Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldılar

Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldılar

Martın 17-də "Altun saray” restoranında "2014-cü il Novruz bayramı münasibəti ilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin təqdimetmə mərasimi keçirildi. Tədbirdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-Siyasi Məsələlər şöbəsinin müdiri Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Televiziya və Radio şurasının sədri Nuşirəvan Məhərrəmli və digər KİV nümayəndələri iştirak edirdilər.
Novruz Bayramı münasibətilə bu il üçün təşkil edilən fərdi jurnalist yazıları müsabiqəsinə ümumilikdə 96 yazı təqdim olunub. Müsabiqə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında nəzərdə tutulan 10 istiqamət üzrə keçirilib. Fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilmiş yazılar 9 ekspert tərəfindən qiymətləndirilib.
Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə ən yüksək bal toplamış 3 yazı qalib hesab edilib. Bundan əlavə 10 müsabiqə iştirakçısına həvəsləndirici mükafata layiq görülüb.
Qaliblər arasında "Olimpiya dünyası” qəzetinin müxbiri Azər Əlizadə də yer alıb. O, "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə fərdi jurnalist müsabiqəsində mükafata layiq görülüb.
Tədbirdən sonra əməkdaşımız sevinc hisslərini bölüşdü: "96 qələm sahibinin iştirak etdiyi yarışda mükafatçılar sırasına düşdüyüm üçün çox sevinirəm. Bu mənim üçün bayram ərəfəsində ən gözəl hədiyyə oldu”.