“Cəsurlar” hərbi-idman və turizm oyunu

“Cəsurlar” hərbi-idman və turizm oyunu


Qəbələ Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2 saylı Qəbələ şəhər tam orta məktəbində "Cəsurlar” hərbi-idman və turizm oyunu üzrə rayon birinciliyi keçirilib.
Yarışın açılış mərasimində çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov qeyd edib ki, "Cəsurlar” hərbi-idman və turizm oyununun keçirilməsində əsas məqsəd məktəblilər arasında aparılan hərbi vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlığını yüksəltməkdən ibarətdir.
Rayonun tam orta məktəblərinin VII-VIII sinif şagirdlərinin iştirak etdiyi yarışda şagirdlər sıra hazırlığı, taxta hasarın və körpünün üstündən aşmaq, kəndirlə təhlükəli zonanı keçmək, hədəfə qumbara atmaq, zəhərli zonanı əleyhqazla dəf etmək, yaralını döyüş zonasından çıxarmaq, turist çadırını qurmaq mərhələləri üzrə bacarıqlarını nümayiş etdiriblər.
Qəbələ şəhər 2 saylı tam orta məktəbin komandası yarışda birinici yerə layiq görülüb. Rayon birinciliyinin qalibi martın 7-də Balakən rayonunda keçiriləcək zona yarışında Qəbələni təmsil edəcək.
* * *
Fevralın 28-də E.Məmmədov adına şəhər 3 nömrəli tam orta məktəbinin idman bazasında "Cəsurlar” hərbi-idman və turizm oyunları üzrə rayon birinciliyi keçirilib.
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 25 tam orta məktəbin komandası iştirak edib. Gərgin mübarizə şəraitində keçən yarışlarda şəhər 5 nömrəli, E.Məmmədov adına şəhər 3 nömrəli, A.Aslanov adına şəhər 2 nömrəli tam orta məktəblərinin komandaları, müvafiq olaraq, birinci, ikinci və üçüncü yerlərə layiq görülüblər.
Qaliblər Gənclər və İdman İdarəsinin diplomları və qiymətli hədiyyələri ilə təltif olunublar.


* * *
Mingəçevirdə yerləşən 20 nömrəli tam orta məktəbdə "Cəsurlar” hərbi-idman və turizm oyunu üzrə şəhər birinciliyi keçirilib.
Mingəçevir Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Təhsil Şöbəsinin dəstəyi ilə keçirilən birinciliyin açılış mərasimində yarışın əhəmiyyətindən geniş söz açılıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda şəhərin bütün orta məktəblərinin VII-VIII sinif şagirdləri iştirak ediblər.
Şagirdlər sıra hazırlığı, taxta hasarın və körpünün üstündən aşmaq, kəndirlə təhlükəli zonanı keçmək, hədəfə qumbara atmaq, zəhərli zonanı əleyhqazla dəf etmək, yaralını döyüş zonasından çıxarmaq, turist çadırını qurmaq mərhələləri üzrə bacarıqlarını nümayiş etdiriblər.
Yarışda 20 nömrəli tam orta məktəbin komandası birinci, Texniki Humanitar Liseyin şagirdləri ikinci, 19 nömrəli tam orta məktəbin cəsurları isə üçüncü yeri tutublar.
Qalib komandalar şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.
* * *
Fevralın 27-də Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə VII-VIII sinif şagirdləri arasında "Cəsurlar” hərbi-idman və turizm oyunu üzrə rayon birinciliyi keçirilib.
Şəhər stadionunda keçirilən yarışda rayon tam orta məktəblərinin 13 komandası qələbə uğrunda mübarizə aparıb. Komandalar yarış ərzində təntənəli keçid, mahnı ilə keçid, sıra hazırlığı, müxtəlif maneələri dəfetmə, əleyhqaz geyinmə və digər tapşırıqları yerinə yetiriblər.
Gərgin mübarizə şəraitində keçən yarışın yekun nəticəsinə əsasən Siyəzən şəhər 5 nömrəli tam orta məktəbinin komandası I yeri tutub və martın 3-də Quba şəhərində keçiriləcək "Cəsurlar” hərbi-idman və turizm oyununun zona yarışında rayonu təmsil etmək hüququ qazanıb. Şəhər 6 nömrəli tam orta məktəbin komandası II, şəhər 3 nömrəli tam orta məktəbin komandası isə III yerə çıxıb. Fəxri yerləri tutmuş komandalar rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlarla təltif olunub.