Gimnastikanın inkişafına göstərilən diqqət və qayğı öz bəhrəsini verməkdədir

Gimnastikanın inkişafına göstərilən diqqət və qayğı öz bəhrəsini verməkdədir


Gimnastika ölkəmizdə kifayət qədər populyarlığa malikdir. Son illər idmanın bu növü yüksək sürətlə inkişaf edib. Azərbaycan Gimnastika Federasiyasının prezidenti (AGF) Mehriban xanım Əliyevanın səmərəli və məqsədyönlü fəaliyyəti nəticəsində gimnastika respublikamızda çox populyarlaşmış, uşaq, yeniyetmə və gənclərin gimnastika növləri üzrə bölmələrinə axını artmışdır. Gimnastikanın maddi-texniki bazasının gücləndirilməsi, kadr islahatlarının aparılması sayəsində bu sahədə uğurlar əldə olunub.

Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyi gimnastikanın inkişafı, kütləviliyi üçün paytaxtla yanaşı, respublikamızın ayrı-ayrı bölgələrində də fəaliyyətini genişləndirir. İndiyə qədər AGF-in dəstəyi ilə Sumqayıt, Gəncə, Xırdalan, Qusar, Göyçay və İsmayıllıda yeni gimnastika bölmələri istifadəyə verilib. Gimnastika yarışları təkcə Bakıda deyil, eyni zamanda, Bakı ətrafı qəsəbələrdə və bölgələrdə inşa olunan Olimpiya idman komplekslərində də keçirilir. Məhz bu cür yarışlar yeniyetmə gimnastlara təcrübə qazandırır, onların müxtəlif beynəlxalq turnirlərdə əldə etdikləri nailiyyətlərin əsasını təşkil edir. Heç də təsadüfi deyil ki, gimnastlarımız ildən-ilə öz uğurlarını artırırlar.


Əvvəlki illərlə müqayisədə, bu növdə qazanılan medalların sayı artmaqdadır. Ümumiyyətlə, gimnastlarımız son illər ərzində iştirak etdikləri yarışlarda öz sözlərini layiqincə deyiblər. Əldə olunan uğurlar göstərir ki, gimnastikanın inkişafına göstərilən diqqət və qayğı öz bəhrəsini verməkdədir. Gimnastlarımızın ən yüksək uğurlardan birinə 2010-cu ildə imza atıblar. Belə ki, Almaniyanın Bremen şəhərində keçirilən Avropa çempionatında ölkəmizin idman şərəfini böyükyaşlı idmançılar arasında qoruyan gimnastımız Aliyə Qarayeva Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq, Avropa çempionatının çoxnövçülük yarışlarında bürünc medal əldə edib. Aliyə dörd alətlə hərəkətin yekununda 111,375 xalla çoxnövçülük üzrə bürünc medal qazanıb. Xatırladaq ki, Rusiya Bədii Gimnastika Federasiyasının prezidenti, bədii gimnastika üzrə Rusiya yığmasının baş məşqçisi İrina Viner gimnastımızın çempionatdakı çıxışını tarixi qələbə kimi qiymətləndirmşdi. İrina Viner bu nəticənin Azərbaycan idmanı üçün önəmli hadisə olduğunu vurğulamışdı. Həmin il Rusiyada keçirilən XXX dünya çempionatı da komandamız üçün uğurlu olub. Dünyanın 55 ölkəsindən 800-ə qədər gimnastın çıxış etdiyi mötəbər yarışda Azərbaycan idmançıları şəxsi və qrup yarışlarında qüvvələrini sınayıblar. Yarış Azərbaycan yığması üçün müvəffəqiyyətlə başa çatıb. Belə ki, komandamız qazandığı 4 bürünc medalla mükafatların ümumi sayına görə üçüncü olub. Medalların əyarına görə isə yığmamız dördüncü yeri tutub.


2011-ci ildə Belarusun paytaxtı Minsk şəhərində təşkil olunan Avropa çempionatında şəxsi növdə üç gimnastımız və yeniyetmələrdən ibarət qrup komandamız uğurla çıxış edib. Yekun nəticəyə əsasən Azərbaycan yığması komanda hesabında dördüncü yerdə qərarlaşıb. Yeniyetmələrdən ibarət qrup komandamız çempionatın finalında uğurla çıxış edərək 25,585 xalla bürünc medal qazanıb. 2011-ci ildə Fransanın Monpelye şəhərində keçirilən və XXX London Yay Olimpiya Oyunlarına lisenziya verən dünya çempionatı da Azərbaycan gimnastları üçün uğurlu olub. Yarışda mübarizə aparan gimnastımız Aliyə Qarayeva çoxnövçülük üzrə yarışların finalında bürünc medal əldə edib. Gimnastımız bu nəticəsi ilə həm də London Yay Olimpiya Oyunlarına lisenziyanı özü üçün təmin edib. Ümumiyyətlə, 2011-ci ili Azərbaycan gimnastikasının uğurlu illərindən biri hesab etmək olar. Həmin il beynəlxalq turnirlərdə qazanılan 172 medal belə deməyə əsas verir. Məlumat üçün deyək ki, bu medallardan 51-i qızıl, 53-ü gümüş, 68-i isə bürünc əyarlı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2012-ci ilin ölkəmizdə "İdman ili” elan olunması bu sahədə kütləviliyə böyük təkan verdi. İdmanın bütün növləri üzrə əldə olunan medalların sayı, əvvəlki illərlə müqayisədə, xeyli çoxaldı. "İdman ili” Azərbaycanın gimnastları üçün qənaətbəxş oldu. Gimnastlarımız 2012-ci ildə nə az, nə çox, 123 medal medal qazandılar. Bu medallardan 41-i qızıl, 45-i gümüş, 37-si isə bürünc idi. Olimpiya ilində qazanılan ən mühüm medal Nijni Novqorodda keçirilən Avropa çempionatında əldə olunub. Belə ki, gimnastımız Aliyə Qarayeva burada keçirilən çoxnövçülük yarışlarında üçüncü yeri tutub. Yeri gəlmişkən deyək ki, Aliyə Qarayeva 2012-ci ildə mübarizə apardığı yarışlarda üç qızıl, altı gümüş və səkkiz bürünc medala sahib çıxmışdı. Perspektivli idmançımız Nilufər Niftəliyeva da yarışlarda uğurlu çıxışları ilə yadda qalmışdı. O, il ərzində müxtəlif turnirlərdə 5 qızıl, 5 gümüş və 7 bürünc medal qazanmışdı.
2012-ci ilin ən mötəbər yarışı Londonda keçirilən XXX Yay Olimpiya Oyunları oldu. Azərbaycan Olimpiya yığmasının Londonda qazandığı 10 medal ölkəmizin ən böyük nailiyyətlərindən biri sayılır. Doğrudan da, əvvəlki Olimpiya oyunları ilə müqayisədə, London Olimpiadası Azərbaycan idmanının şöhrət zirvəsində olduğunu bir daha göstərdi. XXX Yay Olimpiya Oyunlarında gimnastlarımız da mübarizə apardılar. Onu da qeyd edək ki, ölkəmiz Olimpiya oyunlarında ilk dəfə idman gimnastikası üzrə də təmsil olundu. Londonda mübarizəyə qoşulan təcrübəli gimnastımız Aliyə Qarayeva yarışların həlledici mərhələsində çıxış etdi və çoxnövçülük üzrə 111,575 xalla dördüncü pillədə qərarlaşdı. Bu, Azərbaycan gimnastikasının uğurlu səhifələrindən biridir. Mütəxəssislər Aliyənin Londondakı çıxışını qənaətbəxş hesab edirlər. Xatırladaq ki, Aliyə Qarayeva Pekin-2008 Yay Olimpiya Oyunlarında altıncı yeri tutmuşdu.
Qeyd olunanlar bir daha təsdiqləyir ki, gimnastlarımızın son illər ərzində çıxışları uğurlu olub. Bu, mütəxəssislər tərəfindən də təsdiqlənir. Bədii gimnastika üzrə milli komanda 2013-cü ildə də uğurlu nəticələr əldə ediblər. Ötənilki yarışlarda əldə olunun 85 medal bunu bir daha təsdiqləyir. Bədii gimnastika üzrə yığma komandanın baş məşqçisi Mariana Vasileva hesab edir ki, gimnastlarımız ötən il yarışlarda onlara göstərilən etimadı doğruldublar. "2013-cü il bizim üçün uğurlu illərdən biri oldu. Gimnastlarımız Qran-pri yarışları, Dünya kuboku və Avropa çempionatında 85 medal qazandılar. Qeyd edim ki, hazırda komandanın heyəti gənc qızlardan ibarətdir. Ən yaşlı gimnastımızın 17 yaşı var. Yeniyetmə və gənc, eləcə də böyükyaşlı gimnastlarımız öz nəticələrini ildən-ildə yaxşılaşdırırlar. Yarışdan-yarışa onların təcrübəsi artır, püxtələşirlər. Gənc və yeniyetmə gimnastlarımız öz üzərlərində məsuliyyətlə işləyir, verilən tapşırıqların öhdəsindən layiqincə gəlirlər”, - deyə baş məşqçi bildirdi.

Məşqçi qeyd etdi ki, komandanın qarşısında dayanan əsas məqsəd bu il ölkəmizdə bədii gimnastika üzrə keçriləcək Avropa çempionatı, gələn il Bakıda təşkil olunacaq Avropa Oyunları və 2016-cı ildə Rio-de Janeyroda keçiriləcək yay Olimpiya oyunlarına yüksək səviyyədə hazırlaşmaqdır. "2014-cü ilin əvvəllərində gimnastlarımız bir sıra yarışlarda çıxış ediblər. Bu ilin əsas yarışı iyunun 13-15-də Bakıda keçiriləcək Avropa çempionatı olacaq. Milli Gimnastika Arenasında təşkil olunacaq Avropa çempionatında böyüklərdən ibarət qrup komandası, fərdi yarışlarda senyor və yuniyor gimnastlar bacarıqlarını nümayiş etdirəcəklər. Avropa çempionatına hazırlıq artıq başlayıb. Qitə çempionatında iştirak edəcək gimnastlarıiızın adları mayın 13-də müəyyənləşəcək. Yarışda senyorlar arasında 2, yuniyorlar arasında 2 və ya 3 gimnastımız çıxış edəcək. Bununla yanaşı, qrup komandamız da yarışda qüvvəsini sınayacaq. Hazırda senyorlar arasında komandanın lideri Marina Durundadır. Heyətdə yer alacaq ikinci gimnastı komandanın üzvləri Gülsüm Şəfizadə, Nilufər Niftəliyeva, Ayşən Bayramova və Lalə Yusifova arasından seçəcəyik. 3 ən güclü yuniyor gimnastımız isə Jalə Piriyeva, Züleyxa İsmayılova, Beyza Demirdir. Qrup komandasının heyətinə Səbinə Abbasova, Aynur Mustafayeva, Aliyə Paşayeva, Diana Doman, Aleksandra Platonova, Siyana Vasileva daxildirlər. Hazırda məşqlərdə əsasən idmançıların zəif cəhətləri üzərində işləyirik. Bununla yanaşı, proqramın çətinləşdirilməsi, artistizm üzərində də iş gedir. Hazırlıq məqsədilə qarşıda idmançılarımız Dünya kubokları, qran-pri yarışları və beynəlxalq turnirlərdə iştirak edəcəklər. Avropa çempionatına əsas hazırlıq paytaxtda keçiriləcək. İstəyimiz odur ki, qitə çempionatı zamanı idmançılarımız tam formada olsunlar. Məncə, senyorlar arasında namizəd 5 gimnastın hər biri Avropa çempionatında çıxış edəcək heyətdə yer almaq üçün mübarizə aparmalıdır. Azərbaycanda keçiriləcək bu yarışa bütün ölkənin diqqəti yönələcək. Doğma azarkeşlər idmançılarımızın çıxışlarını böyük səbirsizliklə gözləyir və əminəm ki, onlar gimnastlarımızı ürəkdən dəstəkləyəcəklər. Əlbəttə ki, doğma divarlar arasında Azərbaycanı təmsil etmək hər kəsə nəsib olmur”.
Baş məşqçi Avropa çempionatında gimnastlarımızın rəqiblərindən də söz açdı: "Bütün Avropa ölkələri ilk səkkizlikdə yer almağa can atır. Avropa çempionatında komandamızın əsas rəqibləri Rusiya, Ukrayna, Belarus, Bolqarıstan ölkələrinin təmsilçiləri olacaqlar. Gimnastlarımızın mötəbər yarışda yaxşı çıxış edəcəklərinə ümid bəsləyirəm. İnanıram ki, onlar həm fiziki, həm də psixoloji cəhətdən öz çıxışlarının öhdələrindən layiqincə gələcəklər. Gimnastlarımız Azərbaycanın bədii gimnastika tarixinə öz adlarını yazdırmaq üçün öz şanslarından maksimum yararlanmalıdırlar”.
Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyi tərəfindən ölkəmizdə bu növə göstərilən yüksək səviyyəli diqqət və qayğıdan söz açan Mariana Vasilyeva respublikamızda perspektivli və istedadlı gənc gimnastlar nəslinin yetişdiyini bildirdi.
"Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə və Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya idmanın, xüsusilə də gimnastika idman növünün inkişafına göstərdikləri diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm. Hazırda gimnastika üzrə bölmələrə kütləvi axın var. Bədii gimnastika ilə məşğul olanların sayı artmaqdadır. Azərbaycanda gimnastika yarışlarının təşkili üçün inşa olunan möhtəşəm idman kompleksi buyaxınlarda istifadəyə veriləcək. Milli Gimnastika Arenası adlanan kompleksin məşq zalı artıq gimnastların istifadəsinə verilib. Burada gimnastikanın bütün növləri üzrə məşq etmək üçün yüksək səviyyəli şərait yaradılıb. Bu zal istifadəyə verildikdən sonra gimnastika növü ilə məşğul olanların sayı da artıb. Əlbəttə ki, kəmiyyət artdıqca, idmançılar yetişdikcə, keyfiyyət də artmağa başlayır. Qeyd edim ki, hər ölkə çempionatından sonra perspektivli gimnastlar arasından seçim edirəm və onlar mənim rəhbərliyim altında məşqlərə başlayırlar. Rəhbərliyim altında 40-a yaxın gimnast məşğul olur. Rəqabət olan yerdə inkişaf da var. Məlumdur ki, artıq Azərbaycan Gimnastika Federasiyasının dəstəyi ilə bir neçə bölgədə bu növ üzrə bölmələr fəaliyyət göstərir. Həmin bölmələrdə müxtəlif sayda uşaqlar təcrübəli məşqçilərin rəhbərliyi altında gimnastikanın sirlərinə yiyələnirlər. Bunun nəticəsində bölgələrdə ehtiyat qüvvə yaranmaqdadır və bu, sevindirici haldır. Çünki bölgələrdə yetişən perspektivli gimnastlar nə vaxtsa yığma komandada öz yerlərini tutacaqlar, - deyə baş məşqçi əlavə etdi.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin rəhbəri Şahin Kazımzadənin verdiyi məlumata görə, ölkəmizdə bədii gimnastika üzrə keçiriləcək Avropa çempionatında halqa, top, gürz və lentlə yarışlarda idmançılar 9 dəst medal uğrunda mübarizə aparacaqlar. Yarışda 30-35 ölkədən 300 gimnast bacarığını nümayiş etdirəcək. Bütün komandalar Olimpiya kəndində yerləşdiriləcəklər. Avropa çempionatı, həm də Avropa Oyunlarına hazırlıq və sınaq xarakteri daşıyacaq.
Aysel Sultanova