Azərbaycan güləşçiləri Bolqarıstandan 20 medalla qayıtdılar

Azərbaycan güləşçiləri Bolqarıstandan 20 medalla qayıtdılar



Bolqarıstanın Plovdiv şəhərində Petko Sirakov və İvan İliyevin xatirəsinə həsr olunmuş güləş üzrə XVII Beynəlxalq turnir başa çatıb.
Turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclərdən ibarət yığma komandalarımız da iştirak ediblər. Turnirin sonuncu – üçüncü günündə güləşçilərimiz 1 qızıl, 1 gümüş və 6 bürünc medala sahib olublar. Gənc qızların yarışında Elmira Qəmbərova (63 kq) bürünc medal qazanıb.
Yunan-Roma güləşi yarışlarında Murad Məmmədov (55 kq) bütün rəqiblərini üstələyərək qızıl medal əldə edib. Orxan Nuriyev (96 kq) yalnız finalda görüşündə uduzub və gümüş medalla kifayətlənib. İslam Abbasov (84 kq) və Türmən Eyyubov isə bürünc medala sahib olublar.
Sərbəst güləşçilərimiz -Arif Hüseynov (50 kq), Cahid Həsənzadə və Vurğun Əliyev (hər ikisi 60 kq) isə turnirin son günündə 3 bürünc medal qazanıblar.
Beləliklə, güləşçilərimiz üç gün davam edən turniri 6 qızıl, 4 gümüş və 10 bürünc medalla başa vurublar. Onlardan 3 qızıl, 1 gümüş və 1 bürünc medal gənc qızların, 2 qızıl, 2 gümüş və 4 bürünc medal isə yunan-Roma güləşçilərinin payına düşür. Sərbəst güləşçilər isə 1 qızıl, 1 gümüş və 5 bürünc medal qazanıblar.