“Şahin” hərbi-idman oyununda 15 komanda yarışıb

“Şahin” hərbi-idman oyununda 15 komanda yarışıb

Qax şəhər stadionunda "Şahin” hərbi-idman oyununun rayon mərhələsinin yarışları keçirilib. Birincilikdə rayonun ümumtəhsil məktəblərini təmsil edən 15 komanda mübarizə aparıb. Komandalar sıra hazırlığı, silahın sökülüb-yığılması, maneənin dəf olunması, sanitarların hazırlığı və digər yarışlarda qüvvələrini sınayıblar.
Şəhər 4 saylı tam orta məktəbin komandası yarışların qalibi olmaqla yanaşı, zona yarışlarına vəsiqə qazanıb. Tasmalı kənd və şəhər 2 saylı tam orta məktəblərin komandaları isə müvafiq olaraq ikinci, üçüncü yerləri tutublar. Qalib komandalar rayon gənclər və idman idarəsinin diplomları ilə mükafatlandırılıblar.
Məlumat üçün qeyd edək ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, təhsil və müdafiə nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə ənənəvi olaraq hər il keçirilən bu yarışlar yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasına kömək göstərmək, gəncləri hərbi xidmətə hazırlamaq məqsədi daşıyır.