Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin idman xronikası

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin idman xronikası

Kempo
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Şağan Olimpiya İdman Kompleksində təşkil olunan kempo üzrə açıq paytaxt birinciliyinə yekun vurulub. Birincilikdə Sumqayıt, Gəncə, Şirvan şəhərlərinin idmançıları ilə yanaşı Bakı şəhərinin Toğrul İK, Cəngavər İK, Maştağa İK, Qizil Əlcək İK və bir çox klubları təmsil edən 200-dən çox idmançı mübarizə aparıb. Yarışlar gərgin və maraqlı mübarizə şəraitində keçib.
Qeyd edək ki, aprel ayında kempo üzrə respublika birinciliyi olacaq.





Sambo
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində 2000-2001-ci il təvəllüdlülər arasında sambo üzrə Bakı şəhər birinciliyi keçirilib. Birincilikdə 127 nəfər idmançı 11 çəki dərəcə üzrə mübarizə aparıb.
I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Futzal
Qaradağ Təlim-İdman Bazasının və ADNA-nın futbol meydançasında 1999-2000-ci illər təvəllüdlülər arasında futzal üzrə turnir keçirilib. Yarışda 11 komanda iştirak edib. Yarimfinala çıxan "Qaradağ -I” və Sabunçu komandaları arasında keçirilən oyunda 3:1 hesabı ilə "Qaradağ-I” rayon komandası, "İnam-II” və "Biləcəri-I” komandaları arasında keçirilən oyunda isə 2:0 hesabı ilə "İnam-II” komandası qalib gəlib. Final oyununa vəsiqə qazanmış "Qaradağ-I” və "İnam-II” komandaları arasında keçirilən gərgin oyundan 4:1 hesabı ilə "Qaradağ-I” komandası qalib ayrılıb. III-IV yerlər uğrunda mübarizə aparan Sabunçu və "Biləcəri-I” komandaları arasında keçirilən oyunda "Biləcəri-I” komandası qalib gəlib (0:1). Yarışda I, II və III yerləri tutmuş komandaların üzvlərinə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kubok, xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlar təqdim edilib.

Şahmat
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində 2002-2003-cü il təvəllüdlü (12 yaşadək) oğlanlar arasında keçirilən şahmat üzrə Bakı şəhər birinciliyi başa çatıb. Yarışda müxtəlif klub, idman cəmiyyətləri və UGİM-ləri təmsil edən 67 nəfər idmançı iştirak edib. Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə keçirilən yarışlar İsveçrə sistemi üzrə 9 turdan ibarət olub. Yekun nəticələrə əsasən I yeri 8 xalla Emin Kazımov (1 N-li İOEUGŞDİM), II yeri 7 xalla Rzazadə Kamran (1 N-li İOEUGŞDİM), III yeri 7 xalla Kənan Qarayev (2 N-li UGŞİM) tutmuşlar. 6,5 xalla IV yeri tutmuş Murad Əhmədov (T.İsmayılov adına UGYS) və 6,5 xalla V yeri tutmuş Teymuraz Axundov (1 N-li İOEUGŞDİM) da bu ilin iyun ayında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanıblar. Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə əlaqələndiricisi Salman Əbdülov qalibləri təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.
Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.