Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin “Qərbi Azərbaycanın idman tarixi” adlı monoqrafiyası işıq üzü görüb.
Olimpnews.az xəbər verir ki, nəşrdə tariximizin ayrılmaz və ağrılı səhifələrindən biri olan Qərbi Azərbaycanın idman salnaməsi elmi-publisistik müstəvidə ilk dəfə bu qədər geniş şəkildə tədqiq olunub. Monoqrafiyada Qərbi Azərbaycanın idman tarixində silinməz iz qoymuş, fəaliyyəti bu gün də xalqın yaddaşında yaşayan idman xadimləri və idmançıların zəngin irsi araşdırılır, onların idmanımızın şanlı səhifələrinin formalaşmasındakı rolu faktlar əsasında təqdim olunur.
Müəllif nəşrdə keçmiş irsə hörmətlə yanaşmağı, Qərbi Azərbaycandan olan idmançıların həyat və fəaliyyətini gənc nəslə tanıtmağın vacibliyini önə çəkir, sələflərin həyat təcrübəsinin yeni nəslin tərbiyəsində mühüm rol oynadığını vurğulayır.
Monoqrafiyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı fikirləri, sərəncam və fərmanları, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qərbi Azərbaycan məsələsinə dair mövqeyi, ziyalılarla görüşlərindən fraqmentlər, bədən tərbiyəsi və idmana göstərilən diqqət və qayğı geniş şəkildə əksini tapıb. Eyni zamanda, Qərbi Azərbaycandan olan idmançıların Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda qazandıqları nailiyyətlər konkret faktlarla işıqlandırılıb.
200 kompüter mətni səhifəsindən ibarət monoqrafiya giriş, 8 fəsil və 37 yarımfəsli əhatə edir. Nəşrdə rus və ingilis dillərində xülasələr, eləcə də 206 mənbədən ibarət zəngin ədəbiyyat siyahısı yer alıb.
Nəşrin əsas məqsədi müstəqil Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş idmançıların xatirəsini ehtiramla yad etmək, bu tarixi həqiqətləri yetişən nəslə çatdırmaq, Qərbi Azərbaycanın məşhur idmançılarının fəaliyyətini təhlil etmək və regionda Olimpiya və qeyri-Olimpiya idman növlərinin inkişafına töhfə verməkdir.
Qeyd edək ki, monoqrafiya Azərbaycan İdman Akademiyasının Elmi Şurasının 14 iyul 2023-cü il tarixli iclasında (protokol №13) müzakirə edilərək bəyənilib və nəşri məqsədəuyğun sayılıb.


