Azərbaycan çempionatında ən güclü bədii gimnast bəlli olacaq

Azərbaycan çempionatında ən güclü bədii gimnast bəlli olacaq



Aprelin 19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə XXI Azərbaycan çempionatı keçiriləcək. Yarışlarda 26 gimnast - senyorkalar və 1999-2001-ci il təvəllüdlü idmançılar iştirak edəcəklər. Gimnastlar mütləq çoxnövçülükdə, eləcə də ayrı-ayrı növlərdə medallar uğrunda mübarizə aparacaqlar.
Azərbaycan çempionu Marina Durunda bu yarışda öz titulunu qorumaq və ikinci dəfə qızıl medal qazanmaq niyyətindədir. Lalə Yusifova, Gülsüm Şəfizadə və Nilufər Niftəliyeva birinci yer uğrunda mübarizədə onun əsas rəqibləri sayılırlar. Çempionatda Respublika Kompleks İdman Məktəbi və "Baku Fleyms” klubunun gimnastları ilə bərabər, "”Neftçi” və "Spartak” cəmiyyətlərinin, Bakı Gimnastika Məktəbinin, Şaqan Olimpiya İdmanı Mərkəzinin və "Ocaq” idman klubunun nümayəndələri iştirak edəcəklər. Turnirin Milli Gimnastika Arenasında təşkil edilməsi marağı daha da artırır, çünki çempionat iyunun 13-15-də Bakıda keçiriləcək Avropa çempionatı ərəfəsində bir növ test-turnir olacaq.
Milli çempionat ölkənin ən yaxşı gimnastlarının ifasında rəngarəng nümunəvi nömrələrdən ibarət qala-konsertlə başa çatacaq.