“Sevinirik ki, əməyimiz hədər getməyib”

“Sevinirik ki, əməyimiz hədər getməyib”

Azərbaycan Respublikası Təhsil Nazirliyinin sərəncamında olan Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi gələcəyimiz olan uşaq və gənclərin şahmat biliklərinə yiyələnməsində, onların peşəkar şahmatçılar kimi yetişməsində önəmli rol oynayan təlim və tədris müəssisələrindən biridir. Məktəbin yetirmələri ölkə, dünya və Avropa birinciliklərində uğurla çıxış edir, vətənimizi layiqincə təmsil edirlər.
Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru, Azərbaycan Respublikasının Fəxri Bədən tərbiyəsi və İdman işçisi Şirmayə xanım Hüseynova rəhbərlik etdiyi tədris mərkəzinin fəaliyyəti, ötən ildə qazanılan uğurlar və məktəbin gələcək planları barədə "Olimpiya dünyası” qəzetinə danışdı.
- Əvvəlki illər kimi, 2013-cü il də məktəbimiz üçün uğurlu oldu. Belə ki, məktəbimiz ötən il beynəlxalq turnirlərdə 11 birinci yer qazandı və şahmatçılarımız 3 qızıl, 2 gümüş və 1 bürünc medala sahib oldular. Medallardan başqa, 1-ci yer üçün diplom və mükafat alanlarımız da olub. Bundan başqa, yeniyetmələrin səkkiz yaşlılar arasında keçirilən Avropa birinciliyindən 1 qızıl, 1 bürünc, yeniyetmələrin dünya çempionatından isə 1 bürünc medalımız var. Doğrusu, biz axırıncı yarışdan qızıl medal gözləyirdik. Şahmatçımız beynəlxalq yarışa məşqçisiz getmişdi və bu da istər-istəməz onun nəticəsinə öz təsirini göstərdi. Məşqçi öz şagirdi ilə yalnız İnternet vasitəsilə görüntülü video ilə əlaqə saxlaya bilirdi. Bu turnirdə Azərbaycan şahmatçıları 2 medal qazanmışdılar ki, bunun 1-ni bizim məktəbin yetirməsi əldə etmişdi. Digər medal isə Gəncə şahmat məktəbinin aktivinə yazıldı. Bu, əlbəttə bizim üçün pis nəticə deyil.
Məktəbimizin yetirmələri ötən il ölkəmizdə keçirilən "Baku Open” və "Naxçıvan Open” turnirində də uğurlu çıxış ediblər. Müəyyən yaş qruplarında nailiyyətlərimiz də var. Sevindirici haldır ki, iki nəfər yetirməmiz beynəlxalq usta normasını, bir nəfər isə qrossmeyster normasını yerinə yetirib. Respublika şahmat yarışlarına gəlincə, qeyd etmək istəyirəm ki, burada da uğurlarımız qənaətbəxşdir. Belə ki, Respublika Şahmat Olimpiadasında çıxış edən məktəbimizin yetirmələri A qrupunda 1-ci, B qrupunda 2-ci yeri tutublar. Məktəbimizin yetirmələrindən Ülvi Bacarani, Nərmin Məmmədova, Kənan İzzət, Aydan Höcətova, Miradil Zeynallı və sair istedadlı şahmatçılarımız nəinki bizim, Azərbaycanın fəxridirlər.
Biz mütəmadi olaraq məktəb daxilində turnirlər, yarışlar təşkil edir, şagirdlər arasında seçim edirik. Bu yarışlar fərdi və qrup şəklində keçirilir. Turnirlərin təşkili tədris prosesinə çox müsbət təsir göstərir. Bütün bunlar uşaqlar arasında rəqabət hissini daha da gücləndirir, onları öz üzərində daha da məsuliyyətlə işləməyə vadar edir. Bu bizə həm də məktəb şagirdləri arasında seçim etməyə, kimin güclü və zəif olduğunu ayırd etməyə imkan verir. Yarışın sonunda qaliblərə mükafatlar, hədiyyələr, kuboklar və diplomlar verilir. Hazırda məktəbimizdə Novruz bayramı ilə əlaqədar ənənəvi turnirə start verilib. Yetirmələrimiz bu turnirdə öz şahmat bacarıqlarını nümayiş etdirirlər.


Çox istərdim ki, kənardan məktəbimizə təcrübəli və peşəkar məşqçilər cəlb edilsin. Bu da uşaqların şahmat səviyyələrinin artırılmasında önəmli faktorlardan biridir. İldə iki dəfə xarici şahmat mütəxəssislərinin məktəbimizə dəvət edilməsi və məşqçi-müəllimlərlə kursların təşkil edilməsi yaxşı olardı. Bu təcrübə əvvəllər də olub. Peşəkarlıq səviyyəsinin artırılması nöqteyi-nəzərindən məktəbin məşqçi-müəllimləririn daim öz üzərilərində işləmələri vacib şərtdir.
Məktəbimizin məzunlarının heç də hamısı şahmatla peşəkar şəkildə məşğul olmurlar. Amma elə yetirmələrimiz vardır ki, müəyyən uğurlar əldə etdikdən sonra ilk müəllimlərini, məşqçilərini unutmur, onları yada salırlar. Bu, bizi çox sevindirir. Sevinirik ki, əməyimiz hədər getməyib. Məktəbimizin yetirmələrindən Anar Allahverdiyev, Camal Ağamalıyev hazırda məşqçi işləyirlər. İstedadlı şahmatçımız Firuzə Vəlixanlı da bizim məktəbin yetirməsidir. Sonra Aynur Sofiyeva, İlahə Qədimova da bir müddət bizim məktəbdə şahmatın sirrlərinə yiyələniblər.
Son illər Azərbaycanda hər bir sahədə olduğu kimi idmanda da yüksək irəliləyiş əldə olunmuş, ölkəmiz dünyanın idman ölkələrindən birinə çevrilmişdir. Azərbaycan beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. Təsadüfi deyildir ki, Ümumdünya Şahmat Olimpiadası 2016-cı ildə məhz bizim ölkədə keçiriləcək. Bu, bizim idmançılar üçün yaxşı şans olacaq. Çünki digər ölkələrdə keçirilən beynəlxalq turnirlərdə iştirak etmək əlavə vəsait və xərc tələb edir.
Əvvəllər ölkəmizdə şahmat məktəbləri barmaqla göstərilirdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə respublikamızda şahmat məktəblərinin sayı artdı. Sevindirici haldır ki, İndi onların sayı 70-dən çoxdur. Ümummilli liderin uğurlu idman siyasəti onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğı öz bəhrəsini verir. Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi də dövlətin idman siyasətinin əsasını təşkil edən müddəalardan biri kimi uşaqların və gənclərin hərtərəfli və ahəngdar inkişafı, onların vətənə layiqli övlad kimi yetişməsi, zərərli vərdişlərdən uzaqlaşaraq idmana cəlb edilməsi istiqamətində əlindən gələni əsirgəmir. Uşaq və gənclərin vətənpərvər ruhda böyümələri, vətənə, xalqa layiqli övlad kimi yetişmələri üçün öz izimizi günün tələbləri səviyyəsində qurmağa çalışırıq. Çalışırıq ki, məktəbimizə gələn uşaqlar və gənclər bizdən razı getsinlər. Biz daim onların problemləri ilə maraqlanır, imkan daxilində həll edirik. Hər bir Azərbaycan vətəndaşı dövlət rəhbərinin ətrafında sıx birləşməli, xalqımızın, dövlətmizin gələcəyi üçün bütün var-qüvvəsini səfərbər etməlidir.

Səadət Hakıyeva