Dekabrın 5-də cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatına start verilib.
Olimpnews.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən çempionatın ilk günündə qadınlar və kişilər arasında 7 çəki dərəcəsində 107 cüdoçu tatami üzərinə çıxıb. Qadınlarda -63 kq, -70 kq, -78 kq və +78 kq, kişilərdə isə -60 kq, -66 kq və -73 kq kateqoriyalarında mükafatçılar müəyyənləşib. İlk yarış gününün nəticələrinə əsasən Nilgün Rzayeva (63 kq), Südabə Ağayeva (70 kq), Günel Həsənli (78 kq), Mədinə Kaisinova (+78 kq), Balabəy Ağayev (60 kq), Nazir Talıbov (66 kq) və Kamran Süleymanov (73 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medallara layiq görülüb. Hazırda "Judo Club 2012" klubu 1 qızıl, 3 gümüş medalla ümumi medal sıralamasına başçılıq edir. Balaxanı İdman Mərkəzi 1 qızıl, 1 gümüş medalla ikinci, "Neftçi" İdman Klubu isə 1 qızıl, 5 bürünc medalla isə üçüncüdür.
Qeyd edək ki, ilin son yarışında 50 klub və idman cəmiyyətindən 206 cüdoçu (154 kişi, 52 qadın) ümumilikdə 14 çəki dərəcəsində mübarizə aparır.


