Azərbaycan gimnastları Moskvadan medallarla qayıtdılar

Azərbaycan gimnastları Moskvadan medallarla qayıtdılar



Azərbaycan gimnastları "Qran-pri Moskva-2014” turnirində gümüş və bürünc medal qazanıblar.
Bir gündə iki medal qazanan milli kollektivimiz turnirdə böyük uğura imza atıb. Azərbaycan gimnastlarının ölməz Müslüm Maqomayevin "Mavi əbədiyyət” əsərinin sədaları altında 3 top və 2 lentlə çıxışı o qədər zərif və təsirli olub ki, hakimlər Səbinə Abbasova, Aliyə Paşayeva, Siyana Vasilyeva, Diana Doman, Aleksandra Platonova və Aynur Mustafayevanı yüksək ballarla mükafatlandırdılar. Gimnastlarımız bu proqrama görə 16,95 balla gümüş medal qazanıblar.
Azərbaycan komandası 10 gürzlə qrup hərəkətlərinin finalında bürünc medal əldə edib. Bu yarışda birinci yerə Rusiya komandası, ikinci yerə isə Bolqarıstan gimnastları çıxıblar.
Bir neçə gündən sonra qızlar, habelə fərdi gimnast Gülsüm Şəfizadə Fransaya yola düşəcəklər. Martın 7-9-da Tye şəhərciyində Qran-pri yarışlarının növbəti turniri keçiriləcək.