“Judo Club 2012”də aykido üzrə beynəlxalq seminar keçirilib

“Judo Club 2012”də aykido üzrə beynəlxalq seminar keçirilib

Noyabrın 15-16-da Bakıda aykido idman növü üzrə beynəlxalq seminar təşkil olunub. Azərbaycan Avrasiya Aykido və Budo Mərkəzinin təşkilatçılığı ilə keçirilən seminar “Judo Club 2012”nin məşq zalında baş tutub.
Seminarda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Slovakiya və İsraildən dəvət olunan mütəxəssislər iştirak ediblər. 
Açılış mərasimində “Judo Club 2012”nin texniki direktoru Fariz Mehdiyev, klubun cüdo bölməsi üzrə baş məşqçisi İmran İmanov və digər məşqçilər də iştirak ediblər. 
Təcrübəli mütəxsəssislər aykido idman növü üzrə nəzəri-praktik xüsusiyyətləri izah edib, bir sıra fəndlərin icrasını nümayiş etdirib və iştirakçıların suallarını cavablandırıblar. Klubun geniş zalında toplaşan 100-dən çox müxtəlif yaş qruplarından olan idmançılar aykido üzrə nümayiş olunan fəndləri böyük maraqla izləyiblər.  
Seminar həm yerli məşqçilərin hazırlıq səviyyəsinin artırılması, həm də yeniyetmə və gənclərin döyüş sənətlərinə marağının gücləndirilməsi baxımından əhəmiyyətli olub. Məşq zalında yaranan müsbət enerji və idman ruhu tədbiri yadda qalan edib.
Seminarın əsas təşkilatçısı, Avrasiya Aykido Təşkilatının texniki direktoru Nebi Vural Bakıda keçirilən tədbirdən məmnunluğunu bildirib: “Bu, Bakıya ilk səfərim deyil. Təşkilatımız 1996-cı ildən Azərbaycanda fəaliyyət göstərir və hər il Bakıya gəlirəm. Türkiyədən 40-dan çox iştirakçı bu seminara qatılıb. Təşkilatımız hər bir idmançı üçün açıqdır və bildiklərimizi məmnuniyyətlə paylaşırıq”, - deyə təcrübəli ustad vurğulayıb.
Azərbaycan Avrasiya Aykido və Budo Mərkəzinin prezidenti Nazim Əliyev də seminarın məqsədlərindən danışıb. Onun sözlərinə görə, beynəlxalq seminarın keçirilməsi ölkəmizdə sağlam həyat tərzinin təbliği, gənc nəslin idmana yönləndirilməsi və vətənpərvərlik ruhunun gücləndirilməsinə xidmət edir: “Türkiyə, Slovakiya, Rusiya və İsraildən qatılan ustadların iştirakı tədbirin əhəmiyyətini daha da artırdı. Bu cür beynəlxalq layihələr Bakıda döyüş sənətlərinin inkişafına mühüm töhfə verir”, - deyə o bildirib.
Sonda iştirakçılar Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, “Judo Club 2012” İctimai Birliyinin sədri və klubun təsisçisi, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərova seminarın təşkilində yaradılan şəraitə görə minnətdarlıq ediblər. 
Seminar iştirakçılara sertifikat və təşəkkürnamələrin tədqim edilməsi ilə yekunlaşıb.

“Judo Club 2012”də aykido üzrə beynəlxalq seminar keçirilib “Judo Club 2012”də aykido üzrə beynəlxalq seminar keçirilib “Judo Club 2012”də aykido üzrə beynəlxalq seminar keçirilib