Azərbaycan sumosu yüksəliş dövrünü yaşayır

Azərbaycan sumosu yüksəliş dövrünü yaşayır

İdmanın hər bir növü özünəməxsus xüsusiyyətləri ilə diqqət çəkir, geniş auditoriya toplayır. Şübhəsiz ki, bütün idman növlərinin böyük və maraqlı tarixi var. Maraqlıdır ki, əksər idman növlərinin tarixi qədim Şərqdən qaynaqlanır. Təsadüfi deyil ki, Şərq-əlbəyaxa idman növləri bu gün miloynlarla insanın sevimli məşğuliyyətinə çevrilib. Şərqdə yaranan və qədim tarixi olan idman növlərindən biri də sumodur.

"Gündoğar ölkə” adlandırılan Yaponiya bu döyüş sənətinin vətəni sayılır. Sumonun tarixi barəsində məlumat toplamaq üçün bir sıra mənbələrə müraciət etdik. Çox maraqlı və qeyri-adi faktlarla rastlaşdıq. Məlum oldu ki, sumo haqqında olan ilk tarixi məlumatlar VII əsrin ortalarına aiddir. 642-ci ilin ikinci ayında, Yaponiyada İmperator sarayında Koreya səfirinin şərəfinə güləş yarışı keçirilib. O vaxtdan hər il payız-çöl işləri başa çatdıqdan sonra bu münasibətlə bayram tədbirləri keçirilirmiş və İmperator bu tədbirlərə himayədarlıq edirmiş. Həmin tədbirlərdə sumo yarışları xüsusi diqqət çəkirmiş. Əvvəllər təkbətək döyüşlər daha çox dini əhəmiyyət daşıyırdı. Həmin döyüşlər ayın rəqsləri, dualarla və dini mövzularda hazırlanmış teatr tamaşaları ilə müşayiət olunurdu.
Sumonun texnikası çox maraqlıdır. İlk vaxtlarda sumo texnikası öz incəliyi ilə fərqlənmirdi. Burada güləşin tullama, tutma fəndləri və boks elementləri yer alırdı. Mübarizə zamanı qadağan edilmiş fəndlər yox idi. Belə qaydalar isə, insan sağlamlığı üçün böyük fəsadlar yaradırdı. Sumonun əsas qaydaları və hakimlik sistemi Heyan dövründə (794-1185-ci illər) formalaşıb. Həmin vaxtdan sonra isə güləşçilərə rəqibin saçından yapışmaq, onu təpikləmək və başına yumruqlar vurmaq qəti qadağan olunub.
Hər bir idman növünün tarixi boyu yüksəliş və tənəzzül dövrü olub. Bunu idman tarixini araşdıran mütəxəssislər daha yaxşı bilirlər. Təkmübarizlik növlərindən sayılan sumo da tənəzzülə uğrayar növlərdən kənarda qalmayıb. Həmin vaxt Asiyada (əsasən Yaponiya) hərbi zümrənin güclənməsi və İmperator hakimiyyətinin zəifləməsi ilə sumonun rolu da ciddi şəkildə dəyişib. Yarışlar dini əhəmiyyətini itirib və az-az keçirilməyə başlayıb. Yaponiyanın daxili müharibələrlə parçalandığı Kamakura və Muromati dövründə (1192-1573 illər) sumo fəndlərindən əsgərlərin tərbiyəsi və döyüşdə tətbiqi üçün istifadə olunub. Sumo hakimlərinin bugünkü dəbdəbəli geyimləri ("qyodzi”) həmin vaxtları xatırladır.
Müasir sumo öz mənbəyini Edo dövründən (1603-cü ildən sonra) götürüb. XVII əsrin əvvəlində arası kəsilməyən daxili müharibələr nəticəsində gücdən düşmüş Yaponiyada sülh quruldu. Ticarət üçün əlverişli şərait yaradıldı, tacirlər sinfi gücləndi. Yeni və qüdrətli zümrə əyləncə axtarışına çıxdı. Bu məqamda sumo yenidən yada düşdü və sumo güləşi Yaponiyada ən sevimli məşğuliyyətə çevrildi. Məhz Edo dövründə 70-ə yaxın qanuni fənd (tullamalar, badalaqlar, qarmaq fəndləri, tutmalar, itələmələr və s.) qəti olaraq rəsmiləşdirildi, ayinlər təsdiqləndi. Müasir dövrümüzə bu günümüzə qədər dəyişilməmiş şəkildə gəlib çıxan yarış qaydaları təkmilləşdirildi.
Sumoçuların yarış zamanı geydikləri geyim də nəzəri cəlb edir. Təkbətək döyüş zamanı sumoçunun qurşaq hissəsi və ayaqlarının arasından dolanmış xüsusi parça "mavasi” adlanır. Pəhləvanın geyimi onun budunun üstünü örtən sarğıdan ibarətdir.
Hazırda sumoçulardan mübarizə zamanı xüsusi qaydalara riayət etmələri tələb olunur. Sumoda gözə və beldən aşağı nöqtələrə zərbə vurmaq, saçdan dartmaq qadağandır. Bədənin və qurşağın müxtəlif yerlərindən tutmaq, tullama fəndi, badalaq və ağrıdıcı fəndlər işlətmək isə mümkündür. Döyüş güləşçilərin eyni anda bir-birini dartması və toqquşması ilə başlayır. Üstünlük daha çox hücum edən tərəfdə olur. Döyüşdə qalibin müəyyən edilməsində aşağıdakı meyarlar nəzərə alınır: ayağının altı istisna olmaqla bədənin istənilən hissəsi yerə ilk toxunan döyüşçü məğlub hesab olunur. Güləş meydançasından ilk olaraq kənara çıxan döyüşçü də məğlub sayılır.

Yokozunalığa gedən yol
Sumoda çəki amili əsas şərtlərdəndir. Yokozunaların (yap. böyük çempion) orta çəkisi təxminən 100 kq-dır. Yüksək divizionda iştirak edən güləşçilərin çəkisinin 100 kq-dan artıq olması mütləq şərtdir. Sumoda döyüş meydançası "doxyo” adlanır. Döyüş dairəsinin diametri 4,55 metrdir.
Qeyd edək ki, toxunduğumuz bu məlumatlar böyük bir tarixə malik olan sumo barəsində ən kiçik məqamlardır.

"Gündoğar ölkə”dən
Odlar yurduna
Bəs, bu idman növü Azərbaycanda necə, formalaşıb, inkişaf edib, kütləvilik qazanıbmı? Bu suala cavab almaq üçün Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayevlə görüşüb, söhbət etdik. Azərbaycanda bu növün yaradıcısı sayılan Samir müəllim, bizi maraqlandıran məsələlərə aydınlıq gətirdi. Sumonun Azərbaycan gəlişi barəsində danışan müsahibmiz bunları dedi:
- 2005-ci ildə ölkəmizdə sumo idman növünün yaradılmasını ideyasını həyata keçirmək üçün qonşu ölkə - Gürcüstana yollandım. Gürcüstan həmin vaxta qədər bu növ yüksək səviyyədə inkişaf etmişdi. Orada olduğum vaxt öyrəndim ki, gürcüstanlı sumoçular - Toçinosin, Gagamaru və Kokkay Yaponiyanın yüksək divizionu sayılan "makuuti”də güləşirlər. Gürcüstan səfərim uğurlu oldu. Orada seminarda iştirak edib beynəlxalq sertifikata yiyələndim. Amma sumonun ölkəmizdə kök salması üçün bu, kifayət etmirdi. Sonra Ukraynanın Aluşta şəhərində beynəlxalq təlim-məşq toplanışda iştirak etdim. Bu təlim-məşq toplanışında Avropa və dünya yarışlarının qalibləri və mükafatçıları da iştirak edirdilər. Toplanışdan sonra "A” kateqoriyalı beynəlxalq turnir keçirildi. Aluştada, ilk dəfə olaraq, bu idman növündə medala layiq görüldüm. 2007-ci ilin may ayında federasiyamız rəsmi qeydiyyatdan keçdi və ölkəmizdə sumo üzrə ilk Azərbaycan çempionatı təşkil olundu. Həmin ilin iyun ayında Macarıstanın Budapeşt şəhərində Avropa Federasiyasının və noyabr ayında Taylandın Çanq-May şəhərində Beynəlxalq Federasiyanın üzvlüyünə qəbul edildik. 2012-ci ilin iyun ayında Avropa Sumo Federasiyasının konqresində məni bu təşkilatın vitse-prezidenti vəzifəsinə seçdilər. Qısa zaman zaman ərzində böyük bir uğura sahib olduq.
Samir müəllim "nəhənglər”in sevimli idman növü barəsində qısa məlumat verdi. Bir mütəxəssis kimi, qaydaları bizə qiyabi olaraq başa saldı.
"Sumo” sözünü eşidən hər bir kəs, ilk növbədə, 150-200 kq çəkiyə malik olan güləşçiləri gözü qarşısında canlandırır. Amma qeyd edim ki, bu stereotiplər ancaq peşəkarlara aiddır. Çunki onları meydanda ("dohe”) mübarizə zamanı çəki dərəcələri nəzərdə tutulmayıb. Onlardan fərqli olaraq, bizim yığma komandanın üzvü olan sumoçuların bədənləri atletikdir və kök deyillər. Digər güləş növlərindən fərqli olaraq, sumonun yarış qaydaları çox sadədir. Məhz buna görə də, mütəxəssislərlə bərabər, yarışları izləyən adi tamaşaçılar da hər şey asanlıqla başa düşürlər. Yarışlar çox maraqlı keçir. Çünki əvvəlcədən heç kim deyə bilməz ki, hansı çəkidə çempion kim olacaq? Lakin digər güləş növlərində idmançı bir-iki xal "qurban” verir, uduzur. Sumoda isə, görüş ilk xal qazanana qədər davam edir. Amma, buna baxmayaraq, məşq prosesi çox çətindir.Digər güləş növlərin yığma komandaların üzvləri bizim məşqlərə gələndə 30-40 dəqiqə dözürdülər. Bizim məşq prosesimiz 1,5-2 saat davam edir”, - deyə federasiya prezidenti bildirdi.

Qısa zaman ərzində qazanılan böyük uğurlar
Məlumat üçün bildirək ki, Azərbaycan sumoçuları rəsmi beynəlxalq yarışlarda 50 medal qazanıblar. Onlardan 15-i qızıl,11-i gümüş, 24-ü isə bürünc medaldır.
2005-ci ildə Samir Abdullayev (federasiya prezidenti) Ukraynanın Aluşta şəhərində keçirilən "Qara Dəniz Kuboku”nda bürünc medal əldə edib. 2007-ci ildə Nizami Qafarov Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avropa Oyunlarında qızıl, Soltan Soltanov isə bürünc medala yiyələnib.
2008-ci ildə Samir Abdullayev Litvanın Şaulyay şəhərində keçirilən beynəlxalq turnirdə qızıl, Səlim Ələkbərov və Rəşad Bağıyev gümüş mükafat qazanıblar. Sadiq Əhmədov isə Polşanın Krotoşin şəhərində təşkil olunan Avropa birincliyində üçüncü olub.
Bu uğurlar illər keçdikcə artıb, nailiyyətlər bir-birin əvəz edib. Ötən il sumoçularımız daha yüksək nəticələrə sahib çıxıblar. Əvvəllər yarışlarda böyüklər iştirak edib, fərqlənirdilərsə, artıq yeniyetmə və gənclər də mükafatalayiq nəticələrlə diqqət çəkirlər. 2012-ci ildə Ukraynanın Lutsk şəhərində keçirilən qitə birinciliyində yeniyetmələrin və gənclərin mübarizəsində Samir İsmayılov 2 qızıl medala sahib olub. Zaur Kərimov, Əmiraslan Əhmədov da fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Əmiraslan Əhmədov gənclərin yarışında bürünc medal qazanıb. Lutsk yarışında Rəsul Eldarzadə gümüş, Kamran Rzayev, Sərdar Səfixanov, Əmrah Əhmədov və Emil Həsənov bürünc mükafata layiq görülüblər. Əldə olunan bu nəticələr gənclərdən ibarət yığma komandamıza Avropa birincliyində ikinci yeri qazandırıb.
Sumoçular Namiq Sadıqov və Əmiraslan Əhmədov Honq-Konqda keçirilən dünya çempionatından vətənə bürünc medalla qayıdıblar.
İdmançılarımız, göstərdikləri nəticələrə görə, layiqincə qiymətləndiriliblər. Belə ki, 2009-cu ildə Namiq Sadıqov Azərbaycanda "Ən yaxşı 10 idmançı” sırasına daxil olub. Elə həmin il Namiq Sadıqov və Zaur Bağırov Azərbaycanda sumo üzrə ilk dəfə idman ustası adını qazanıblar. 2010-cu ildə isə Ariz Əliyev, Emil Həsənov, Rəşad Kazımov və Əmiraslan Əhmədov bu ada layiq görülüblər. 2012-ci ildə Samir İsmayılov və Zaur Kərimova da fəxri adlar təqdim olunub.
Sumo üzrə yarışlar təkcə paytaxtda keçirilmir. Ötən il Azərbaycan çempionatı Oğuz şəhərində təşkil olunub. Bu, sumonun bölgələrdə təbliği üçün mütərəqqi addımdır.
"İdman ili” ilində ölkədə keçirilən ən mötəbər yarışlardan biri sentyabrın 30-da "Sərhədçi” İdman Olimpiya Kompleksində təşkil olunan Beynəlxalq Sumo Festivalı olub. Yarışda dünya və Avropa çempionları və mükafatçıları güclərini sınayıblar. 15 ölkənin iştirakı ilə keçiriən festivalı Avropa Sumo Federasiyasının prezidenti Sergey Korobko və Avropa Sumo Federasiyasının vitse-prezidenti (maliyyə üzrə) Dariuş Rozum izləyib. Ali qurumun nümayəndələri yarışın təşkilini və keçirilməsini çox yüksək qiymətləndiriblər.
Qeyd edək ki, sumo üzrə keçirilən yarışlarda azərbaycanlı haimlər də iştirak ediblər. Beynəlxalq dərəcəli hakimlər Rüfət İsmayılov və Rasim Məlikov, respublika dərəcəli hakimlər Telman Əhmədov, Rəşad Şixəliyev, Akif Şahmərdanov, İolanta Zinina və başqaları sumo üzrə yarışlarda ədaləti qoruyublar.

Paytaxtdan başlayan estafet qitələri əhatə edəcək
2013-cü ildə sumoçularımız müxtəlif səpkili yarışlarda çıxış edəcəklər. İlin ilk yarışı paytaxtda keçiriləcək. Fevralın 24-25-də Bakı çempionatı təşkil olunacaq. Martın 2-5-də isə Azərbaycan çempionları müəyyənləşəcək. Ölkə təmsilçilərimiz beynəlxalq yarışlarda da qurşaq tutacaqlar. Onlar Polşada (16-22 aprel) Avropa çempionatında, Ukraynada (24-28 may) Avropa birincliyində, Kolumbiyada (25-30 iyul) Dünya Oyunlarında, ABŞ-da (5-10 sentyabr) Dünya kubokunda, Rusiyada (18-26 oktyabr) isə Dünya Döyüş Oyunlarında ölkəmizi təmsil edəcəklər. Bu yarışdan əvvəl isə, idmançılar hazırlıq məqsədi ilə təlim-məşq toplanışlarında olacaqlar. Bu təlimlərin bir hissəsi bölgələrdə təşkil ediləcək.