Beşinci Azərbaycan çempionatı yekunlaşdı

Beşinci Azərbaycan çempionatı yekunlaşdı



İdman nailiyyətlərimiz müxtəlif növlər üzrə əldə olunub. Bu növlərdən biri də pəhləvani güləş və zorxanadır. Qazanılan uğurlar, göstərilən qayğı yeniyetmə və gənclərin bu idman növlərinə olan marağını artırır. Hazırda təkcə paytaxtda deyil, bölgələrimizdə də pəhləvani güləş inkişaf etdirilir. Yaradılan şərait, istifadəyə verilən müasir səviyyəli idman bazaları güləşçilərimizin beynəlxalq arenalarda uğurlu çıxışlarına zəmin yaradıb.
Ölkəmizdə milli güləşin daha da inkişaf etməsi, populyarlaşması və kütləviləşməsi istiqamətində Azərbaycan Milli İdman Növləri Assosiasiyası tərəfindən mühüm işlər görülür. Görülən bütün işlər qədim ənənəsi olan pəhləvani güləşin və zorxananın inkişafına yönəldilib. Pəhləvanlarımızın beynəlxalq miqyaslı turnirlərdə qazandıqları yüksək nəticələr, bu qədim növlərin inkişafına yönələn diqqət gənclərin bu növə olan marağını daha da artırıb, gənc nəslin zallara axını çoxalıb. Zorxana və pəhləvani güləş üzrə keçirilən yarışlar ölkəmizdə ənənə şəklini alıb. Bu yarışlar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Zorxana və pəhləvani güləş üzrə keçirilən ölkə çempionatlarına bölgələrimizdən kifayət qədər idmançı qatılır.

Belə yarışlardan biri martın 11-13-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) idman zalında təşkil olundu. Zorxana və pəhləvani güləş üzrə keçirilən V Azərbaycan çempionatında əksər bölgələrimizi təmsil edən 12 komanda (180 idmançı) mübarizə apardı. İdmançılar əvvəlcə zorxana yarışlarında güclərini sınadılar. Maraqla qarşılanan zorxana yarışlarının milsəngi və milbazi növlərində Xəyyam Orucov bütün rəqiblərini üstələdi. Kəbbadə və səng növlərində Həsənalı Bayramov Azərbaycan çempionu oldu. Çərxi-tis, çərx-içəməni yarışlarında Orxan Xanlarov birinci yerə layiq görüldü.
Sonra pəhləvani güləş yarışı başladı. 60 kq çəkidə mübarizə aparan Elxan Salamov bütün görüşlərdə qalib gələrək birinci oldu. 70 kq çəki dərəcəsində yarışan Məmmədi Salamov da digərlərindən üstun oldu. O, finalda güclü rəqibi Rəsul Səfərovu məğlub etdi. Maraqla gözlənilən görüşlərdən biri 80 kq çəki dərəcəsində keçirildi. Bu çəkidə DİN İC-in təmsilçisi, ikiqat Avropa çempionu, dünya kubokunun üçqat qalibi Tural Əliyev növbəti dəfə öz çəkisində güclü olduğunu göstərdi. Finalda Orxan Xanlarovu məğlub edən Tural beşinci dəfə Azərbaycan çempionu titulunu qazandı. 90 kq çəkili güləşçilərin mübarizəsində Turalın qardaşı, Sumqayıt təmsilçisi Xəyal Əliyev birinci yerə layiq görüldü. O, final mərhələsində güclü idmançılardan sayılan Vüsal Cavadovdan üstün oldu. +90 kq çəki dərəcəsində Tamerlan Əsgərov fəxri kürsünün birinci pilləsinə qalxdı. Abbas Atakişiyev isə ağır çəkli güləşçilərin yarışında ölkə çempionu titulunu əldə etdi.
V Azərbaycan çempionatı başa çatdıqdan sonra Azərbaycan Milli İdman Növləri Assosiasiyasının baş katibi, Tural Əliyevin şəxsi məşqçisi Seyid Hadi Ərəbi turnirlə bağlı təəssüratlarını bizimlə bölüşdü: "Azərbaycan dövləti fiziki və mənəvi cəhətdən sağlam gənclərin yetişdirilməsini ən vacib məsələsindən biri hesab edir və bu məsələnin həyata keçirilməsi üçün lazımi işlər görülür. Göstərilən dövlət qayğısı bütün idman növlərinə, o cümlədən zorxana və milli güləşin həm texniki-təlim, həm də elmi-metodiki bazasının daha da gücləndirilməsinə geniş imkan yaradıb. Ölkəmizdə milli güləşə və zorxanaya maraq çox böyükdür. Məhz buna görədir ki, respublikamızın bölgələrində milli güləşin kütləviliyinin təmin edilməsi, maddi-texniki bazanın yaradılması üçün müvafiq tədbirlər həyata keçirilir. Milli güləşçilərimiz və zorxana ustalarımız beynəlxalq arenalarda keçirilən yarışlarda inamla mübarizə apararaq böyük nailiyyətlər əldə edirlər. Bölgələrdə müxtəlif yaş qruplarında məşğul olan güləşçilərimizin sayı artmaqdadır. Məhz buna görədir ki, ötən illər ərzində beynəlxalq arenalarda və ölkədaxili turnirlərdə nailiyyət əldə edən bölgə idmançılarının sayı əvvəlkilərə nisbətən xeyli çoxalıb. V Azərbaycan çempionatı çox yüksək səviyyədə təşkil olunmuşdu. Bu yarışda çıxış edənlərin bir çoxu təcrübəli güləşçilər idi. Onların arasında Avropa, dünya çempionları, Dünya kubokunun qalibləri yer almışdı. Lakin məni ən çox sevindirən gənc güləşçilərimizin çıxışları oldu. Onlar çox inamla mübarizə apararaq titullu idmançıları məğlub etdilər. Çempionatda müxtəlif çəki dərəcələrində 180 idmançı mübarizə apardı. Bölgə təmsilçilərimizin çıxışlarını qənaətbəxş hesab edirəm. Məni ən çox sevindirən cəhətlərdən biri də medianın bizim yarışlara maraq göstərməsi, keçirdiyimiz turnirlərin işıqlandırılmasıdır. Bu, milli güləşin və zorxananın təbliğatı deməkdir. Qarşıda bizi məsuliyyətli bir yarış gözləyir. Aprel ayının əvvəllərində İranda beynəlxalq turnir keçiriləcək. Komandamız bu yarışa ciddi hazırlaşır. 5 çəki dərəcəsi üzrə təşkil olunacaq beynəlxalq turnirdə 11 idmançımızın çıxış etməsi nəzərdə tutulur. Əminəm ki, bu turnirdən təmsilçilərimiz ən yüksək nəticələrlə dönəcəklər”.
Hürrü Abdullayev