“Fəal ailəm, sağlam aləm” proqramının ötən ilin yekunları ilə bağlı görüş keçirilib

“Fəal ailəm, sağlam aləm” proqramının ötən ilin yekunları ilə bağlı görüş keçirilib



Milli Olimpiya Komitəsində (MOK) "Fəal ailəm, sağlam aləm” proqramının ötən ilin yekunları ilə bağlı görüş keçirilib.
Görüşdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, layihənin əlaqələndiricisi Mehman Kərimov, "Coca-Cola” şirkətinin Türkiyə, Qafqaz və Asiya üzrə biznes blokunun prezidenti xanım Qalya Frayman Molinas və digərləri iştirak ediblər.
Qonaqları salamlayan vitse-prezident Çingiz Hüseynzadə əvvəlcə MOK-un fəaliyyəti barədə məlumat verib və dövlətimizin başçısı İlham Əliyevin Olimpiya Hərəkatının inkişafındakı misilsiz xidmətlərindən danışıb. Bildirilib ki, Olimpiya oyunlarının vətəni Yunanıstan olsa da, 2015-ci ildə Avropa Oyunlarına Bakının ev sahibliyindən sonra qitədə Olimpiya Hərəkatının məskəni Azərbaycan olacaq. Bir çox layihələrdə böyük şirkətlərlə əməkdaşlığın uğurlarından danışan Çingiz Hüseynzadə proqramın ərsəyə gəlməsində "Coca-Cola”nın xidmətlərini xüsusi dəyərləndirib. "Coca-Cola” ilə əməkdaşlıq əsasında başlanılan "Fəal ailəm, sağlam aləm” proqramı çərçivəsində ötən il görülən işləri yüksək dəyərləndirən vitse-prezident bu proqramın Yeniyetmələrin Olimpiya Oyunlarının yüngül atletika üzrə Avropa təsnifat yarışının sosial irsinə daxil edildiyini vurğulayıb.
Sonra görülən işlər barədə film nümayiş etdirilib.

Proqramın əlaqələndiricisi Mehman Kərimov nəticələr və 2014-cü il üçün nəzərdə tutulmuş işlər haqqında təqdimatla çıxış edib. Mehman Kərimov cari il üçün nəzərdə tutulan fəaliyyətlərin Təhsil Nazirliyi ilə rəsmi əməkdaşlıq şəraitində həyata keçiriləcəyini xüsusi vurğulayıb.
Görülən bütün işlərin əksini tapdığı film və təqdimat "Coca-Cola” şirkətinin nümayəndələri tərəfindən maraqla qarşılanıb.
Xanım Qalya Frayman Molinas əməkdaşlıqdan razı qaldıqlarını, təmsil etdiyi şirkətin hələ ötən əsrin əvvəlində Olimpiya Hərəkatına yardımçı olduğunu diqqətə çatdırıb.
Tədbirin sonunda Ç.Hüseynzadə qonaqlara MOK-un xüsusi hədiyyələrini təqdim edib.