AMADA 9 ay ərzində gördüyü işlərin hesabatını verib  

AMADA 9 ay ərzində gördüyü işlərin hesabatını verib  

Bu gün Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “İdmanda hüquq və ədalət: Yeni antidopinq çərçivəsi” adı altında beynəlxalq konfrans keçirilib. AMADA qurumun son 9 ay ərzində gördüyü işlər barədə hesabat təqdim edilib.
Beynəlxalq konfransın açılış məraismində çıxış edən  AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə Milli Test Bölüşdürmə Planının təsdiqləndiyini və hesabat dövründə ümumilikdə 649 test aparıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, testlərin 282-si yarış ərzində, 367-si isə yarışdan sonrakı dövrdə götürülüb. Təhminə Tağı-zadə qeyd edib ki, 
68 idmançı Qeydiyyata alınmış Test Qrupunun (QTQ) nəzarətində saxlanılıb. Həmçinin 30 antidopinq nəzarət məntəqəsi auditdən keçirilib. Tədbir çərçivəsində yeni DNT/QTİ seçimi və təlimləri də təşkil olunub.
Təqdimatın növbəti hissəsində nəticələrin emalı və təhqiqat prosesi barədə məlumat verilib. Konfran iştirakçılarının diqqətinə çatdırılıb ki, AMADA-nın 2017-2025-ci illər ərzindəki fəaliyyəti nəticəsində ən çox sanksiya tətbiq edilən idman növləri müəyyən edilib. Əldə olunan göstəricilərə əsasən, güləş idman növü (22) liderliyini qoruyub. Boks (20) və ağırlıqqaldırma (12) ilk üçlükdə qərarlaşıb. Siyahıda taekvondo (11), cüdo (9), pouerliftinq (7), velosiped idmanı (6), atletika (5), həndbol (5) və kikboksinq (5) kimi idman növləri də öz əksini tapıb.
Hesabatda, həmçinin beynəlxalq əlaqələr və elmi-tədris fəaliyyətləri barədə də ətraflı məlumat verilib.
Bildirilib ki, AMADA 12 əsas beynəlxalq tərəfdaş - WADA, UNESCO, NADA Germany, POLADA, ITA, iNADO və digər qurumlarla sıx əməkdaşlıq əlaqələri qurub. Qurum CAHAMA, T-DO, iNADO və WADA tədbirlərində mütəmadi iştirak edir. Eyni zamanda, POLADA və «NADA Germany» ilə əməkdaşlıq memorandumu imzalanıb. Hesabatda vurğulanıb ki, 2026-cı ildə WADA Avropa Simpoziumu Bakıda keçiriləcək. 
AMADA-nın elmi və maarifləndirici fəaliyyəti də diqqət mərkəzində olub. Hesabatda bildirilib ki, 50-dən çox maarifləndirici tədbir təşkil edilib və bu tədbirlərə 2 mindən artıq iştirakçı qatılıb. Qurum UNESCO qrantı (35 000 ABŞ dolları) çərçivəsində süni intellekt layihəsi həyata keçirib. Həmçinin iNADO, UKAD, ITA və IOC ilə birgə beynəlxalq təqdimatlar təşkil olunub.