AOA) VII konqresi keçirilib.

Olimpnews.az xəbər verir ki, konqresdə Milli Olimpiya Komitəsinin (MOK) ümumi şöbəsinin müdiri, Azərbaycan Milli Olimpiya Akademiyasının elmi katibi Camaləddin Rəhmanov iştirak edib.

Konqresin sessiyalarında Olimpiya təhsili, qadın idmanında gender bərabərliyi və iştirak hüququ, Olimpiya dəyərlərinin qorunması və təbliği, Avropa Olimpiya Akademiyasının (AOA) hesabatı və digər məsələlər müzakirə edilib. Həmçinin birgə işçi sessiyaları və AOA Flame Mükafatının təqdimat mərasimi keçirilib.

Olimpiya Təhsili və mədəniyyət məsələlərinin müzakirəsi prosesində Olimpiya Mədəniyyəti və Təhsil Proqramı (OCEP) layihəsinin yaradıcısı, MOK-un beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimovun fəaliyyətindən danışılıb, onun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konqresin sonuncu günündə Azərbaycan Milli Olimpiya Akademiyasının prezidenti Ağacan Abıyev AOA-nın xüsusi mükafatı ilə təltif olunub.