İyunun 13-15-də Bakıda bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcək. 33 ölkə həmin çempionatda iştirak etmək barədə qəti qərarını bildirib. Avropa Gimnastika İttifaqının (UEG) Lozannadakı katibliyindən bildirilib ki, yarışda Andorra, Avstriya, Belçika, Belarus, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, İspaniya, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İsrail, İtaliya, Latviya, Litva, Moldova, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Sloveniya, Serbiya, İsveçrə, Slovakiya, Türkiyə, Ukrayna yığmaları iştirak etmək arzusundadırlar.
Qeyd edək ki, 32 ölkəni təmsil edən gimnastlar yuniorlar arasında fərdi turnirdə iştirak edəcəklər. "Köhnə dünya”nın 21 komandası yaşlı gimnastların qrup komandalarının yarışında özünü sınayacaq. Qrup halında icra edilən hərəkətlərdə hər bir ölkə dörd əsas və bir ehtiyat gənc idmançı, həmçinin yaşlılardan ibarət bir komanda ilə təmsil oluna bilər.
Olimpiya çoxnövçülüyü üzrə qitə çempionu adı uğrunda mübarizədə 2013-cü ildə Vyanada keçirilən Avropa birinciliyinin yekunlarına əsasən 20 ən yaxşı gimnast iştirak edəcək. Xatırladaq ki, Bakıda keçiriləcək çempionatda 9 mükafat dəsti uğrunda 258 gimnast mübarizə aparacaq.
Avro-2014 çempionatının yarış cədvəlinə, əsasən, çempionatın ilk günündə (iyunun 13-də) halqa və top ilə çıxış edən yuniorların seçmə yarışları, təntənəli açılış mərasimi keçiriləcək və qrup komandaları arasında ikinövçülükdə Avropa çempionu müəyyən ediləcək.
Çempionatın ikinci günündə (iyunun 14-də) gürz və lent ilə çıxış edən yuniorlar arasında komanda hesabında Avopa çempionu müəyyən ediləcək, yaşlı gimnastlar arasında çoxnövçülüyün final mərhələsi keçiriləcək.
Yarışların son günü (iyunun 15-i) Azərbaycanda Milli Dirçəliş Günüdür. Həmin gün yuniorlar və qrup komandaları arasında yarışların ayrı-ayrı növləri üzrə final mərhələləri, çempionatın bağlanış mərasimi və Avropa gimnastika ulduzlarının iştirakı ilə qala-konsert planlaşdırılır.
Aprelin 3-dən 6-dək UEG-in bədii gimnastika üzrə Texniki Komitəsinin üzvləri Bakıda olacaqlar. Onlar Texniki Komitənin prezidenti Hayde Bruneder (Avstriya) ilə birlikdə çempionatın püşkatma mərasimini keçirəcək, Təşkilat Komitəsinin üzvləri ilə görüşəcək, saytın və promo-çarxın təqdimatında, həmçinin turnirin keçirilməsi ilə bağlı bir sıra texniki məsələlərin müzakirəsində iştirak edəcəklər.
Xatırladaq ki, Avropa çempionatı Bakı metropoliteninin "Koroğlu” stansiyasının yaxınlığında yerləşən Milli Gimnastika Arenasında keçiriləcək. Bu müasir tikili Bakının əlamətdar yeni idman qurğuları sırasına daxildir.
İştirakçı ölkələrin nümayəndə heyətləri yarışların keçiriləcəyi yerin yaxınlığında - 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunları üçün tikilən Atletlər kəndində yerləşdiriləcəklər.