Macarıstanda bir bürünc, İsveçdə isə iki qızıl medal qazanıldı

Macarıstanda bir bürünc, İsveçdə isə iki qızıl medal qazanıldı


Macarıstanın Szombatxel şəhərində böyüklər arasında yunan-Roma güləşi üzrə "Qızıl Qran-pri” Beynəlxalq turnirinə yekun vurulub.
Turnirdə yunan-Roma güləşi üzrə yığma komandamızın 3 üzvü mübarizə aparıb.
Güləşçilərimizdən yalnız Rafiq Hüseynov (80 kq) medalçılar sırasında yer alıb. Yarışın ikinci günündə mübarizəyə qoşulan Rafiq Hüseynov bürünc medala sahib olub.
Turnirin ilk günündə yarışan Taleh Məmmədov (66 kq) və Sabah Şəriəti (130 kq) medal qazana bilməsələr də, ilk onluqda yer alıblar. Taleh Məmmədov 8-ci, Sabah Şəriəti isə 7-ci yerə sahib olublar.
Martın 2-də İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnirə yekun vurulub.
Baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında turnirdə ölkəmizi Mariya Stadnik (48 kq), Patimat Baqomedova (53 kq), Yuliya Ratkeviç (58 kq) və Səbirə Əliyeva (75 kq) təmsil ediblər.
Turnirdə 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız Mariya Stadnik ardıcıl ABŞ, Norveç və Bolqarıstan güləşçilərini məğlub edərək finala yüksəlib. Həlledici görüşdə idmançımız daha bir ABŞ təmsilçisinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Digər güləşçimiz Yuliya Ratkeviç (60 kq) ilk görüşündə ABŞ güləşçisini mübarizədən kənarlaşdırıb. Sonra Tunis və yarımfinalda isə İsveç təmsilçisi üzərində qazandığı qələbə nəticəsində güləşçimiz finala yüksəlib. Qızıl medal uğrunda görüşdə Yuliya Ratkeviç kanadalı rəqibindən üstün olub.
Beləliklə, milli komandamız turniri iki qızıl medalla başa vurub.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edib.