“Neftçi İdman Klubu” İB-in idman xronikası

“Neftçi İdman Klubu” İB-in idman xronikası



Güləş
Sərhədçi Olimpiya İdman Mərkəzində keçirilən yeniyetmələr və gənclər arasında yunan-Roma güləşi üzrə respublika birinciliyində "Neftçi İdman Klubu” hər iki yaş qrupunda təmsil olunub. Yeniyetmələrin yarışında klub 20 pəhləvanla mübarizəyə qoşulub və uğurla çıxış edərək 10 medala (3 qızıl, 1 gümüş, 6 bürünc) sahib çıxıb. Yetirmələrimizdən Seymur Hüseynov (46 kq) fəxri kürsünün ən yüksək pilləsinə layiq görülüb. İsrafil Yaqubzadə (58 kq) və Ülvi Qənizadə (63 kq) də eyni uğura imza atıblar. Gənclərin mübarizəsində güləşçilərimiz daha yaxşı təsir bağışlayıblar. Belə ki, 37 idmançı ilə birinciliyə qatılan gənclərimiz rəqiblərindən aşkar üstünlükləri ilə fərqləniblər və nəticədə 15 medal (6 qızıl, 5 gümüş, 4 bürünc) qazanıblar. Pəhləvanlarımızdan Xəyyam Abdullayev (50 kq), Sakit Quliyev (55 kq), Kərim Cəfərov (60 kq), Elman Muxtarov (66 kq), İlham Abbasov (84 kq) və Türmən Eyyubov (96 kq) bütün görüşləri qələbə ilə başa vuraraq qızıl medallara sahib çıxıblar.
Qeyd edək ki, həm yeniyetmələrimiz, həm də gənc güləşçilərimiz komanda hesabında 1-ci yeri tutublar.

Ağırlıqqaldırma
Martın 7-də Xırdalan şəhərində yerləşən "AAAF Park” Ağır Atletika Mərkəzində yeniyetmələr arasında start götürmüş ağırlıqqaldırma üzrə respublika birinciliyinə 20 komandanın 160-a yaxın atleti qüvvəsini sınayıb.
"Neftçi İdman Klubu”nun təmsilçilərindən Rövşən İmranov (56 kq) və Axsab Kalayev (+94 kq) çıxış etdikləri çəki dərəcələri üzrə Azərbaycan çempionu titulunu qazanıblar. Digər idmançımız Qafar Əlirzayev (+94 kq) isə fəxri kürsünün 3-cü pilləsi ilə kifayətlənib.




Səmti müəyyən etmə
Türkiyənin Kəmər şəhərində səmti müəyyən etmə idman növü üzrə keçirilən Dünya kubokuna yekun vurulub. "Neftçi İdman Klubu”nun təmsilçisi Şəhriyar İsmayılov (Kəşfiyyat Geofizika İdarəsi) "B” final mərhələsinə vəsiqə qazanıb. İdmançımız təyin olunmuş 4,6 km məsafə üzrə finişə müəyyən edilmiş vaxtdan tez çatıb. Qeyd edək ki, "B” final mərhələsi üzrə 1-ci yeri Timo Sild (Estoniya), 2-ci yeri Tero Föhr (Finlandiya), 3-cü yeri isə İonut Alin Zinca (Rumıniya) tutub.


Kunq-fu-sanda
Gürcüstanın paytaxtı Tbilisi şəhərində kunq-fu-sanda üzrə Avrasiya çempionatı keçirilib. Qitə yarışında 11 ölkənin 150-yə yaxın idmançısı bacarığını nümayiş etdirib.
"Neftçi İdman Klubu”nun yetirmələri də çempionatda ölkəmizi təmsil ediblər. Klubun 6 idmançısı sanda üzrə yarışlarda mükafatçılar sırasında yer alıb. Onlardan İlkin Qurbanov (56 kq), Samir Salmanov (65 kq) və Rafət Əsədov (+90 kq) qalib adını qazanaraq Avrasiya çempionu olublar. Ruzi Vəliyev (47 kq) və Ruslan Nəzərov (+90 kq) gümüş, Tural Cavadov (85 kq) isə bürünc medala layiq görülüb.




Sambo
Şağan Olimpiya Kompleksində keçirilən sambo üzrə Azərbaycan çempionatında da "Neftçi İdman Klubu”nun idmançıları da çıxış ediblər. Kişilərin yarışında klubun samboçuları 4 qızıl, 5 gümüş və 6 bürünc olmaqla, 15 medala sahib çıxıblar. Mükafatçılar sırasında yer alan idmançılardan Heydər Həşimov (57 kq), Cavidan Qarayev (62 kq), Emil Həsənov (68 kq) və Ceyhun Hüseynov (82 kq) bütün qarşılaşmalardan qalib gələrək ölkə çempionu adını qazanıblar.

Tofiq Ataxanoğlu,
"Neftçi İdman Klubu” İB-nin mətbuat xidmətinin rəhbəri,
Əməkdar jurnalist