Tələbələr respublika universiadasında yarışırlar

Tələbələr respublika universiadasında yarışırlar

Gənclər və İdman, Təhsil nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə razılaşdırılmış təqvim planına əsasən "Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələri tələbələrinin idmanın müxtəlif növləri üzrə respublika universiadası başlayıb.
Çempionatda ilk olaraq şahmat idman növü üzrə oyunlar keçirilib. Yasamal Rayon Şahmat-Dama İdman Klubunda keçirilən turnirə 14 komanda qoşulub. Şahmatçıların mübarizəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının və Bakı Dövlət Universitetinin tələbələri birinci yerə layiq görülmüşlər. Qafqaz Universitetinin komandası ikinci, Azərbaycan Dövlət İqtisad Universitetinin və Milli Aviasiya Akademiyasının şahmatçıları isə üçüncü olublar.
Universiadanın əsasnaməsində də göstərildiyi kimi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ölkənin yeganə idman təhsil ocağı və buradakı idmançıların peşəkar olduğu nəzərə alınaraq, qalib gəldiyi halda 2, 3, 4 yerləri tutan komandalara müvafiq olaraq ilk 3 yerlər verilir.
Bu qaydaya uyğun olaraq final mərhələsində qaliblər üçün iki birinci yer müəyyənləşib.